SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zəhərlənmə “Tonqal” restoranı ilə QTA-nı üz-üzə qoydu

Zəhərlənmə “Tonqal” restoranı ilə QTA-nı üz-üzə qoydu

Tarix:

17-08-2018, 10:18

/ 2 573 dəfə oxundu.
Zəhərlənmə “Tonqal” restoranı ilə QTA-nı üz-üzə qoydu

Restoran rəsmisi: "Biz də xəbər gözləyirik..."

Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş vermiş kütləvi zəhərlənmə Qida Təhlükəsizliyi Agentliyi ilə restoran rəhbərliyini üz-üzə qoyub. Məlum hadisə avqustun 11-də qeydə alınıb. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Həmin açıqlamaya görə, 11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanıb. İlkin məlumata əsasən, axşam saat 20:00 radələrində "Tonqal" restoranında 2 ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla, 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə, hadisənin baş verdiyi "Tonqal" restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

"Yeni Müsavat"ın əməkdaşı məsələ ilə bağlı "Tonqal" restoranı ilə əlaqə saxlayıb. Restoran rəsmisi Fərhad Əsədullazadə deyib ki, zəhərlənmənin nədən baş verməsi haqda onlara məlumat verilməyib: "Bildiyim qədər restorandakı qidalardan götürülən analizlərin cavabı hazır deyil. Qida Təhülkəsizliyi Agentliyindən bizə deyiblər ki, analizlərin cavabı 1-2 günə hazır olacaq. Biz də xəbər gözləyirik. Bizdə 4 gündür ki, sanitar günlərdir, bütün profilaktik işlər görülür".

Fərhad Əsədullazadə deyib ki, hazırda cavabı gözləyirlər deyə özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər: "Həmin gün restoranda çoxlu müştəri olub. Sadəcə, 2 stolda əyləşənlərdə problem yarandığı deyilir. Restoranda, ümumiyyətlə, köhnə nəsə olmur. Biz də araşdırırıq, ən çox bizə maraqlıdır ki, bu nə məsələdir".

Restoran rəsmisi QTA-nın zəhərlənmənin ətlə əlaqəli olması haqda açıqlaması ilə tanış olmadığını bildirdi: "Biz agentliyin mütəxəssislərinə istifadə etdiyimiz ətləri hansı ünvandan aldığımızı bildirmişik. Həmişə ət aldığımız məkandır. QTA mütəxəssisləri orada da yoxlamalar aparıblar. Həmin qəssabxana Binəqədidə yerləşir".

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılan, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

Şərhlər

XƏBƏR LENTİ