XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Qida təhlükəsizliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər - İDDİA

Qida təhlükəsizliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər - İDDİA

Qida təhlükəsizliyi sahibkarlar üçün təhlükəyə çevrilə bilər - İDDİA
3-07-2018, 10:09

İyulun 1-dən etibarən Azərbaycanda qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləməni, gigiyenik sertifikatlaşdırma işinin aparılması, o cümlədən xarici ölkələrə ixrac edilən qida məhsullarına keyfiyyət sertifikatının verilməsi, habelə qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsi sahəsində və “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətini Qida Təhlükəsizliyi Agentliyi (QTA) həyata keçirməyə başlayıb.
Göründüyü kimi, yeni yaradılan quruma çox geniş səlahiyyətlər verilir. Bu, bir tərəfdən müsbət qiymətləndiriləcək bir addımdır. Belə ki, QTA yaradılanadək Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı nəzarəti 7-8 dövlət qurumu birgə həyata keçirirdi. Belə dağınıqlıq bu sahədə ciddi və keyfiyyətli işin ortaya qoyulmasına imkan vermirdi. Bu baxımdan, nəzarətin vahid bir qurumda cəmləşməsi işin müsbət tərəfidir. Lakin bir qurumun həm idxal-ixrac, həm istehsal, həm satış bazarında qida təhlükəsizliyinə effektiv nəzarəti təmin edə biləcəyi xeyli şübhələr doğurur. Digər tərəfdən, bir çox mənbələr hesab edirlər ki, QTA-nın tələb etdiyi yenidən qeydiyyat proseduru sahibkarlar üçün əlavə vaxt itkisinə gətirib çıxaracaq.
Xatırladaq ki, agentlik iyulun 1-dən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatının və dövlət reyestrinin aparılmasına start verib. “Yeni Müsavat”ın məlumatına görə, sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılması prosesi ilkin olaraq üç mərhələni əhatə edəcək. Belə ki, birinci mərhələdə (iyul-avqust ayları) qida məhsulları sahəsində fəaliyyət göstərən istehsal və təsərrüfat müəssisələrinin, ikinci mərhələdə (sentyabr-oktyabr ayları) qida məhsullarının istehlakçılara çatdırılmasında iştirak edən ticarət müəssisələri və satış mərkəzlərinin, üçüncü mərhələdə isə (noyabr-dekabr ayları) qida zəncirində xidmət sahəsini əhatə edən ictimai iaşə obyektlərinin qeydiyyatının aparılması nəzərdə tutulub. Eyni zamanda bütün mərhələlərdə digər sahələr üzrə müraciət edən sahibkarlıq subyektlərinin də qeydiyyatının və dövlət reyestrinin aparılması həyata keçiriləcək.
Sahibkarlıq subyektlərinin qida təhlükəsizliyi üzrə qeydiyyatı “ASAN xidmət” mərkəzlərində və agentliyə ünvanlanmış müraciətlər əsasında həyata keçiriləcək.

İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, bir dövlət qurumunun qida zəncirinin bütün həlqələrində qida təhlükəsizliyini təmin etməsi mümkünsüzdür: “Təkcə Bakı şəhərində 26 minədək satış nöqtəsi var. Onlarda həmçinin ictimai iaşə müəssisələri və digər yerlərdə prosesi nəzarətdə saxlamaq mümkün deyil. Hətta korrupsiya amili olmasa belə, bu proses sahibkarlar üçün əlavə vaxt itkisinə səbəb olacaq. Dünyada bu məsələyə nəzarəti istehlakçıların özünə veriblər. Yəni hamıdan çox sadə alıcı - vətəndaş maraqlıdır ki, təhlükəsiz, sağlam qida alsın. Burada müxtəlif yollarla vətəndaşları maarifləndirmək lazımdır ki, özləri nəzarət etsinlər. Bir problem aşkar etdikdə məhkəməyə müraciət etsinlər. ABŞ-da bununla bağlı oturuşmuş bir sistem var. Minlərlə hüquqşünas yalnız bu sahədə çalışır, müraciət edən vətəndaşların hüquqlarını müdafiə edirlər. Qanunvericilik, məhkəmə sistemi elə qurulub ki, vətəndaşın müraciəti əsasında böyük-böyük şirkətlər yüz milyonlarla dollar cərimələnə bilir. Bəzən vaxtı keçmiş 1 fincan qəhvəyə görə bir şirkət 2 milyon dollara yaxın kompensasiya ödəyəsi olur. Bu, həm vətəndaşda maraq, hətta maddi stimul yaradır ki, aldığı qidaların keyfiyyət parametrlərinə məsuliyyətlə yanaşsınlar, həm də şirkətləri vadar edir ki, keyfiyyətsiz malı satmasınlar, yaxud istehsal, idxal etməsinlər. Azərbaycanda da gec-tez bu sistem oturuşmalıdır. Effektiv vətəndaş nəzarəti olmasa, Azərbaycanda həyata keçirilən proseslər sahibkarlara, iş adamlarına əlavə problemlərin yaradılmasından uzağa gedə bilməyəcək. Nə qədər geniş səlahiyyət verilsə belə, bu, bir qurumun bacaracağı bir iş deyil. Mən qeydiyyat üçün tələb olunan sənədlərin siyahısına da baxmışam, sahibkarlar üçün əlavə resurs və vaxt itkisidir”.
Maraqlı bir məqamı da qeyd edək ki, QTA-nın ilk diqqət ayırdığı məsələ - ət kəsiminin vahid mərkəzlərdə icra olunması da cəmiyyətdə birmənalı qarşılanmır. Bir çoxları hesab edirlər ki, QTA-nın bu istiqamətə xüsusi diqqət yetirməsinin arxasında kifayət qədər gəlirli bir sahə olan ət kəsimi və dağıtımını nəzarətə götürmək məqsədi dayanır.
“Yeni Müsavat”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.