XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Sabiq deputatın klinikası ilə Xoşqədəm əlilin başına oyun açıb - İttihamlar

Sabiq deputatın klinikası ilə Xoşqədəm əlilin başına oyun açıb - İttihamlar

Sabiq deputatın klinikası ilə Xoşqədəm əlilin başına oyun açıb - İttihamlar
30-05-2018, 10:53

“Oksigen” klinikası və Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni Axtarıram” verilişi vətəndaşları aldatmaqda ittiham olunur

“Xəzər” TV efirində yayımlanan proqrama təşrif buyuran görmə qabiliyyəti zəifləmiş və əməliyyata ehtiyacı olan ahıl kişinin başına oyun açıblar.

Keçmiş deputat, “Odlar Yurdu” universitetinin rəhbəri Əhməd Vəliyevə məxsus olduğu deyilən klinika ilə sözügedən veriliş yaşlı adamı aldadıblar.

Bu haqda Rüstəm Rüstəmzadə adlı feysbuk istifadəçisi yazıb. Onun sözlərinə görə, 88 yaşlı bir kişi Xoşqədəmin klinikanın göz həkimi Cahid doktoru tərifləməsindən sonra böyük ümidlə, pulsuz əməliyyat olunmaq üçün efirə gedir.

“ Ona deyirlər ki, gərək ən azı 5 dəfə bizim verilişimizin iştirakçısı olmalısan, onda səni Cahid həkimin yanına pulsuz əməliyyata göndərək.

Gözləri görməyən kişini hər gün çox çətinliklə Xoşqədəmin verilişinə gətirirlər. 5 verilişdən sonra kişiyə Cahid həkimin üstünə, Oksigen klinikasına göndəriş (napravleniye) verirlər.

Kişi sevinə-sevinə pulsuz əməliyyata gedir. Cahid həkimin köməkçiləri isə Xoşqədəmin göndərişinə baxıb deyirlər ki, ay dayı, bu Xoşqədəm səhiyyə naziridir, yoxsa səhiyyə şöbəsi?

O kimdir ki, bizim üstümüzə “napravleniye” yazır? Bizdən bir ətək pul alıb reklam edir, pulunu ver, əməliyyatını etdir”,-deyə Rüstəmzadə qeyd edib.

Bundan sonra kişi özü üçün yığdığı kəfən pulunu Cahid həkimə verir. O, 2750 manat ödəniş edir, əlavə 40 manat müayinə, 50 manat da analizə verir.

Bu fakt təsdiqlənərsə, doğurdan da ayıbdır, insanları bu dərəcədə aldatmaq və ələ salmaq olmaz. Bundan əvvəl də, həmin verilişdən kadrlar yayılmışdı.

Xoşqədəm Hidayətqızı süni atmosfer yaratmışdı, guya xəstənin halı pisləşib, ona “2 kub” iynə vurun söyləmişdi.

Bir neçə gün əvvəl isə dərman mafiyası ilə işləyən həkimlər saxlanarkən onların arasında biri də Zaur Baxşəliyevin verilişinə gələn genekoloq idi.

Bu verilişlər və klinikalar əlbir olaraq bir şəbəkə qurublar, insanların hisslərini istismar edərək pul qazanırlar, fırıldaqçılıqla, dələduzluqla məşğul olurlar.

Ümidsiz, çarəsiz, yoxsul vətəndaşları aldatmaq, soymaq, onlardan istifadə edərək efirdə şou yaratmaq, reytinq qazanmaq heç bir əndazəyə sığışmır.

FİA.Az xəbər verir ki, klinikaya rektorun kiçik oğlu Munir Vəliyev rəhbərlik edir.

2016-cı ildə Biləsuvar sakini, 1984-cü il təvəllüdlü Həsənov Ramil Qabil oğlunun sözlərinə görə, oktyabrın 26-da saat 16:58-də Təbriz küçəsində yerləşən klinikada əməliyyat stolunda onun iki yaşlı qardaşı oğlu Həsənli Məhəmməd Amil oğlu ölüb.

Oğlanın doğmaları uşağın həkimlərin məsuliyyətsizliyi ucbatından öldüyünü bildirmişdilər.

Hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikası məhz Əhməd Vəliyevə məxsusdur.

Onu da qeyd edək ki, millət vəkilinin rəhbərlik etdiyi biznes obyektlərinin hər birinə onun yaxın adamları nəzarət edir.

Müxtəlif vaxtlarda adıçəkilən tibb müəssisəsinin az qala bütün şöbələrində bir sıra xoşagəlməz halların yaşandığını iddia edən məlumatlı şəxsin sözlərinə görə, təxminən, iki il öncə millət vəkili Əhməd Vəliyevə məxsus olan “Oksigen” klinikasının ginekologiya şöbəsində cərrahiyyə əməliyyatı zamanı ölüm hadisəsi baş verib:

“Belə ki, Binəqədi rayonunda yaşayan 23 yaşlı Günel Vüqar qızı Səfərli “Oksigen” klinikasında ginekologiya şöbəsində cərrahi əməliyyat olunub. Əməliyyatdan sonra xəstə komaya düşüb.

Bir aydan artıq komada olan Günel Səfərli həmin klinikadan çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına, oradan isə Mərkəzi Klinik Xəstəxansına aparılıb və orada dünyasını dəyişib.

Hələ o zaman qeyd olunurdu ki, Günel Səfərlinin ölümünə səbəb olan şəxs həmin vaxt “Oksigen” klinikasının ginekologiya şöbəsinin müdiri vəzifəsində çalışan İlahə Quliyevadır.

Media üzərindən xatırladır ki, Günel Səfərlinin ölümündən sonra da “Oksigen”də buna bənzər hadisələrin baş verdiyini deyən məlumatlı şəxs 2012-ci ilin may ayında 25 yaşlı Ləman Əzizli və onun dünyaya gətirdiyi körpənin həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.

Həmin vaxt Bakı şəhər sakini Ləman Əzizli və onun dünyaya gətirə bilmədiyi övladı əməliyyat stolunda canını tapşırıb.

Ləman Əzizli “AzərTurkMed” klinikasında doğuşaqədərki 9 ay müddətində həkim Ərsadiq Turanın nəzarətində olub.

Lakin doğuş vaxtı yetişəndə Ərsadiq Turan “AzərTurkMed” klinikasında doğuş aparmaq üçün lisenziyanın olmamasını səbəb göstərərək “Oksigen” kilikasını təklif edib.

Doğuş günü həkimlər təbii doğuşun mümkün olmamasını bildiriblər və qeysəriyyə əməliyyatı etmək istəyiblər. Bu barədə Ləman Əzizlinin atasına məlumat verib icazə alıblar.

Beləliklə, əməliyyatda Günel Səfərlinin ölümünə səbəb olan şəxs kimi adı hallandırılan İlahə Quliyeva, Arzu Məmmədova, Ərsadiq Turan və anestezioloq Tərlan Zeynalov iştirak ediblər.

Lakin razılıq alıb əməliyata girəndən bir qədər sonra həkimlər uşağı itirdiklərini, Ləman Əzizlinin həyatını qoruya bildiklərini və reanimasiyada olduğunu deyiblər.

Lakin Ləman Əzizlinin ailə üzvləri zorla reanimasiya şöbəsinə girəndə gördüklərindən şok olublar. Valideynləri qızın süni nəfəs aparatına qoşulduğunu görüblər.

Həkimlər ailə üzvlərini qızın sağ-salamat olmasına inandırsalar da, sonradan məlum olub ki, Ləman Əzizli elə cərrahiyyə stolunda keçinib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.