XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar

Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar

Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
23-05-2018, 09:32

Mayın ortalarında təmiri başa çatan Hökməli - Qobu yolunun üzərinə nişanlanma xətlərinin çəkilməsi Bakının Güzdək kəndinin sakinlərinin qəsəbəyə gedən yolun nə vaxtsa düzələcəyinə ümidini sıfra endirdi.

Metronun “20 yanvar” stansiyası ilə Güzdək arasında taksi sürücülüyü edən Aydın təmirin bitdiyi yerə çatanda şikayətini gizlətmir: “Bizə aydın oldu ki, hər gün şəhərə gedib-gəldiyimiz Hökməli yolunun təmiri ilə bağlı verilən vədlərə yenə də əməl olunmadı. Halbuki iki il qabaq rəsmi səviyyədə verilən məlumatda bildirilirdi ki, təmir işləri Hökməli - Qobu - Güzdək yolunu əhatə edəcək. Hətta deyilmişdi ki, təmir olunacaq yolun 2 kilometri Hökməlinin, 3 kilometri Qobunun və 6 kilometri Güzdəyin ərazisinə düşəcək. Bax indi özünüz görürsünüz, Hökməli və Qobunun payına düşən 5 kilometri təmir eləyiblər, Güzdəyin payına düşən 6 kilometr isə bu gündə qalıb. Vallah, Prezidenti aldadırlar. Prezident 11 kilometr üçün pul ayırır, bunlar 5 kilometrini çəkir, gözdən pərdə asırlar, qalan 6 kilometrin pulunu yeyirlər. Az pul yemirlər, hər kilometrə milyonlarla manat ayrılır”.
Təmir, demək olar ki, Atyalı palçıq vulkanının yerləşdiyi təpənin altında, Qobu qəsəbəsinin içərisinə dönən yerdə bitir. Amma təmirçilər yolun Güzdəyə qədər olan hissəsinin də təmir olduğunu imtisasiya etmək üçün Güzdək yolunun da 50-60 metrini təmir edərək nişanlayıblar, sonra kələ-kötürlü fələkət yolları başlayır. Sadəcə, təmir bitən yerdən sonra yol maili şəkildə aşağı endiyindən təmirin davam etmədiyi aydın olmur. Yolun Güzdəyə qədər olan hissəsində elə yerlər var ki, yüngül minik maşınları keçə bilmir və yolun kənarı ilə qruntun üzərində hərəkət etməyə məcbur olur. Kənd camaatının ən çox istifadə etdiyi “20 yanvar” avtobusları da bu yoldan keçir və bir az təcrübəsiz sürücü hər an qəzaya səbəb ola bilər. Yəni hər gün yüzlərlə Güzdək sakini həyati təhlükə ilə üzləşməli olur.
Halbuki, iki il qabaq “Azəravtoyol” ASC tərəfindən “AzərTac”a verilmiş məlumatda bildirilib ki, yolun 1,5 kilometrlik hissəsində əsaslı şəkildə, 9,5 kilometrlik hissəsində orta şəkildə təmir işləri aparılacaq: “Təmir zamanı yolun qabarmış və dağılmış asfalt-beton örtüyü qaşınaraq, ərazidən daşınır. Bunun əvəzinə yolun hərəkət hissəsinə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq”.
İndi göründüyü kimi “Azəravtoyol” ASC-nin varisi olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin təmir işlərinin başa çatdığını elan etməyə hazırlaşır, amma yolun 6 kilometrlik Qobu-Güzdək hissəsində bir manatlıq belə bir iş görülməyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin başçısı Anar Nəcəfli yaranmış vəziyyətə məntiqli bir cavab verə bilmir. Bununla bağlı suala cavab olaraq o, əvvəlcə, iddia etməyə çalışdı ki, Hökməli - Qobu - Güzdək ifadəsi yolun adı ilə bağlıdır və söhbət Hökməli-Qobu yolunun təmirindən gedir: “Orda qeyd edilib ki, 1,5 kilometr yol əsaslı təmir olunmalıdır, siz onu da görmüsünüz”. Lakin o, unutdu ki, “Azəravtoyol” ASC-nin iki il qabaq yaydığı məlumatda 9,5 kilomterlik yolda orta təmir işlərinin görüləcəyi, qabarmış və dağılmış yerlərə yeni asfalt-beton örtüyünün döşənəcəyindən bəhs edilir. Fakt budur ki, 6 kilometrlik Qobu-Güzdək yolunda bu işlər görülməyib. Bəs həmin yol hissəsinin orta təmiri üçün ayrılmış vəsaitlər hara gedib? Anar Nəcəfli bununla bağlı heç bir suala cavab verə bilməyəcəyini, ümumiyətlə yola nə qədər vəsait xərcləndiyi barədə onda məlumat olmadığını bildirdi.
İqtisadçı ekspert Hafiz Babalı isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi rəsmisinin bu cür yanaşmasını doğru saymır. Onun sözlərinə görə, Agentlik yolun texniki göstəricilərini açıqladığı kimi yola xərclədiyi vəsaitləri də açıqlamalıdır:
“Burada problem ondadır ki, Agentlik vəsaitləri birbaşa, heç bir tender keçirmədən özü xərcləyir. Həm də 5 mənbədən vəsait alır. Yəni burda korrupsiya riskləri çoxdur və ona nəzarət etmək çətindir: qum və çınqılı yaxın yerdən gətirərək, uzaq yerdən gətirilmiş kimi rəsmiləşdirə bilərlər, yaxud çoxdan çəkilmiş yollarda heç bir iş görmədən təmir olunmuş kimi təqdim edə bilərlər. Bu cür pozuntulara yol vermədiyini isbat etmək üçün agentlik bütün xərclərini, gördüyü işlərin smetasını açıqlamalıdır. Ümumiyyəitlə, isə Agentliyin özünü icraçı kimi yox, sifarişçi kimi aparmasının vaxtı çatıb. Onda bütün işlər tender yolu ilə görülər və bu, özəl sektorun canlanmasına səbəb olmaqla yanaşı, korrupsiya risklərini azaldar”.
Göründüyü, kimi Agentlik hələ ki, korrupsiya riskləri ilə başbaşadır. Hər şalda, qurumun mətbuat xidmətinin başçısı görülən işlərə xərclənən vəsaitlər barədə məlumatsızdır, yəni bu cür geniş ictimaiyyət üçün açıqlanmalı məlumatların Agentlik daxilində belə gizli saxlanması bir çox mətləblərdən xəbər verir və müvafiq qurumlar orta səviyyədə təmir edilməli 6 kilometrlik Qobu - Güzdək yolunun niyə heç bir iş görülmədən təmir edilmiş kimi göstərilməsinin səbəblərini araşdırmalıdırlar.
Düzdür, Anar Nəcəflinin buna özünə məxsus cavabı var - sən demə, Qobu-Lökbatan yolu təmir edilib və Lökbatan Gzdək yolu da hazırda təmir edilir, buna görə güzdəklilərin yol problemi qismən həll olunub. Halbuki, istənilən yol xəritəsində, elə gözlə də baxanda görmək olur ki, Qobu-Lökbatan yolu əslində məhəllə daxili küçədir və o, heç cür Bakının 3-cü dairəvi yolu statusunda olan Qobu-Güzdək yolu ilə müqayisə oluna bilməz. Bu yol Sumqayıt və Xırdalan şəhərindən gələn yüklərin Bakıya girmədən ölkənin cənub və qərb bölgələrinə nəql edilməsinə imkan yaradır. Məhz buna görə ölkə başçı yolun təmiri üçün vəsait ayıranda təmir ərazisinin Hökməli - Qobu - Güzdək yolunu əhatə etməsini nəzərdə tutmuşdu. Amma göründüyü kimi, bəzi korrupsionerlər hansısa milyonları mənimsəmək naminə ölkə başçısını aldatmaqdan belə çəkinmədilər.
Məhz bu cür korrupsionerlər üzündən Azərbaycan müqəddəs Qarabağ müharibəsini uduzur. Heç kimdən gizli deyil ki, ermənilər Gorusdan Laçına və Vardenisdən Kəlbəcərə çətin dağ şəraitində gedən yolları ən yüksək standartlara uyğun şəkildə saxlayırlar. Bu barədə təkcə erməni mətbuatı deyil, Rusiya KİV-ləri də xeyli material dərc ediblər. Halbuki, Laçında və Kəlbəcərdə 10-15 erməni ailəsi yaşamır. Amma bu korrupsionerlərin cinayəti üzündən Bakının 10 kilometrliyində yerləşən, on minə yaxın adamın yaşadığı, bir neçə müəssisənin fəaliyyət göstərdiyi Güzdəkin sakinləri hər gün şəhərə fəlakət yollarından keçib getməli olurlar. Azərbaycan xalqı müqəddəs Qarabağ savaşını udmaq üçün ilk öncə bu cür korrupsioner ünsürlərdən xilas olmalıdır.




Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar
Prezidenti aldadıb milyonlar yedilər - Qobu - Güzdək yolunu xaraba qoyanlar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.