XalqXəbər.Az

XalqXeber.Az » Sosial » Lənkəran-Lerik yolunda cəhənnəm əzabı - VİDEO

Lənkəran-Lerik yolunda cəhənnəm əzabı - VİDEO

Lənkəran-Lerik yolunda cəhənnəm əzabı - VİDEO
23-04-2018, 10:18

Lənkəran-Lerik yolu artıq bir neçə ildir yararsız hala düşüb. Ötən əsrin 50-ci illərində istifadəyə verilən bu yol son vaxtlar sürücülərin baş ağrısına çevrilib. Yolun Lənkəran Beynəlxalq Hava Limanının ərazisindən Lənkəran-Lerik yolunun 20-ci kilometrliyinə qədər olan hissəsi, demək olar ki, keçilməzdir.
Sözügedən yolda dəfələrlə təmir işləri aparılsa da, ağırtonnajlı yük avtomobilləri yolu yenidən bərbad hala salıb. İki rayonu birləşdirən bu yoldan gün ərzində minlərlə avtomobil keçir.
Lənkəranın Şağlakücə kənd sakini Pəhlivan Rzayev Sputnik Azərbaycan-ın bölgə müxbirinə yolun bərbad vəziyyətlə olmasından çox çətinlik çəkdiklərini deyib: "Əvvəl şəhərdən evə getməyə 4-5 dəqiqə vaxt sərf edirdik. İndi isə Lənkərandan Şağlakücəyə yarım saata güclə çatırıq. Çox çətinlik çəkirik, əziyyətdir bizim üçün. Düz 20-ci kilometrə kimi yol belə bərbad vəziyyətdədir".
P.Rzayev əlavə edib ki, yolun bu vəziyyətdə olması maşınlara da böyük ziyan vurur: "Maşın dağılır, ehtiyata hissələri sıradan çıxır. Bu ay ərzində iki dəfə maşını təmir etdirmişəm. Dükanlardan hissələri nisyə almışam, hələ pulunu verə bilməmişəm".
Qeyd edək ki, Lerik yolunun yararsız halda olması təkcə bu yoldan gündəlik istifadə edən sürücülər üçün baş ağrısı deyil. Yolun bərbad vəziyyətdə olduğuna görə Lerik rayonu ərazisindəki istirahət mərkəzlərinə turistlər də gəlmək istəmir.
Rayon ərazisində fəaliyyət göstərən istirahət mərkəzlərindən birinin işçisi İlham Hüseynov deyib ki, son 2-3 il ərzində işlədiyi mərkəzə gələn turistlərin sayında kəskin azalma var: "Rayonumuzun Piran kəndinə kimi yollar bərbad vəziyyətdədir. Əvvəl müştərilərimiz çox olardı, amma indi çox azalıb. Elə dünən axşam bir nəfər zəng elədi ki, 2 nəfər xarici qonaqla gəlirik sizin məkanda dincəlməyə. Saat yarım gözlədik, gəlmədilər, zəng elədim ki, harada qaldınız. Dedi ki, "yollarınız pis olduğundan geri qayıtdıq".
"3-4 il bundan qabaq artıq mart ayından istirahət mərkəzimizə gələnlər olurdu. Ümumiyyətlə isə, turizm mövsümünün ən gur vaxtı iyul-avqust aylarında olur. Ötən il də çox az turist gəldi. 2 ildir yol probleminə görə turist qonaqlarımız azalıb", — İ.Hüseynov əlavə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə Sputnik Azərbaycan-a bildirilib ki, Lənkəran-Lerik yolunda yaxın vaxtlarda yolda yenidənqurma işlərinə başlanılacaq: "Bununla bağlı artıq hazırlıq işləri başlanılıb. Lənkəran-Lerik yolunun ilin sonunadək əsaslı şəkildə təmir olunaraq təhvil verilməsi planlaşdırılır".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.