XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » “Deyir ki, 50 min verib canımı qurtarmışam, nə bilirsiniz edin” - ŞİKAYƏT

“Deyir ki, 50 min verib canımı qurtarmışam, nə bilirsiniz edin” - ŞİKAYƏT

“Deyir ki, 50 min verib canımı qurtarmışam, nə bilirsiniz edin” - ŞİKAYƏT
19-04-2018, 10:41

Abşeron rayonu, Mehdiabad qəsəbə sakini Səidə Əhmədova lombarda 10 min manatlıq qızıl-zinət əşyalarını girov qoyub, 600 manat pul götürüb. Yaşlı qadın deyir ki, həmin 600 manat ona onkoloji xəstəlikdən əziyyət çəkən gəlininin müalicə xərclərinə lazım olub. Lombarda 600 manatı da, faizlərini də 2 il 6 ay əvvəl qaytarıb, lakin 10 min manatlıq qızıl-zinət əşyalarını bu günə qədər ala bilməyib: “Lombard Mehdiabadda ”Araz" marketə bitişik idi.

Sahibi Firuz Novruz oğlu Əliyev idi, qızılları girov olaraq bizdən o, aldı. Əlimizdə də onun imzası, möhürü olan sənədlər var. 10 min manatlıq qızıl alıb, 600 manat pul verib. 2 il yarımdır ki, gedib-gəlirəm. O qədər əsəbiləşdirdilər ki, infarkt da keçirdim. 3 aya yaxın xəstəxanada qaldım. Axırda Firuza dedim ki, qızıllarımızı hansı banka qoymusan, de, gedək qızılları götürək. Demədi. Nəhayət, bu oldu ki, Firuz ölkədən qaçıb. Mehdiabad polisinə gedib-gəlməkdən ayaqlarım yorulub. Mənim kimi 122 nəfər zərərçəkən var".

Səidə Əhmədova deyir ki, lombard sahibinin himayəçiləri var, ona görə də həbs edilmir: “Biz Firuzun yanına uzun-uzadı get-gəllərdən sonra dedi ki, mən özümü qurtarmaq üçün 50 min dollar vermişəm, gedin kimə istəyirsiz şikayət edin. Biz də Xırdalan Rayon Polis İdarəsinə getdik. Bizi Əsgər müəllim qəbul edib şikayət ərizələrimizi aldı. Amma ortada nəticə olmadı. Firuz arvad-uşağını aparıb Tovuzda qayınatasının evinə yerləşdirib, özü də ölkədən qaçıb gedib. Ona sərhəddən çıxmasına niyə imkan veriblər, bilmirəm”.

S.Əhmədova deyir ki, evinə pensiya pulundan başqa gəlir daxil olmur: “Ailədə 5 nəfərik, hər beşimiz əlilik. Dolanışığımız ağırdır, çətindir. Pensiya almasaq, yaşaya bilmərik. Gedib-gəlmək üçün pulumuz yoxdur. Həmin qızıllar gəlinlərimin, özümün idi. Bir yerə toplayıb aparıb lombarda qoyub 600 manat götürmüşdük. Həmin qızılları ələ keçirdilər. İndi də Firuz qaçıb, onu axtaran yoxdur. Bunu Allah götürər?”

Səidə Əhmədova hüquq-mühafizə orqanlarına müraciət edərək lombard sahibi Firuz Əliyevin Gürcüstanda saxlanılaraq Azərbaycana gətirilməsini, onların qızıllarının geri qaytarılmasını istəyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.