XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » ''Beş ölünün pulu ilə rayonda villa tikdirmək olar''

''Beş ölünün pulu ilə rayonda villa tikdirmək olar''

''Beş ölünün pulu ilə rayonda villa tikdirmək olar''
5-04-2018, 10:31

Dövlət məmuru qəbir yerinin 63, Bakı sakinləri 400-2000 manat olduğunu söyləyir

“Qəbiristanlıqlarda qəbir yerləri üçün təyin olunmuş dövlət rüsumu var. Bu, müsəlman qəbirləri üçün 63, qeyri-müsəlman qəbirləri üçünsə 79 manatdır”.

“Report”a açıqlamasında Bakı Şəhər Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin baş mühəndisi Sabir Həsənov belə deyib.

O, tələb edilən rüsuma tikinti materialının qiymətinin daxil olmadığını da söyləyib.

S.Həsənov deyib ki, tikinti materiallarının xərci ayrıca hesablanır:

“Bura 58 ədəd mişar daşı, 3 kisə sement, 6 ədəd əlhəd daşı, qum və fəhlə pulu daxildir. Ümumi məbləğ bazar qiymətinə görə təyin edilir”.

S.Həsənov insanlardan təyin olunan dövlət rüsumundan başqa ödəniş tələb edilmədiyini söyləyib. O, əlavə ödənişin tələb edilməsinin qanunsuz olduğunu vurğulayıb:

“Belə hal müşahidə olunsa, vətəndaşlar Trestin “Qaynar xətti”nə, yəni 012 510-83-08 nömrəsinə zəng edə bilərlər”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov hesab edir ki, bir məzarın qiyməti minimum əmək haqqının 2 misli dəyərində olmalıdır.

“Təxminən 300 manata yaxın. Bu qiymətə həm məzar yerinin ayrılması, məzarın qazılması, qəbrin üstünün götürülməsi daxil olacaq. Görürsən ki, bəziləri yaxınını dəfn etmək üçün kredit götürür. Belə hallar var və bununla bağlı bizə müraciətlər edilir. Çalışırıq ki, vətəndaşlarımız bu cür problemlərlə rastlaşmasınlar”.

Azərbaycanda 2018-ci ildən yaşayış minimumu 173 manat hesablanıb. Minimum əmək haqqı isə 130 manatdır.

Orta aylıq əmək haqqına gəlincə, 2017-ci ildə ən son açıqlanan məlumata görə, 522 manatdır.

Dövlət Statitika Komitəsinin 2017-ci il yanvarın 1-nə olan məlumatına görə, Azərbaycanda əmək pensiyasının orta ölçüsü 205, pensiyanın baza hissəsi isə 110 manatdır.
Meydan TV insanların məzar yerlərinə ödədiyi vəsaitin həqiqətən də 63 manat olub, olmamasını müəyyən etmək üçün “Instagram” səhifəsində sorğu keçirib. İzləyicilərdən biri yazıb ki, 63 manat söhbəti yalandır:

“Mənim dostumun atası bu yaxınlarda rəhmətə getdi. Müşviqabad qəbristanlığında bir məzar yerinə 350 manat ödədilər”.

Rüfət İlham oğlu adlı izləyici isə bildirir ki, Pirşağının Qızılqum tərəfində qəbir yerinin qiyməti təxminən 1500 manatdır. Daha bir izləyici isə 5 il öncənin qiymətini yazıb. Deyir, atası 2013-cü ildə rəhmətə gedib. Biləcəri qəbristanlığında torpağa 450 manat ödəyiblər. Natiq adlı izləyici isə bildirir ki, 63 manata yalnız məsciddə ölü yuyurlar, vəssəlam. Elnur İsmayıl bildirir ki, 63 manat dedikləri boş söhbətdir. 500 manatdan aşağı yer yoxdur:

“25 qəbirdən hesablasaq, sotu 12.500 manat edir. Ona görə də ölmək lazım deyil”.

İsa adlı izləyici deyir ki, babası rəhmətə gedəndə “Dədə Qorqud” Qəbristanlığında yeri 1000 manata alıblar. Həmidə adlı izləyici isə bildirir ki, ən bahalı qəbiristanlıq Yasamaldakıdır:

“3000 manatdan aşağı yer yoxdur. O da ki, tapa bilsən”.

Ceyhun Musayev deyir ki, martin 31-də Zabrat qəbiristanlığında qohumları üçün qəbir yerini 400 manata alıblar.

İzləyicilərdən Esmira Cavadova isə Keşlə qəbiristanlığından xəbər verir. Deyir, Keşlədə yerlilərə 400 manat qəbir yeri üstəgəl 50 manat qəbir qazmaqdır:

“Bu, keşləlilər üçündür. Uzun illərdir kənardan gəlib Keşlədə yurd salanlara isə bir az da bahadır. Pul ödəmək istəməyəndə isə bəhanə edirlər ki, qəbiristanlıqda yer yoxdur. Uzaq məsafədə yer təklif edirlər. Məlumdur ki, adamlar əzizlərini kompakt şəkildə dəfn edirlər, bir-birlərinin yanında. Ona görə də rüşvət verməli olurlar”.

Vüsal Nəsirov deyir ki, bəli, dövlət rüsumu 63 manatdır. Ancaq onlardan bu rüsumdan əlavə, 2000 manat da alıblar. Çinarə adlı izləyici isə bildirir ki, vəziyyəti o yerə çatdıracaqlar ki, camaat ölüsünü həyətində basdırmalı olacaq.

Maqsud adlı izləyici bildirir ki, 2000 manat verib Günəşlidəki qəbiristanlıqların birində 3 nəfərlik yer alıblar.

Qasım adlı izləyici isə Gəncədən xəbər verir. Deyir, Gəncənin “İmamzadə” Qəbiristanlığında hərəyə bir qiymət oxuyurlar:

“Baxır adamına. Amma rüsum olaraq 85 manat alırlar. Əslində isə bu, pulsuz olmalıdır. Bəlkə birinin imkanı yoxdur. Neyləsin, ölməməlidir?”

Satif adlı izləyici bildirir ki, Qaraçuxurda qəbir yerləri 500 manatdan başlayır:

“Hələ onu tapsan, şükr etməlisən”.

Ələddin Həsənov deyir ki, Buzovna və Hövsanda 1 il bundan öncə qiymət 3-4 min manat idi:

“İndi bilmirəm, devalvasiya, qiymət artımı, yəqin qəbir yeri də bahalaşıb”.

Kamal Mehbalıyev bildirir ki, Binəqədidə 1 qəbir yeri 1500 manatdır:

“O da ikinci əl. Yəni köhnə qəbir yerini alırsansa, bu qiymətədir. Yeni yer bir az da bahadır”.

Daha bir izləyici yazır ki, anası rəhmətə gedəndə Biləcəri qəbiristanlığında bir yerə 1000 manat ödəyiblər:

“Nə qədər dedik, heç bir qəpik də aşağı enmədilər. 1000 manat qəbir yerinə ödəyib, yası necə keçirsin bu yazıq camaat?”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.