SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Məşhur həkimin evində film kimi cinayət

Məşhur həkimin evində film kimi cinayət

Tarix:

4-04-2018, 12:09

/ 1 270 dəfə oxundu.
Məşhur həkimin evində film kimi cinayət

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri - Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi Əliyevin məhkəməsi keçirilib.

Hakim İradə Həsənzadənin icraatında olan prosesdə ifadələr verilib.

İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. A.Əmirli bundan öncə 5 dəfə məhkum olunub.

Daha sonra prokuror çıxış edərək ittiham aktını elan edib. Belə ki, F.Əliyev 2 ay müddətinə “Uroloji Mərkəz” klinikasının sahibi, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində A.Əmirovla görüşəcək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu bildirib. Həmçinin bildirib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük tikinti şirkətlərindən birinin sahibinə satıb və 2 milyon dollar pul alıb.
Bundan sonra A.Əmirov işə Natiq Musayev və onun əmisi oğlu Elməddin Musayevi cəlb edib. Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən bir neçə gün öncə isə Biləcəri qəsəbəsində görüşərək quldurluq planını müzakirə ediblər. Bu görüşdə Bəhruz Hacızadə də iştirak edib. Görüşdə verilən qərara əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını Bakı Beynəlxalq Avtovağzalında Elməddinə veriblər. O, telefonlarla birgə orada dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. Anar hasardan keçərək içədən darvazanı açıb. Onları qarşılayan alman “Avçarka”sını bibər qazı ilə yatırdıblar. Maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb çöldən pəncərəni açıb içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı İlhamə Yusifovanın əllərini plastik xamutla bağlayıb, onları dəmir tapança və bıçaqla hədələyiblər. Dəstə üzvləri ev sahibindən 2 milyon pulun yerini soruşublar, lakin K.Abdullayev o qədər pulu olmadığını deyib. Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən 5 min dollar, 2200 manat, bahalı ətir, kəmər, “iPhone”, 2 ədəd “Samsung”, 20 min manatlıq “Franck Muller” qızıl saatı, K.Abdullayevə məxsus qaz tpançası və suvenir bıçağı götürüblər. Onlar ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.
İttihama münasibət bildirən A.Əmirov, N.Musayev və B.Hacızadə özlərini qismən təqsirli bilib, digərləri isə təqsirli bilməyiblər. Zərərçəkmiş K.Abdullayev prosesdə iştirak etməyib.

Anar Əmirov sərbəst ifadə verərək hadisənin necə baş verdiyini danışıb. O bildirib ki, E.Musayevlə F.Əliyevin evə basqından xəbərləri olmayıb: “Hadisədən 2-3 ay əvvəl Kamal Abdullayevin xəstəxanasının qarşısında Firdovsi ilə qarşılaşdım. Maaşını almaq üçün gəlmişdi, daha 2 ay onu görmədim. Mən Kamalın evinə getməyi Natiqlə danışmışam. İkimiz gedib evə baxdıq, amma qərara gəldik ki, 2 nəfər evə girə bilmərik. Sonra Bəhruz da bizə qoşuldu. Mən 2 milyon söhbətini elə-belə demişəm, evdə nə qədər pul olduğunu bilmirdim. Sonra üçümüz gedib evə girdik, Bəhruz pəncərəni açdı. Mən qadına yaxınlaşdım, Natiq də kişiyə. Qadın qışqıranda ona dedim ki, sənlə işimiz yoxdu. İki-üç dəqiqə sonra nəsə partlayış oldu, silah açıldı. Kişi qaz tapançası ilə Natiqi sinəsindən vurdu. Qadının ürəyi sıxıldı, mən onu otaqdan çıxardım.
Sonradna Kamaldan tapançanı da, xəncəri də aldıq. Maskanı da təkcə mən geyinmişdim. Özümüzlə qaz balonu götürmüşdük, amma istifadə etmədik. Həyətdəki itə də heç nə etmədik, çünki bizi görüb gedib pilləkəndə uzandı. Hələ biz buna güldük də. Qadınla kişinin əl-ayağını da bağlamamışdıq. Kamaldan pulun yerini soruşdum, dedi aşağıdadır. İki konvert var idi, biri dollar, biri manat. Saymadan götürdüm. Sonra baxdıq ki, 5 min dollar, 2200 manat idi. Ondan 3300 dollar və 1200 manat Natiqə verdim, qalanını özümə götürdüm. Ətiri, kəməri, saatı mən yox, Natiq götürüb. Heç onlardan xəbərim olmayıb. Biz evdə təxminən 15 dəqiqə qaldıq, çıxanda təkcə kişinin ayaqlarını bağladıq ki, arxamızca gəlməsin. Onları döyməmişik. Sonra da avtovağzala gedib taksi ilə rayona yollandıq. Mənim telefonum avtovağzalda yox, Biləcəridə qaldığım evdə olub”.
N.Musayev də hadisənin A.Əmirovun danışdığı kimi olduğunu deyib. O bildirib ki, F.Əliyevin hadisədən xəbəri olmayıb və ona heç pul da verilməyib: “Mənim telefonum Elməddində olmayıb, avtovağalda tanımadığım dönər dükanında “zaryatkaya” qoymuşdum. Biz rayona gedəndə taksidə arxada oturduq, öndə başqa bir adam var idi”.

Prokuror bildirib ki, taksidə olan həmin şəxs polis əməkdaşı olub və onların söhbətindən cinayət törətdiklərini anlayıb.

B.Hacızadə isə quldurluğa getdikləri zaman telefonun öz üzərində olduğunu deyib.

Digər təqsirləndirilən F.Əliyev həbs olunmadan öncə yalnız A.Əmirovu tanıdığını deyib: “Kamal Abdullayevin yanında 2 ay sürücü işlədim, pulumu vermədi. Həmin gün də maaşımı almaq üçün gəlmişdim. Oradan əsəbi çıxdım, Anarla qarşılaşdım. Hirsimdən Anara dedim ki, filan qədər pulu, maşınları var, amma mənim pulumu vermir. Bundan sonra heç nədən xəbərim olmayıb. Bir dəfə polisə çağırdılar, mən də getdim. Kamal Abdullayev 350 manat maaş verəcəkdi, onu da radarlara görə çıxmışdı”.

Proses aprelin 9-da davam etdiriləcək.

Qeyd edək ki, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi rayonu ''Varovski'' qəsəbəsində baş verib.

Şərhlər

XƏBƏR LENTİ