SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Ya əfv, ya amnistiya...

Ya əfv, ya amnistiya...

Tarix:

4-04-2018, 11:03

/ 1 911 dəfə oxundu.
Ya əfv, ya amnistiya...

Gələn ay mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 və Xalq Cümhuriyyətinin yaranmasının yüz illiyi ilə bağlı əfv, eləcə də amnistiyanın olacağı deyilir. 11 apreldə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı iclaslarına fasilə verən Əfv Komissiyasının seçkilərdən sonra mütəmadi toplanacağı və gələn aya qədər işlərini başa çatdıracağı bildirilir.

Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev may ayında əfv sərəncamının veriləcəyi barədə ümidli danışdı: “Əfv Komissiyası mütəmadi olaraq fəaliyyətini davam etdirir. Daxil olan müraciətlər araşdırılır, müvafiq arayışlar verilir. İndiyə qədər Əfv Komissiyası yüzlərlə müraciətə baxıb. Ümid edirəm ki, qarşıdakı aylarda, daha doğrusu, may ayında əfv sərəncamının cənab prezident tərəfindən imzalanması istisna olunmur. Əfv hüququ ölkə başçısının müstəsna səlahiyyətidir. Bunun üçün də əfvin nə zaman veriləcəyi prezidentdən asılıdır. Amma işlər gedir, ərizələrə baxılma prosesi davam edir.

Daxil olan ərizələri hərtərəfli araşdırmağa ehtiyac vardır. Bu, müəyyən vaxt alan məsələdir. Əfv Komissiyası real işləyən bir təsisatdır. Orada işlər tam müvafiq şəkildə gedir. Güman edirəm ki, may ayına qədər bütün müraciətlərə baxıb, işimizi yekunlaşdıracağıq. Hər bir məsələ ətrafında müəyyən müzakirələrin getməsi zaman tələb edir. Əfv Komissiyasının yaxın günlərdə iclası olacaq. Ümumiyyətlə, komitələrin iclasları davam edir, yaxın günlərdə də davam edəcək”.

Qeyd edək ki, veriləcək əfvdə siyasi məhbuslardan ən çox azadlığa çıxma şansları REAL hərəkatının sədri İlqar Məmmədovdadır. Onun azadlığa buraxılması ilə bağlı Avropa Şurasının Azərbaycan hökumətinə verdiyi son vaxt iyunun 6-da bitir. Məhz bu səbəbdən ölkə iqtidarının Avropa ilə münasibətlərini kəskinləşdirməmək üçün vicdan məhbusunu azad edəcəyi vurğulanır.

REAL-ın idarə heyətinin üzvü Azər Qasımlı deyilənlərə inanmır: “Açığı, ümidimiz yoxdur. Çünki ilk dəfə deyil ki, belə söz-söhbətlər ortaya atılıb. Artıq 6-cı ildir ki, İlqar Məmmədov həbsdədir. Belə fikirlər əlamətdar günlər ərəfəsində daim önə atılır və deyilir ki, İlqar Məmmədov azad olunacaq. Lakin hər zaman bunların əksi olur. İndi də heç bir ümidimiz yoxdur, bunu hakimiyyətin ictimaiyyətin hissiyyatı ilə oynamaq kimi qəbul edirik. Ortada ümidverici heç nə görmürük. Məsələ indi bir qədər fərqlidir. Çünki Avropa İnsan Haqları Məhkəməsində Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib-yetirməməsi məsələsi təftiş olunur. Bununla bağlı gözləyirik ki, may ayında Avropa Məhkəməsinin qərarı olacaq. Bu da çox ciddi bir məsələdir. Verilən qərar Avropa Şurasının Azərbaycanla münasibətlərinə ciddi şəkildə təsir edəcək. Bütün bunlara görə vəziyyət indi əvvəlkilərə nisbətən çox fərqlidir”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ