SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Caspian Service” MMC-dən şikayət var - "Ümidimizi qırmayacağınıza əminik"

“Caspian Service” MMC-dən şikayət var - "Ümidimizi qırmayacağınıza əminik"

Tarix:

12-03-2018, 09:38

/ 1 210 dəfə oxundu.
“Caspian Service” MMC-dən şikayət var - "Ümidimizi qırmayacağınıza əminik"

Azərbaycanın tikinti sektorunda tanınmış şirkət olan “Caspian Service” MMC-nin kollektivi Prezident İlham Əliyevə müraciət edib. Əmək kollektivi ölkə Prezidentindən məhkəmələr tərəfindən bu tikinti şirkətinin müflis olmasına səbəb olan qərəzli qərarların qarşısının alınmasında köməklik göstərməyi xahiş edir:

«Möhtərəm Сənab Prezident!

Siz ölkəmizdə sahibkarların himayəçisi, qayğıkeşi və dostu olduğunuzu bütün çıxışlarınız və əməllərinizlə, imzaladığınız sərəncam və fərmanlarla nümayiş etdirirsiniz. 2001-ci ildən fəaliyyət göstərən «Caspian Service» MMC-nin rəhbərliyi və kollektivi də hər zaman üzərində Sizin qayğı və himayənizi hiss edib.

Son 10 ildə, «Caspian Service» MMC Əlihüseyn Hüseynov adlı şəxsin dələduzluğundan zərər çəkir. Əlihüseyn Hüseynov qardaşı, Latviya vətəndaşı Əlirza Hüseynovun guya həm Azərbaycanda, həm də Latviyada yüksək vəzifəli şəxslərlə «yaxın münasibətlərinə» güvənərək bu hərəkətləri edir. Vaxtilə keçmiş nazir Eldar Mahmudovla yaxınlığı ilə «ad çıxarmış» Əlirza Hüseynovun himayədarlığı ilə Əlihüseyn Hüseynov «Caspian Service» MMC-yə vurduğu 1.800.000 ABŞ dolları zərəri ödəmədən, özü də cəzasız qaldı. Ondan sonra, daha da irəli gedərək, «Caspian Service» MMC-yə qarşı qərəzli pul iddiaları irəli sürmüşdür. Təəssüf ki, bu əsassız iddialar məhkəmələr tərəfindən təmin olunur.
Əlirza Hüseynov Latviya respublikasının rəhbərliyi ilə 10 ildən artıq dostluq etməsindən fəxrlə danışır. Burda bir qəbahət yoxdur. Dünyanın ən böyük dövlətinin də başçısının sıravi dostu ola bilər. Amma, məsələ burasındadır ki, hər dəfə ən yüksək səviyyədə onun xahişinin edildiyini və yaxınlarının respublikamızda istənilən problemlərinin həllinə yaşıl işıq yandırıldığını açıq bildirir. Onun qanunsuz tələbləri də məhkəmələrimiz tərəfindən təmin olunanda istər-istəməz şübhə yaranır ki, bəlkə həqiqətən belədir.“ Caspian Service”kollektivi Əlirza Hüseynovun dediklərinə inanmaq istəmir, hüquq dövləti, Avropa Birliyi üzvü olan bir dövlətin rəhbərliyinin adını qəsdən öz qanunsuz hərəkətlərinə bəraət qazandırmaq məqsədilə çəkdiyini yaxşı bilir. Hər kəsi də öz yalanına inandırmaq üçün Latviya mətbuatına müsahibə verməsindən, onun dostunun hələ nazir işlədiyi vaxtlarda Azərbaycana səfərində müşayiət etdiyini, «lazımi adamlarla görüşdürdüyünü» deməkdən çəkinmir.

Əlirza Hüseynov özünü Latviya Azərbaycanlıları Konqresinin fəalı kimi təqdim etsə də əslində bu belə deyil, əksinə Konqresin tədbirlərində iştirak etmir, ümumiyyətlə o, respublikamızı həmin ölkədə pozitiv təmsil etmir. Belə ki, Əlirza Hüseynov 2001-ci ildə özünün “Azəri vaxtat” cəmiyyətini yaratmış və onu 1988-ci ildə yaradılan və bu gün də aktiv fəaliyyət göstərən “Azəri Latviya” cəmiyyətinə alternativ qurum kimi istifadə etməyə çalışmışdır. Əlirza Hüseynov maraqları çərçivəsində “Azərbaycan-Latviya dostluq parkı” salınması adı altında 3 hektar sahəsinin ayrılması barədə Riqa şəhər meriyasına müraciət etmiş və 60 000 avro məbləğində vəsait almış, daha sonra isə Diaspora ilə iş üzrə Dövlət Komitəsinə müraciət edərək ayrılmış torpaq sahəsində müəyyən tikinti işləri aparmaqla ulu öndər Heydər Əliyevin heykəlinin qoyulması məqsədilə 2.500 000 avro vəsait istəmişdir. Lakin Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən onun müraciətində dələduzluq motivləri olduğu üçün rədd edilmişdir. Əlirza Hüseynov Riqa şəhər meriyasından aldığı 60 000 avro vəsaitini bu günə kimi geri qaytarmayıb, “Azəri Vaxtat” cəmiyyətinin fəaliyyəti isə dayandırılmışdır.

Fikrimizcə, xarici ölkənin səlahiyyətli şəxsinin xahişi ilə Əlirza Hüseynovun hər hansı bir məsələni öz xeyrinə həll etməsinə dair dedikləri, həqiqəti əks etdirmir. Bu, Ə.Hüseynov tərəfindən Azərbaycan məhkəmələrinin sabotaj edilməsidir. Onun guya Ali Məhkəmənin kollegiya sədri Hikmət Mirzəyevin «Caspian Service» MMC-yə qarşı qərəzli qərarların çıxarılması xahişinin Latviyadan olduğunu deməsi də bu yalana şərik qoşması kimi dəyərləndirilməlidir. Təsadüfi deyildir ki, Latviyanın Azərbaycandakı səfiri cənab Yuris Maklakovs da bu məlumatlardan narahat olaraq araşdırma aparılacağını bildirib.

Lakin fakt odur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində işə baxılmasının nəticəsi olaraq, Ali Məhkəmənin eyni tərəflər arasında eyni iş üzrə mövcud hüquqi mövqeyinin nəzərə alınmaması, təkrar qanunsuz və ədalətsiz qərarlar qəbul olunması Hüseynov qardaşlarının «güclü bir əl» tərəfindən himayə olunduğuna şübhə yaradır. Əlirza Hüseynov respublika daxilində də səlahiyyətli dostlarının olmasını və məhkəmə sistemində ən yüsək səviyyədə onu himayə edən şəxsin və şəxslərin də olduğunu, “Caspian Service” kollektivinin məhkəməyə ünvanladığı şikayətlərinin boşa çıxacağını da çəkinmədən söyləyir. O, Ali Məhkəməsinin sədri Ramiz Rzayevin köhnə dostu olduğundan, sədrin onun bir sözünü iki etməməsindən lovğalıqla danışır. “Caspian Service”nin kollektivi Əlirza Hüseynovun ölkənin Ali Məhkəmə sədri haqqında dediklərinə də inanmaq istəmir, növbəti məhkəmə prosesində ədalətli qərar çıxarılacağına, bir beynəlxalq səviyyəli dələduzun həm vətəndaşı olduğu xarici ölkə rəhbərliyini, həm də Azərbaycanın məhkəmə sisteminə illərdir rəhbərlik edən şəxsin adını öz çirkin əməllərinə şərik etmək cəhdlərinə son veriləcəyinə inanır.

Hazırda Bakı Apellyasiya Məhkəməsinin 16.11.2017-ci il tarixli (iş № 2-2(103)588/2017) qətnaməsindən verdiyimiz kassasiya şikayəti Ali Məhkəmənin İİK-nın hakimi Zakir Quliyevin icraatındadır. Biz, iş üzrə kassasiya şikayəti vermiş tərəf kimi, Azərbaycan Respublikasının QANUNLARINA VƏ ƏDALƏTƏ sığınaraq, adi qaydada işin baxılmasını gözləyə bilərdik. Başa düşürük ki, məhkəmədə işə baxılmasına görə Möhtərəm Cənab Prezidentimizi narahat etməyə dəyməzdi. Lakin yuxarıda qeyd olunan narahatlıqlarla bağlı Ali Məhkəmədən cavab verilməməsi bizə başqa çıxış yolu qoymadı. Ali Məhkəmədə 14.03.2018-ci il tarixə təyin olunmuş iclasda şikayətimizə qanuni baxılacağından əmin olmaq üçün bu müraciəti yazmaq məcburiyyətində qaldıq.

Möhtərəm Cənab Prezident!

Çoxsaylı əmək kollektivi olan, Bakı şəhərində bir sıra tikinti işləri görmüş, inşa etdiyi obyektlərin açılışında şəxsən iştirak etdiyiniz şirkətin subyektiv ambisiyalar ilə məhv edilməsinin qarşısını almağınızı Sizdən xahiş edirik. İnanırıq ki, bu müraciətmizin araşdırılmasına müvafiq göstəriş verəcəyiniz təqdirdə şirkətimizə qarşı nə qədər haqsızlıq və qərəzçilik olduğuna dair faktlar öz təsdiqini tapacaq. Ona görə də Sizdən xahiş edirik ki, müraciətimizi şəxsi nəzarətinizə götürərək araşdırılmasını, bəzi hakimlərin «Caspian Service» MMC-yə qarşı qərəzli münasibətinin, məhkəmələrin işinə kənar müdaxilələrin qarşısının alınmasına dair göstəriş verəsiniz. Bununla haqqın nahaqdan qorunmasına, ədalətin təntənəsinə göstəriş vermiş olacaqsınız. Böyük bir kollektivin ümidi yalnız Sizədir! Ümidimizi qırmayacağınızdan əminik.

Cənab Prezident!

Düz bir aydan sonra ölkə seçiciləri olaraq Sizi, Heydər Əliyev yolunun layiqli davamçısını yekdilliklə seçəcəyik. Çünki milli təhlükəsizliyimizin də, hər bir vətəndaşın da hüququnun qarantı ancaq Sizsiniz. Bəri başdan millətimizin və məmləkətimizin inkişafı, rifahı naminə yorulmaz fəaliyyətinizdə Sizə uğurlar arzulayırıq.»

Redaksiyadan: Biz şikayətçilərin Prezident İlham Əliyevdən imdad istəməsini və çoxminli kollektivin qarşıdan gələn seçkilərdə yekdilliklə ona səs verəcəklərini bəyan etmələrini nəzərə alaraq müraciətlərini işıqlandırmağı lazım bildik. Amma onların iddialarının nə dərəcədə həqiqəti əks etdirdiyini bilmirik və qarşı tərəfin də mövqeyini olduğu kimi oxuculara təqdim etməyə hazırıq.

moderator.az

Şərhlər

XƏBƏR LENTİ