XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Xidmət qurumlarının yarıtmaz fəaliyyəti - Qaz yox, su kəsilir, işıq...

Xidmət qurumlarının yarıtmaz fəaliyyəti - Qaz yox, su kəsilir, işıq...

Xidmət qurumlarının yarıtmaz fəaliyyəti - Qaz yox, su kəsilir, işıq...
26-01-2018, 10:23

Xidmət qurumlarının yarımaz fəaliyyəti əhalinin narazılığına səbəb olur.Belə ki, kommunal xidmət sahəsində kifayət qədər problemlər var. Xüsusilə də qış aylarında qazın verilişində yaranan fasilələr artıq adi hala çevrilib.Rəsmi qurumların gətirdikləri arqumentlər isə tutarlı deyil.Yaranan problemləri təmirlə əlaqələndirən qurum əslində özü də bilmədən özünü təkzib edir. Nəzərə alsaq ki, hər il qaz xətlərinin təmiri və daha keyfiyyətli təminat üçün külli miqdarda vəsait ayrılır və xərclənir. Ancaq buna baxmayaraq demək olar ki, hər il eyni problemlər yaşanır. Artıq “Azəriqaz” İstehsalat Birliyi demək olar ki, “günaşırı bu ərazilərdə qaz olmayacaq” şəklində açıqlamalar yayır.Məlumdur ki, qış aylarında əhalinin qaza tələbatı daha çox olur.Ancaq buna baxmayaraq “Azəriqaz” İB təmir işlərini məhz ilin soyuq aylarına salır. Ancaq nə təmir bitir, nə də qazdan şikayətlər…
Digər tərəfdən, əhaliyə verilən qazın tərkibi haqqında da müxtəlif fikirlər səslənir.Məsələn, bir müddət öncə informasiya yayıldı ki, qazın tərkibinə hava vurulur. Qeyd olunurdu ki, qaz gəlir, amma istiliyi yoxdur. Sayğac pul silir, qazın isə varlığı ilə yoxluğu bilinmir.Bu qədər şikayətin fonunda qurumun hələ də fəaliyyətini müsbət mənada tənzimləməməsi müəyyən cavabsız suallar yaradır. Bu da faktdır ki, ötən il ən çox şikayət olunan qurum məhz “Azəriqaz” İB-dir. Ekspertlər də hesab edir ki, bu məsələdə müəyyən qaranlıq məqamlar var. Məlumdur ki, Azərbaycan qaz ixrac edən ölkədir və ola bilsin ki, əhaliyə verilən qazdan kəsilərək xarici öhdəliklərin ödənilməsinə yönəldilib.
“Azərsu” ASC-dən də zaman-zaman müxtəlif şikayətlər olur.Əhalinin su ilə təminatında ciddi problemlər yaşanmasa da, müəyyən çatışmamazlıqlar da olmamış deyil.Məsələn, ötən gün bu qurum da Bakı və Abşeronun bəzi ərazilərində içməli suyun verilməsində fasilələr yaranacağı haqqında məlumat vermişdi.Səbəb kimi isə magistral su kəmərində aparılan təmir işləri göstərilirdi.Məlumdur ki, bu gün Bakı və ətraf qəsəbələrin əksəriyyəti 24 saat içməli su ilə təmin olunur.Ancaq bəzi ərazilər var ki, hələ də günaşırı yalnız 1 saat içməli su verilir.
“Azərişıq” ASC isə bu qurumlar arasında ən az şikayət olunan qurumdur. Əhalinin elektrik enerjisi ilə təminatında demək olar ki, ciddi problemlər yoxdur. Yalnız bəzi rayon və kəndlərdə təbii fəalakətlər zamanı, güclü külək, qar, çovğun olanda və sair hallarda köhnə elektrik dirəkləri sıradan çıxır. Ancaq bu qurumun fəaliyyətini digərləri ilə nisbətdə qənaətbəxş hesab etmək olar.
Ümumiyyətlə, kommunal sahədə qiymət artımından sonra əhalinin böyük hissəsi göstərilən xidmətin təyin olunan qiymətlərə adekvat olmadığını deyir. Bu fonda mütəmadi olaraq yaranan problemlər isə ciddi narazılıqlara səbəb olur. Ümumiyyətlə, kommunal xidmətlərin yüksək səviyyədə göstərilməsi çox vacib amillərdən biridir.Zaman-zaman mətbuatda komunal xidmət göstərən qurumlardan “bu il qışa hazırsınızmı” adlı sorğular keçirilir. Rəsmi qurumların cavabı hər zaman eyni olur: “Bütün zəruri tədbirlər görülüb və qış mövsümündə əhalinin qazla təminatında heç bir problem olmayacaq”. Deyilənlərin göstərilən xidmətə adekvat olmadığını isə gündəlik yaşayışımızda açıq şəkildə görürük.

Cebhe.info

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.