SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Aydın Əliyev Kəbirə Məmmədovanın karqo maşınlarını gömrükdən buraxmır

Aydın Əliyev Kəbirə Məmmədovanın karqo maşınlarını gömrükdən buraxmır

Tarix:

18-12-2017, 10:15

/ 4 167 dəfə oxundu.
Aydın Əliyev Kəbirə Məmmədovanın karqo maşınlarını gömrükdən buraxmır

Bazar günü səhər tezdən AzEuroNews.com oxucuları üçün “Binə” ticarət mərkəzindəyik. Əvvəlcədən belə qənaətə gəlmişik ki, istirahət günü olduğuna görə bazarda müştəri əlindən “iynə atsan yerə düşməz” deyə həftə sonu reportaj hazırlamağa yollanaq.

► Satıcılar vaxt “öldürür”

Çünki bundan əvvəlki həftə xəbər yayılmışdı ki, “Binə”də ticarətçilərdən vergi ödənilməsi tələb olunmağa başlanıb və bu gərginliyə səbəb olub. Tacirlər bazarın sahibəsi Kəbirə Məmmədovaya etiraz edərək verginin onun özünə verdiklərini xatırlatmışdılar. Hətta alverçi qadınlardan birinin “Binə” sahibəsini vurub yerə yıxdığı da iddia olunurdu.
Bazar günü isə bazarda olarkən ins-cins yox idi desək yalan olmaz. Biz həftə sonu “Binə”də izdiham olacağını, satıcıların başının pul qazanmağa qarışdığını güman eləyirdik.
Amma bu böyük yarmarkada əksər ticarət obyektlərinin satıcıları əllərindəki mobil telefonla vaxt “öldürür”dülər.
Bir vaxtlar gur-gur guruldayan, müştəri sarıdan korluq çəkməyən “Binə”də indi satıcılar alıcı görəndə sevinirlər.
Onların sözlərinə görə, 2015-ci ilin devalvasiyasından aldıqları ardıcıl zərbələrdən sonra bu günə düşüblər.
İki ildən çoxdur özlərinə gələ bilməyən ticarətçilərin son 45 gündə vəziyyəti daha da ağırlaşıb. Bunun dəhşətli səbəbləri haqda az sonra…

►“Böyük köç”ün 3 səbəbi…

“Binə” ticarət mərkəzində əksər dükanların qapıları qıfıllıdır. Bu reallıqla bazarda bir neçə cərgə gəzərkən şahidi oluruq. Nəhəng yarmarkanın əksər sektorlarında obyektlər arendaya verilir elanı ilə göz deşir. Ticarətçilər danışırlar ki, bu gedişlə qapısı bağlanan dükanların sayı daha da artacaq. Bir tərəfdən alıcılıq qabiliyyəti dəhşətli dərəcədə aşağı düşüb, digər tərəfdən “Binə” sahibəsi K.Məmmədovanın qeyri-rəsmi tələbləri, şərtləri günbəgün sərtləşir, çətinləşir.
Ən nəhayət, devalvasiya və iqtisadi böhran bazarı elə çökdürüb ki, heç cür dirçələ bilmirlər. K.Məmmədovanın özü də böyük zərərlə üzləşməli olub. Xüsusən də, dolların bahalaşması ilə yüz minlərlə manat zərər edən ticarətçilər məcburən dükanları təhvil verib gediblər. Hazırda yüzlərlə dükan işləmir. Satıcılar deyirlər ki, nə qazanc var, nə xərcləri ödəmək olur. Odur ki, bazar günü olmasına baxmayaraq, ticarət mərkəzində tək-tük müştəriyə rast gəlmək olur.
Ticarətçilər bildirirlər ki, yaranmış vəziyyətlə belə K.Məmmədovaya vergi, yer haqqı ödənilir, işıq pulu, mühafizə xidmətinə görə haqq verilir.

► “Ərəbzəngi” yolu ilə dövr edən milyonlar…

Bazar rəhbərliyinin isə “qaz vurub, qazan doldurduğu” yerlərdən biri avtomobillərdən toplanan giriş haqqıdır. “Binə”nin girişində şlaqbaumlar qoyulub və hər bir sürücüdən çıxışda 50 qəpik alınıb buraxılır. Buna görə nə qəbz verilir, nə əsasla pul istənildiyi izah olunur. Sadəcə, bazara gələn giriş pulu verməlidir. Nəticədə hər gün minlərlə maşın bazara gəlir. Onlar kimisi mal gətirir, kimisi yarmarkadakı elektronika, mebel, texnika satılan mağazalardan kredit götürməyə gəlir. Beləcə, bazarda milyonlar dövr edir.
Hərçənd ki, bazara gələn müştəri buradan alış-veriş etməklə “Binə” sahibinə xeyir verir və onun maşınını ərazidə saxlaması hüququdur.
Amma bazar rəhbərliyi giriş haqqını da pullu etməklə daha çox varlanmaq istəyir. Qeyd edək ki, oxşar problem “Sədərək”, hava limanı, avtovağzalda da hökm sürür.

► “Binə” sahibəsinin karqo maşınları

Və gəlirik 45 gündür bazardakı durğunluğun real səbəblərinə…Düz 45 gündür ki, Rusiya Azərbaycanla sərhəddə məhsulların idxal-ixrac əməliyyatlarına məhdudiyyət qoyub.
Azərbaycan ərazisindən qonşu ölkəyə bir çöp də buraxılmır. Bu da “Binə” ticarət mərkəzinin çökməsinə ciddi şəkildə təsir edib. Hazırda böyük məbləğdə dəyəri olan mallar tacirlərin əlində qalıb və məhsulu keçirə bilmirlər.
Eynilə Rusiya tərəfi də idxal əməliyyatlarına əngəllər yaradıb. Gələn məlumatlara görə, sərhəddə “Binə”yə gedən yük maşınlarını gözəl tanıyırlar.
Hətta iddialara görə, K.Məmmədovaya məxsus karqo şirkətləri fəaliyyət göstərir. Bu şirkətlərin maşınları isə sərhəddə saxlanaraq buraxılmır.
Xəbərlərə görə, bunun bir səbəbi Rusiya ilə sərhəddə olan problemlərdirsə, digər faktor Dövlət Gömrük Komitəsinin K.Məmmədovanın karqo firmalarına yaratdığı maneədir.
Bəzi iddialar var ki, gömrük komitəsi sədri Aydın Əliyevlə “Binə” sahibəsi arasında müəyyən həll olunmamış problemlər var. Bu səbəbdən mallar gömrükdən bazara buraxılmır.
Ancaq hadisələrin inkişafı və yarmarkadakı mənzərə bu reportaja tam olaraq sığmır. Odur ki, yaxın vaxtlar müfəssəl məlumatların davamını təqdim edəcəyik. Bizi qaçırmayın…

Şərhlər

XƏBƏR LENTİ