SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Dustaq ailələrinin gözlədiyi ay gəldi - siyahılar Əfv Komissiyasında!

Dustaq ailələrinin gözlədiyi ay gəldi - siyahılar Əfv Komissiyasında!

Tarix:

1-12-2017, 10:33

/ 1 731 dəfə oxundu.
Dustaq ailələrinin gözlədiyi ay gəldi - siyahılar Əfv Komissiyasında!

Bu gün ilin son ayı başladı. Qarşıdan Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Adətən prezident İlham Əliyev bu kimi bayram günlərində əfv sərəncamı imzalayır və onlarla məhbus azadlığa çıxır. Bu il də dustaq ailələri dekabr ayında əfv sərəncamının imzalanacağına ümid edirlər. Gözlənilir ki, imzalanacaq əfv sərəncamında siyasilərin də adları olacaq.
Onlardan REAL sədri İlqar Məmmədov, AXCP-dən Asif Yusifli, Məmməd İbrahim, Seymur Həzi, vəkil Əliabbas Rüstəmov və NİDA-çı İlkin Rüstəmzadə kimi siyasilərin adlarını qeyd edə bilərik. Bu şəxslərlə yanaşı sabiq səhiyyə naziri Əli İnsanovun da azad edilməsi gözlənilir.
Xatırladaq ki, 2017-ci il aprelin 26-da Bakının Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə. İnsanov yenidən 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Lakin sabiq nazir bu cəza ilə razılaşmayaraq, Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə isə onun kasasiya şikayətinə baxılmasını qeyri-müəyyən müddətə qədər təxirə salıb. Bu kimi faktorlara münasibət bildirən ekspertlər Əli İnsanovun da həbsdən azad edilməsini mümkün sayırlar.
Onu da qeyd edək ki, Azərbaycan hakimiyyəti siyasi məhbuslarla bağlı son zamanlar nisbətən yumşaq siyasət aparır. Məsələn, noyabrın 29-da Ali Məhkəmədə keçirilən prosesdə NİDA hərəkatının həbsdə olan üzvü Elgiz Qəhrəmanın cəzası 5 il 6 aydan 3 ilə endirilib.
Bununla yanaşı, son zamanlar Avropa İttifaqı rəhbərliyi və Avropa Şurası da Azərbaycan hakimiyyətinə qarşı ölkədəki insan haqlarının qorunması və siyasilərin həbsdən azad edilməsi ilə bağlı təzyiqləri artırıblar. Ehtimal olunur ki, seçki ili olan 2018-ci ilə hakimiyyət siyasi məhbusların əksəriyyətini azad edərək keçəcək və beynəlxalq qurumlara bu kimi təzyiq arqumentlərini verməyəcək.
Hakimiyyət nümayəndələri ölkədə siyasi məhbus olmadığını söyləsələr də, insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar siyasi məhbus siyahısı hazırlayıblar. Lakin bu siyahı bəzi hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşılanmır. Belə ki, Siyasi Məhbusların Müdafiə Mərkəzinin bu ilin aprel ayında tərtib etdiyi siyahıda 162 nəfərin adı var. Bir çox hüquq müdafiəçiləri isə bildirirlər ki, bu siyahı müəyyən məqsədlər üçün şişirdilib.
Müdafiə mərkəzinin nümayəndəsi olan jurnalist Əvəz Zeynallı bildirib ki, bu il əfv sərəncamının imzalanacağını gözləmir: “Əfv birbaşa olaraq prezidentin səlahiyyətində olan humanist aktdır. Çox güman ki, bu il əfv verilməyəcək. Yəqin ki, əfv Novruz bayramı ərəfəsinə qaldı. Çünki əfv verilən zaman Əfv Komissiyası əvvəlcədən bir neçə dəfə toplanırdı. İndi isə komissiya da toplaşmayıb. Buna baxmayaraq, biz öz siyahımızı hazırlayıb, bütün qurumlara göndərmişik. Çox istəyirik ki, siyasi məhbusların hamısı azadlığa çıxsın. Ancaq bunun üçün Əfv Komissiyası toplanmalı və siyahı hazırlamalıdırlar. Hələ ki bunu müşahidə etmirik. Bizim siyahıya gəlincə isə qeyd edim ki, orada adına birmənalı yanaşılmayan siyasi məhbus yoxdur. Siyasi məhbus siyahısı dünyanın beynəlxalq təşkilatları tərəfindən də qəbul edilmiş bir siyahıdır”.
Ə. Zeynallı düşünür ki, Əli İnsanov tezliklə azadlığa buraxılmayacaq: “Kimin azadlığa çıxacağı haqqında öncədən proqnoz vermək olmaz. Konkret mənim fikrimə gəlincə isə Əli İnsanov barəsində optimist deyiləm. Əli İnsanovun durumu çox çətindir və buna görə də onun azadlığa buraxılması məsələsi mənim üçün çətin görünür. Ancaq Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda Azərbaycanın adının mənfi istiqamətdə çox hallanması İlqar Məmmədov və Əli İnsanovun üzərinə bir işıq sala bilər. Bəzən hakimiyyətin gedişlərini yumşalan siyasət kimi qiymətləndiririk. Ancaq nəticə göstərir ki, beynəlxalq təşkilatların təzyiqlərinin Azərbaycan hakimiyyətinə təsiri sıfır dərəcəsindədir. Buna görə də biz yenə də hakimiyyətin özünün iradəsindən asılıyıq”.
İnsan haqları üzrə işçi qrupunun üzvü hüquq müdafiəçisi Səadət Bənəniyarlı isə bildirib ki, onlar əfv olacağına ümidlidirlər: “Biz siyahımızı hazırlayıb, Əfv Komissiyasına təqdim etmişik. Gözləyirik ki, imzalanacaq əfv sərəncamında bizim siyahıdan da bir sıra insanların adları olsun. Siyahımızı Avropa Şurasının qəbul etdiyi standartlara əsasən hazırlamışıq. Burada yalnız həmin kateqoriyaya aid olan adamlar var. Kimlərisə əlavə olaraq siyahıya daxil etməyi doğru hesab etmirəm. Haqlarında məhkəmədə müəyyən pozuntular olubsa, təbii ki, bu insanlar bütün instansiyaları keçərək, Avropa Məhkəməsinə müraciət edə bilərlər. Ona görə də bütün bu kimi insanların da hamısını siyasi məhbus kateqoriyasına aid etməyi doğru saymıram. Əli İnsanova gəlincə isə deyim ki, çox istərdim ki, o, azadlığa buraxılsın. Bunu da gözləyirəm. Çünki Əli İnsanov kifayət qədər məhkum həyatı yaşamış insandır. Ümid edirik ki, yaxşı olacaq”.
Əfv Komissiyasından isə bildirilib ki, katibliyə davamlı olaraq müraciətlər daxil olmaqdadır: "Müraciətlər məhkumlar, onların vəkilləri, ailə üzvləri tərəfindən daxil olur. Bizə edilən bütün müraciətlər araşdırılır, müvafiq rəylər alınır, təhlillər aparılır. Həmçinin zərərçəkmiş şəxsin narazı olub-olmadığı da araşdırılır".
Qeyd edək ki, əfvetmə Azərbaycan Respublikası məhkəmələri tərəfindən məhkum edilmiş şəxslərə və ya başqa dövlətlərin məhkəmələri tərəfindən məhkum olunmuş və cəzalarını Azərbaycanda çəkən ölkə vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilə bilər.

Şərhlər

XƏBƏR LENTİ