XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq

Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq

Baş Prokurorluq rektorun «professor diplomu müəmması»nı araşdıracaq
29-11-2017, 14:15

Azərbaycan Dövlət İqtisad Universitetindən “Təzadlar”a daxil olan məlumatlarda ilginc faktlar yer alır...
…Azərbaycan Dövlət İqtisad Universitetinə yeni statusun verilməsi və hələ də yeni rektorun təyin olunmaması fonunda Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının davam edən yoxlamaları barədə maraqlı məqamlar üzə çıxmaqdadır. Məsələ ondadır ki, Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Prezidentin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamının ləğv edilməsi barədə bu yaxınlarda sərəncam imzalayıb. Sərəncama əsasən “Azərbaycan Dövlət İqtisad Universitetinə özünüidarə statusunun verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 12 iyun tarixli 949 nömrəli sərəncamı ləğv edilib. Qərar “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli sərəncamının tətbiqi ilə əlaqədar verilib. Lakin hələ də yeni rektorların təyinatı baş verməyib. Bəs səbəb nədir? Bunlar yeni şübhələrə yol açır...

Rektor professor və elmlər doktoru diplomlarına malik olmamışdan əvvəl Politologiya Universitetində professor maaşını necə alıb?

Daxil olan sensasion məlumatlardan biri də bundan ibarətdir ki, ADİU rektoru Ədalət Muradov professor və elmlər doktoru diplomları almamışdan əvvəl Prezident yanında Politologiya Universitetində professor maaşı alıb və bu məsələnin aidiyyəti qurumlar tərəfindən ciddiliyi ilə araşdırılması gözlənilir. Məlumatlı mənbə bunu belə əsaslandırır ki, “…Ədalət Muradov Azərbaycan Dövlət İqtisad Universitetinə 5 mart 2014-cü ildə rektor təyin edilib... Axı, o, 1998-ci ildə Ukraynada müdafiə etsə də, dissertasiyasındakı problemlərə görə yalnız 26 dekabr 2014-cü ildə ona Azərbaycan AAK-da iqtisad elmləri doktoru diplomu tanınmış, ona doktorluq diplomu verilmişdir. Qəribə də olsa, o, bundan təxminən bir ay əvvəl, yəni 21 noyabr 2014-cü ildə isə professoru adını necə və hansı əsasla almışdır?”.
Hələ 2016-cı ildə redaksiyaya daxil olmuş şikayət əsasında bu məsələni araşdırmışdıq. Biz məsələnin ciddiliyini nəzərə alaraq mövzuya yenidən qayıtmalı olduq. Bunun üçün əvvəlcə Prezident Yanında Ali Attestasiya Komissiyasının rəsmi saytına daxil olaraq AAK Rəyasət Heyətinin mübahisələndirilən 26 dekabr 2014-cü il tarixli iclasının 16RH nömrəli iclas protokoluna nəzər yetirdik. Sonra saytda “Start” düyməsini basdıq. Açılan pəncərədə elmlər doktoru elmi dərəcəsi alanların siyahısı göründü. Həmin tarixdə 8 nəfərə “Elmlər doktoru” elmi dərəcəsi verilib, təsdiqlənib. Onların siyahısında Ədalət Cəlal oğlu Muradov sıraca 5-cidir.
Sonra AAK-ın rəsmi saytında təsdiq edilmiş pofessorlar pəncərəsinə daxil olduq. AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolun “Start” düyməsini basaraq yeni pəncərəyə daxil oluruq. Buradan görünür ki, həmin gün 8 nəfərə professor adı verilib və Ədalət Muradov sıraca 6-cıdır!

Bizi qərəzçilikdə qınayanlara bir neçə sual...

İndi qayıdırıq mətləbə və mahiyyətə: cənab Prezidentin dövlət məmurlarına ən birinci tövsiyyəsi korrupsiyadan uzaq durmaq, saxtakarlığa “Yox” deməkdir. Bəlkə biz bilmirik, cənablar! Çox hörmətli AAK sədri vəzifəsini əvəz edən cənab Vəli Hüseynov: doktorluq elmi dərəcəsi almadan necə professor elmi adı almaq olur??? Axı dünyada qəbul edilmiş qaydadır, professorluq həm də vəzifədir, tituldur, onu isə yalnız elmlər doktoru elmi adı veriləndən sonra almaq olar.
Göründüyü kimi, Ədalət Muradov 21 noyabr 2014-cü ildə professor diplomunu alır, bundan 1 ay 5 gün sonra isə elmlər doktoru diplomunu (Xatırladırıq ki, Sovetlər vaxtı bu hal dəbdə idi, lakin sonralar bu praktika tətbiq olunmur, ləğv edilib).

2014-cü ildə professor diplomu alan bəs 15 il əvvəl necə professor maaşı ala bilib???

Yenidən qayıdırıq başqa bir ciddi mətləbə: ola bilsin bəzi ağzıgöyçəklər ADİU ilə bağlı bir sıra silsilə tənqidi yazılara görə düşünsünlər ki, yəqin jurnalistlər bu dirənişlə nəsə başqa niyyət güdürlər və s. Tam səmimiyyətlə deyirik ki, əsla belə deyildir. Sadəcə, bu yazılar o vaxta kimi davam edəcək ki, Ədalət Muradova 2 aydır göndərdiyimiz 20-yə yaxın sorğu-suala cavab veriləcək! Axı niyə Prezident sərəncamında rektor təyin edildiyi universitetin adı “Azərbaycan Dövlət İqtisad Universiteti” olduğu halda Ədalət Muradov hər yerdə onun adını “UNEC” yazdırmaqla əsassız yerə inadkarlıq edirsə, biz niyə Prezident Sərəncamı ilə təsdiq edilmiş “Məlumat əldə etmək haqqında” Qanunun tələbini yerinə yetirməyən rektorun qanunsuz hərəkətinə qarşı haqlı inadkarlıq etməyək???
Beləliklə, Ədalət Muradovun ADİU-nun rəsmi saytındakı tərcümeyi-halına diqqət edək. Orada yazılır ki, o, .“..1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etmişdir...”.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsi əməkdaşlarına bir sual...

Məlumdur ki, ADİU-da Baş Prokurorluğun yoxlama komissiyası işləyir, özü də rektor Ədalət Muradovun özünün rəsmi şikayəti əsasında. Elə isə, istintaq qrupunun rəhbərindən xahiş edirik, nə qədər yaddan çıxmayıb, bizim bu sadə sualın da cavabının tapılmasına kömək etsin: Ədalət Muradov 2014-cü ilin noyabrın 21-də professor diplomu alıb, lakin 1999-cu ildən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında professor vəzifəsində çalışmışdır, “Makroiqtisadiyyat”, “İqtisadiyyatın dövlət tənzimlənməsi”, “Azərbaycanın iqtisadi siyasəti” fənlərini tədris etməklə maaş almışdır. 15 il ərzində professor olmaya-olmaya dövlət büdcəsindən külli miqdarda maaş almağın adı nədir, korrupsiya əməli, qanunsuzluq, sənəd saxtalaşdırma, yoxsa...

Bəs elmlər doktoru-professor olmayan AAK-da necə Ekspert Şurasının sədr müavini olub və iqtisad elmləri doktorlarına rəy verib?

Başqa bir ciddi, həm də qalmaqallı məsələ: yenə də ADİU-nun rəsmi saytına daxil oluruq və rektor Ədalət Muradovun rəsmi tərcümeyi-halında yazılıb: “...Ə.Muradov 2011-2014-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini olmuşdur...”.
Yuxarıda dedik, AAK-ın Rəyasət Heyətinin 21 noyabr 2014-cü il tarixli qərarı və 14RH saylı protokolu ilə 8 nəfərə, bu sırada Ədalət Muradova professor adı verilib. Elə isə, o, bundan 3 il əvvəl AAK-da necə İqtisadiyyat (İqtisadiyyat və Hüquq) üzrə Ekspert Şurasının Sədr müavini işləmişdir? Axı, qaydalara və AAK-ın “Əsasnaməsinə” görə, Ekspert Şurasının Sədri və sədrin müavini vəzifəsinə (eləcə də EŞ-in digər üzvləri) yalnız və yalnız elmlər doktoru-professor olanlar təyin edilə bilərlər. Yuxarıda dedik, Ədalət Muradov 1998-ci ildə Ukraynada müdafiə etdiyi doktorluq işini və professor adını yalnız 2014-cü ilin dekabrında AAK-da tanıtmışdır. Bəs bunlar necə baş verir axı?!
***
Nəhayət, necə olub ki, Ə.Muradovun birbaşa təkidi və təşəbbüsü ilə AAK-ın İqtisadiyyat üzrə ekspert Komissiyasının sədri olan iqtisad elmləri doktoru, professor Əlican Babayev komissiyanın 9 nəfər elmlər doktoru olan üzvlərinin imzası ilə sədrlikdən kənarlaşdırılıb?
Bu və ya suallara da cavab almaq üçün araşdırmasını davam etdirir, uyğun olaraq ADİU rektorunun elektron poçtuna elektron sorğu göndərmişik...

Tezadlar

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.