XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Mənzillərə verilən istilik evləri isitmir - SƏBƏB

Mənzillərə verilən istilik evləri isitmir - SƏBƏB

Mənzillərə verilən istilik evləri isitmir - SƏBƏB
28-11-2017, 11:16

“Azəristiliktəchizat” abonentlərinə verdiyi vədə əməl etdi. Artıq bir neçə gündür ki, mənzillərə istiliyin verilməsi ilə bağlı şikayətlər səngiyib. Lakin bunun əvəzində insanlar istilik temperaturunun aşağı olmasından və mənzillərin normal səviyyədə qızmamasından narazıdırlar.

Bir çoxları istiliyin 50 dərəcəyə belə çatmamasından şikayət edirlər. Bəs görəsən, bu durumun səbəbi nədir?

“Yeni Müsavat”ın sualını cavablandıran “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, qazanxanadan çıxan istiliyin temperaturu bayırda havanın neçə dərəcə olmasından asılı olaraq xüsusi qrafiklə tənzimlənir: “İstilik mövsümü noyabrın 15-dən başladı. Bu zaman bayırda havanın temperaturu 18-19 dərəcə idi. Hava şəraiti belə olan zaman biz mənzillərə istiliyi yüksək temperaturla verə bilməzdik. Qazanxanalardan yaşayış binalarına verilən istiliyin temperaturu xüsusi qrafiklə tənzimlənir. Bu qrafikdə bayırda hava 19 dərəcə olduğu halda istiliyin hansı temperaturda verilməsi göstərilmir. Havanın 10 dərəcədən yuxarı temperaturunda istiliyin neçə dərəcədə verilməsi şkalada yoxdur. Ancaq ona baxmayaraq, biz minimumla da olsa çalışırıq ki, gecələr temperaturu artıraq. Çünki gecələr hava daha soyuq olur. Yəni istənilən halda temperatur qrafiklə tənzimlənir”.
R.Əliyev bildirdi ki, mənzillərdə istilik temperaturunun zəif olması mənzildaxili xətlərdəki problemlərdən də qaynaqlana bilər: “Hansısa ərazidə kiminsə şikayəti varsa, müraciət etsinlər, ünvanı versinlər və biz araşdıraq. Ola bilər ki, onların mənzilində daxili xətlər problemi var və həmin mənzildə temperatur zəif olur. Çünki bizə temperaturla bağlı elə də şikayətlər gəlmir. Adətən gələndə də yoxlayıb görürük ki, mənzil daxilində qızdırıcı cihazın yerini dəyişiblər, ardıcıllığı pozublar. Dövriyyə pozulanda o sistemdə normal sirkulyasiya getməyəndə temperatur aşağı düşür. Konkret ünvanla müraciətlər olsa, biz onu yoxlatdırıb aradan qaldıra bilərik. Ümumilikdə isə qazanxanalardan çıxan istiliyin temperaturunu biz qrafikə uyğun olaraq tənzimləyə bilirik. Ola bilər ki, bəzi yerlərdə qazın təzyiqi aşağı olur. Ancaq bu hallar daha çox mövsümə təzə başladığımız günlərdə müşahidə olunurdu, o zaman da ”Azəriqaz" müraciət edirdik , təzyiqi qaldırırdılar. Hazırda elə bir problemimiz yoxdur. Bizdən asılı olan səbəblərdən istilik almayan bir yaşayış binası yoxdur".
“Azəristilik” sözçüsü vurğuladı ki, temperatur qrafiki qazanxanadan binalara verilən istiliyin temperaturunu tənzimləyir: “Istənilən havada mənzildə orta otaq temperaturu təmin olunmalıdır. 19 dərəcə istidə də , 5 dərəcə şaxtada da mənzildə normal temperatur olmalıdır. Qazanxanadan verilən istilik isə müxtəlif olur, hava şəraitindən asılı olaraq 40 dərəcədən başlamış 80 dərəcəyə qədər verilə bilər. Ancaq bu elə tənzimlənməlidir ki, mənzillərdə orta otaq temperaturu olsun”.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.