XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » "12 illlik təhsil sisteminə keçilməlidir"

"12 illlik təhsil sisteminə keçilməlidir"

"12 illlik təhsil sisteminə keçilməlidir"
21-11-2017, 14:37

Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur.

Bu barədə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda çıxış edib.

Onun sözlərinə görə, hazırda ixtisasların təsnifatı hazırlanır:

"Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya olunmalıdır. Təbii ki, hər iki təsnifat eyni olmalıdır. Məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".

Müəssisələr işə qəbul üzrə vakansiyalar elan edərkən ali təhsillilərə daha çox üstünlük verirlər, halbuki elan olunmuş vakansiyaya uyğun ixtisas orta təhsil müəssisələrində də tədris olunur. Əmək bazarında eyni ixtisasdan, lakin fərqli pillələrdə təhsili olan işçi qüvvəsinin ortaya çıxması aşağı pilləli təhsilə malik şəxslərin işsizlik problemi ilə qarşı-qarşıya qalmasına gətirib çıxarır. Bu baxımdan ali təhsil müəssisələrində tədris olunan ixtisasların eynilə orta ixtisas müəssisələrində (kolleclərdə) və ya əksinə tədris olunması nə qədər effektlivdir?

Məsələni "Qaynarinfo"ya şərh edən təhsil eksperti Kamran Əsədov da bu sahədə boşluğun olduğunu bildirib və problemin həlli yollarını açıqlayıb:

"Azərbaycan müstəqillik əldə etdikdən sonra dünya təhsil sisteminə inteqrasiya edir. Dünya təhsil sistemində ali təhsilli insanların sayı ölkə əhalisinin böyük bir hissəsini təşkil edir. Amma təəssüflər olsun ki, Azərbaycanda ali təhsilli insanların sayı kifayət qədər azdır. Yəni hazırda ölkə vətəndaşlarının sadəcə 17 faizi ali təhsillidir. Ölkə başçısının 2013-cü ildə imzaladığı "Təhsilin inkişafı üzrə dövlət strategiyası"nda göstərilib ki, ali təhsilli insanların sayı artırılmalıdır. Hesab edirəm ki, bir çox ixtisasların orta ixtisas müəssisələrinə, yəni kolleclərə gətirilməsi yaxşı haldır, lakin gətirilərkən həmçinin ikili ixtisaslar ləğv olunmalıdır. Çünki müəyyən ixtisaslar var ki, birbaşa istehsalatla bağlıdır və onları ali təhsil müəssisələrində saxlamağın heç bir effekti yoxdur. Artıq əmək bazarı uzunmüddətli kadr hazırlığını istəmir, onun daha qısamüddətli praktik bacarığa malik kadrlara ehtiyacı var. Bu gün maşınqayırma, cihazqayırma kimi bu və ya digər sahələrdə texnologiya üzrə mühəndis ixtisasları həm orta ixtisas müəssisələrində (kolleclər), həm də ali təhsil müəssisələrində tədris olunur. Hansısa müəssisə elektrik üzrə mühəndis istəyirsə, həmin kadrın hazırlanması üçün 4 il gözləyir. Halbuki, həmin ixtisasları orta ixtisas təhsili müəssisələrinə gətirmək və maksimum 1 və ya 2 ilə kadrlar hazırlayıb istehsalata göndərmək lazımdır. Əgər belə olarsa, insanların orta ixtisas müəssisələrinə marağı da artacaq.

İxtisaslar təhsil pillələri üzrə bölüşdürülməlidir. Bəzi ixtisaslar peşə təhsili müəssisələrində, digərləri orta ixtisas müəssisələrində (kolleclərdə), qalanları isə ali təhsil müəssisələrində tədris olunmalıdır. Bizdə bəzi ixtisaslar hər 3 pillədə olduğuna görə, aşağı pilləni bitirənlərin işlə təmin olunma faizi aşağıdır. Amma biz hər bir sahəyə yalnız bir pillədən məzun hazırlasaq, əmək bazarı da öz qaydasına düşər.

Lakin müəyyən bir ixtisası orta təhsil müəssisəsində öyrədib, həmin tələbəni ali təhsil müəssisəsinə göndərmək doğru olmaz. Çünki hər bir ali məktəbin özünəməxsus tədris planı var. Bu əyanilər üçün 4 il, qiyabilər üçün 5 illikdir. Əgər biz orta ixtisas təhsili almış şəxsləri birbaşa 2-ci, 3-cü kurslara qəbul etsək, onda akademik borc yaranacaq. Təbii ki, üst-üstə düşən fənlər olsa, onları ləğv etmək olar. Sovet dönəmində də belə bir qayda var idi".

12 illik təhsil sisteminə də keçilməli olduğunu qeyd edən ekspert 11 və 12-ci siniflərə peşə yönümlü ixtisaslarının gətirilməsinin daha effektli olacağını deyib:

"Əslində Azərbaycanda 12 illik təhsil sisteminə keçilməli idi. Bunu gecikdirən əsas səbəblərdən biri builki tədris ilindən etibarən kütləvi şəkildə X-XI siniflərdə təmayüllü siniflərin yaradılması oldu. Lakin hesab edirəm ki, 2020-ci ildən etibarən 12 illik təhsilə keçiriləcək. Bu, Azərbaycan təhsilinin 2020-ci ilə baxış konsepsiyasında da öz əksini tapıb. Ona görə bu təhsil sisteminə keçməliyik ki, Azərbaycanda təhsil alan şagirdlər Avropa və Amerikada təhsil almağa gedəndə bizdə 11 illik təhsil sistemi olduğuna görə, sənədlərin tanınması, qəbul edilməsi ilə bağlı problemlər yaranır. Bu baxımdan biz təmayül siniflərə keçməkdənsə, 12 illik təhsil sisteminə keçsəydik daha effektli olacaqdı. 12 illik təhsilin 10-cu sinfə qədəri icbari edib, 11 və 12-ci siniflərə isə peşə təhsilini gətirməklə şagirdlərə həm attestat, həm də peşə təhsili haqqında sənəd versək, əmək bazarına ixtisaslı kadr göndərmiş olarıq. Yox, əgər həmin şagirdləri bu pillədən sonra yenə eyni ixtisasın ali təhsil pilləsinə göndərsək, onlar artıq yaşlı işçi qüvvəsinə çevriləcəklər. Halbuki, əmək bazarı daha gənc, daha çevik işçilər istəyir".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.