SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nardaranda Daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib - ŞİKAYƏT

Nardaranda Daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib - ŞİKAYƏT

Tarix:

30-10-2017, 16:26

/ 61 312 dəfə oxundu.
Nardaranda Daş karxanası onlarla ailə üçün təhlükə mənbəyinə çevrilib - ŞİKAYƏT

Onlarla ailənin sağlamlığı ilə oynayanlar kimdir? Yaşayış yerindən 10 metr uzaqlıqda daş karxanasının olmasına kim icazə verib?
Əslində, oxşar suallar çoxdur. Elə bu sualların çoxunu sakinlər müxtəlif qurumlara da yönəldiblər, amma cavab qane edici deyil.
Musavat.com xəbər verir ki, söhbət Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləyiş bağlar massivində yerləşən daş karxanasından gedir. 1965-ci ildə bu ərazidə hökumət tərəfindən müxtəlif sahələrdə çalışan şəxslərə ev tikilməsi üçün torpaq verilib. Onlar da yavaş-yavaş burada evlərini tikib, bağ salıblar.
Bağ evlərinin sahiblərinin hər birində qanuni sənəd var. İllərdir, burada yaşayırlar. İndi isə başlarına böyük bir bəla açılır. Belə ki, illər öncə balaca halda olan karxana indi özəlləşdirilərək “Nardaran daş karxana təsərrüfatı-LTD” MMC adını alıb. Karxana hazırda ərazini qaza-qaza gəlib, yaşayış evlərinin düz yanına çıxıb. Bu da böyük təhlükə deməkdir.
Bəhs edilən ünvanda yaşayan sakinlər musavat.com saytına müraciət ediblər. Onlar öz sağlamlıqları və qanuni haqları üçün mübarizə aparırlar.
Şikayətçi sakinlərdən biri olan Altay Bağırov deyir ki, onların tək istəyi sağlam şəkildə həyatlarına davam etməkdir: "Bura tarixi İsmixan qayasıdır. Vaxtı ilə buralarda bağ evləri olub. Sonra Sovet hökuməti torpaqları onlardan alıb, sovxoz edib. Bir müddət sonra isə görüblər ki, torpaq şorlaşır və qərar veriblər ki, torpaqları müxtəlif rəsmi qurumlara paylasınlar. Beləliklə bağlar idarəsi yaradılır və həkimlər, müəllimlər, incəsənət xadimləri burada bağ salırlar.
Həmin dönəmdə burada ev tikilməsi üçün daş karxanası yaradılır. Bu karxana sırf burada tikilən evləri daşla təmin etmək üçün nəzərdə tutulur və bu karxana evlərdən çox uzaqda idi. Amma indi bu karxananı özəlləşdiriblər. Yavaş-yavaş da evlərə doğru gəlirlər. İndi durduğumuz yerlər də kiminsə bağıdır. Gəlib buranı da zəbt ediblər.
Əvvəllər karxana bizi narahat etmirdi. Uzaqda idi, həftə sonları işləmirdilər, bizi narahat etmirdilər. İndi isə ölümlə, xəstəliklə üz-üzə qalmışıq. Bu ərazi küləklidir. Evlərimiz toz içində qalır. Bütün toz nəfəsimizə gedir. Bunun da nə ilə nəticələnəcəyini hamı yaxşı bilir, ölüm... Gecə-gündüz işləyirlər. Pəncərə aça bilmirik, bu cür təmiz havanı nəfəsimizə çəkə bilmirik. Ağaclarımız quruyub gedir".
A.Bağırovun sözlərinə görə, daş karxanasının bu qədər yaxın məsafəyə gəlib çıxması, onların həyatlarını təhlükə altında qoyur: "Aramızdakı məsafəyə baxın, bu qədər yaxın məsafədə daş karxanası olar? Bunlara kim icazə verib ki, gəlib bu qədər insanın sağlamlığı ilə oynasınlar. Əgər burada daş karxanası olsaydı və biz sonradan gəlib ev tiksəydik, onlar haqlı olardılar. Amma burada əvvəlcə biz yaşamışıq, karxana sonradan tikilib. 65 hektar ərazinin 62 hektarını işləyiblər, geridə qalan 3 hektarı da qazmaq istəyirlər. Başa düşürəm, pul qazanmaq istəyirlər. Amma pulu kiminsə sağlamlığı ilə oynamaqla qazanmaq olmaz axı...
Ərazi böyük bir yaraya bənzəyir. Baxın, qazdıqları ərazini zibillə doldururlar. Bura getdikcə böyük bir zibilxanaya çevriləcək. Tamamı ilə qanunsuz işləyirlər. Bütün məhəllə sakinləri olaraq narazıyıq, bizim hüquqlarımız tapdanır. Bu ölkədə qanun var və qanun vətəndaşları qoruyur. Bunlar kimdir ki, qanunu pozurlar?
Biz məhkəməyə də müraciət etmişik. Sabunçu rayon məhkəməsində işə baxılmadı. Biz də Bakı Apellyasiya Məhkəməsinə müraciət etdik. Orada ədalətli qərar qəbul edildi. Karxananın fəaliyyətinin məhkəmə prosesinin bitməsinə qədər dayandırılmasına qərar verildi. Sabunu məhkəməsinə bir dəfə də olsun, gəlməyənlər Ali Məhkəməyə müraciət etdilər və oradan da fəaliyyətin bərpası ilə bağlı qərar çıxdı. Bu, necə oldu, belə işə necə icazə verilə bilər?"
Ətrafda yaşayan sakinlərdən də öyrədim ki, daş karxanası işlədiyi müddətdə heç bir qanunun tələbi yerinə yetirilməyib. İşçiləri xüsusi geyimdə olmurlar, kim necə gəldi elə də işləyir. MMC sahibi də nəzarətsizlikdən faydalanır.

Şərhlər

XƏBƏR LENTİ