SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Səhiyyə Nazirliyinin qabağında yorğan-döşək atıb..." - GİLEY

"Səhiyyə Nazirliyinin qabağında yorğan-döşək atıb..." - GİLEY

Tarix:

11-10-2017, 15:31

/ 83 265 dəfə oxundu.
"Səhiyyə Nazirliyinin qabağında yorğan-döşək atıb..." - GİLEY

«Pul vermirəm deyə, təcili yardım çağıranda gəlmir. Xəstəxanalarda da üzümə baxan yoxdur. Necə pul verim bunlara? Qarabağ döyüşçüsü olmuşam, bədənimdə 32 qəlpə gəzdirirəm, 47 manat pensiya alıram...». Cəmşid Rzaquliyev Qarabağ döyüşçüsüdür. Deyir, uzun müddətdir ki, səhhətində yaranan ciddi problemlərə görə müalicə ala bilmir. Son iki ildə vəziyyəti daha da ağırlaşıb.

Xəstəliklərini sadaladıqca tükənmir: «Sinir sistemim tamamilə pozulub, beyin qabığında quruma gedir, bronxial-astmadan əziyyət çəkirəm, mədə, qaraciyər, prostat vəzi, bağırsaqda genişlənmə... Sidiyə, nəcisə çıxa bilmirəm, hansı xəstəxanaya müraciət edirəmsə, bir-az çığır-bağır salandan sonra 5-10 gün sistem qoyub yola salırlar. Mənə kompleks müalicə lazımdır. Bu günədək dövlətdən heç nə istəməmişəm, indi isə tələb edirəm – məni müalicə etsin. Mənə bir həkim ayırsın, götürüm xəstəlik kağızlarımla, reseptlərlə dolu qovluğu, gedim yanına, ya məni diriltsin, ya da öldürsün, canım qurtarsın. İki ildir əziyyət çəkirəm, ağrılara dözə bilmirəm, o qədər çığır-bağır salmışam ki, artıq məndən pul da istəmirlər, sadəcə, üzümə baxmırlar, səhiyyə xidməti göstərmirlər. Vəziyyətim gündən günə ağırlaşır. Boynuma bir plakat asıb gedib Səhiyyə Nazirliyinin qabağında yorğan-döşək atıb, ölüm aclığına başlayacam. Məni buna məcbur etməsinlər. Canımdan bezdiriblər».

C.Rzaquliyev deyir, Qarabağ döyüşçüsü kimi yaralandığını təsdiqləyən sənədləri olsa da, indiyədək ona əlillik dərəcəsi təyin edilməyib. 47 manat məbləğində müavinəti isə xəstəliyə görə alır. Səhhətindəki problemlər onun əmək fəaliyyəti ilə məşğul olmasına da əngəl yaradıb.

Deyir, bəxti bircə onda gətirib ki, ailəsi, külfəti yoxdur, yoxsa onun da dərdi üstünə gəlsəydi, çoxdan qubar bağlamışdı. C.Rzaquliyev müalicə olunarsa, işsizlik problemini də həll edəcəyinə inanır.

Şərhlər

XƏBƏR LENTİ