12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günüdür
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib.
1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyasıdır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. 1921, 1925 və 1978-ci ildə qəbul edilən hər 3 konstitusiya SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə yaradılan Konstitusiya Komissiyasının hazırladığı Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Azərbaycan Prezidentinin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.
Ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bununla da Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Azərbaycan qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 2023-cü ilin sentyabrında qəhrəman ordumuzun həyata keçirdiyi 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa etdi. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olundu. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə 20 sentyabr ölkəmizdə Dövlət Suverenliyi Günü elan edildi. 30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünü və süverenliyini bərpa edən Azərbaycanda 2024-cü il fevralın 7-də müstəqillik tariximizdə ilk dəfə bütün ölkə ərazisində prezident, sentyabrın 1-də isə parlament seçkiləri keçirildi. Son illər sürətli və dinamik inkişaf yolu keçən, tarixi nailiyyətlər əldə edən Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra ilk dəfə bütün ölkə ərazisində keçirilən prezident seçkiləri çox mühüm tarixi məqamları ilə yadda qaldı.
Ölkəmizin başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində 2024-cü ildə Qarabağ Zəfəri siyasi-diplomatik müstəvidə daha da möhkəmləndirildi, əsas hədəflərə nail olundu. Azərbaycanın hərbi qüdrəti artırıldı. Qarabağda və Şərqi Zəngəzurda bərpa-quruculuq işləri daha da sürətləndirildi. Zəngilana, Füzuliyə, Laçına, Şuşaya və Xocalıya keçmiş məcburi köçkünlərin mərhələli qayıdışının təmin olunması istiqamətində işlər uğurla davam etdirildi. Kəlbəcər, Cəbrayıl, Ağdam və digər rayonlarda insanların doğma yurdlarına qayıdışı ilə bağlı intensiv işlər davam etdirildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbənin 5-ci ildönümünü nəzərə alaraq Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir. Bu anlayışlar təkcə dövlətin hüquqi və siyasi əsaslarını deyil, həm də xalqımızın milli kimliyini və birliyini ifadə edir. Qırx dörd günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfər yalnız hərbi deyil, həm də hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəlir. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründə Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri, məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması və iqtisadi inteqrasiya layihələri suveren dövlət anlayışının real təcəssümü olub.
Ramil Qədimquliyev –hüquqşünas, BDU-nin doktorantı

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb
Reuters: Qara dənizdə “Chevron”un istifadə etdiyi tankerə PUA hücumu olub