SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Subsidiya adı altında korrupsiya davam edir - Heydər Əsədovun cavablandırmadığı suallar

Subsidiya adı altında korrupsiya davam edir - Heydər Əsədovun cavablandırmadığı suallar

Tarix:

1-02-2017, 20:09

/ 1 357 dəfə oxundu.
Subsidiya adı altında korrupsiya davam edir - Heydər Əsədovun cavablandırmadığı suallar

Azərbaycanda rəsmilərin açıqlamaları rəsmi məlumatların bir-birinə ziddiyyət təşkil etməsi artıq ənənə xarakteri almağa başlayıb. Ancaq çox maraqlıdır ki, bu ziddiyət tam çılpaqlığı ilə üzə çıxsa da rəsmlər bundan azacıq da olsa narahat olmurlar. Buna görə, biz rəsmi şəxslərin təkziblərinə rast gəlmirik. Araşdırılma aparılsa rəsmi məlumatlarla ziddiyyətli açıqlama verən məmurların siyahısına iqtisadiyyat naziri Şahin Mustafayevlə kənd təsərrüfatı naziri Heydər Əsədov başçılıq edər.
Son zamanlar kənd təsərrüfatı naziri Heydər Əsədovun açıqlamaları ilə rəsmi məlumalar daha çox ziddiyyət təşkil etməyə başlayıb. Məsələn, bir neçə gün öncə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirmişdi ki, Azərbaycan hökuməti ötən il buğda və çəltik istehsalına görə 80 mln. manat subsidiya verib. Nazir Heydər Əsədovun sözlərinə və onun başçılıq etdiyi nazirliyin rəsmi açqılamasına görə ötən il Azərbaycanda buğda istehsalı artıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il Azərbaycanda buğda istehsalı 1 mln. 844 min ton olub. Bu, 2015-ci ildəkindən 10faiz çoxdur. Buğda istehsalının nə az, nə çox düz 10 faiz artması, bu məhsulun idxalının azalmasına və deməli ölkədən valyuta axının azalmasına təsir etməli idi. Ölkədə valyuta böhranın yaşandığı indiki zamanda bu məqam daha əhəmiyyətli görünürdü.
Ancaq Kənd Təsərrüfatı Nazirliyi və bu qrumun başında duran nazir Heydər Əsədovun dediklərinin reallıqdan uzaq olduğunu Dövlət Statistika Komitəsinin rəsmi məlumatı təkzib edir. Belə ki, Dövlət Statistika Komitəsindən verilən rəsmi məlumata görə, 2016-cı ildə buğda idxalı il ərzində 18,2% artaraq rekord həddə – 1,6 mln. tona çatıb. Ölkədə buğda istehsalının rekord həddə çatdığı və özündən əvvəlki illə 10 faiz artımın olduğu bir ildə idxal 20 faizə yaxın niyə artmalıdır ki? İdxalın süni artırılması mümkün deyil. Çünki vergi ödənilir. Heç bir iş adamı da idxal etmədiyi məhsula görə vergi ödəməz. Ancaq ölkədə buğda istehsalçılarına büdcə hesabına subsidiya verilməsini nəzərə alanda rəqəmlərin harada şişirdildiyini görmək olar. Hələ iki il əvvəl “Yeni Sözçü” qəzetinin Araşdırma Qrupu Ağcabədi və Beyləqan rayonlarında apardığı araşdırma zamanı bu sahədə ciddi maliyyə fırıldaqlarının üstünü açmışdı. O zaman məlum olmuşdu ki, subsidiya adı altında yerli məmurlar külli miqdarda büdcə vəsaitini mənimsəyirlər. Hətta biznes və sahibkarlıq faəliyyəti qanunla qadağan edilən məmurların belə iri məbləğdə subsidiya aldıqları üzə çıxarılmışdı. Təəssüf ki, o zaman həmin məlumatlar Kənd Təsərrüfatı Nazirliyinə göndərilsə də, heç bir xeyri olmadı. Əksinə, Kənd Təsərrüfatı Nazirliyinin yerli idarələri qalaq-qalaq sənədlə həmin araşdırmadakı məlumatları təkzib etməyə çalışdılar. Halbuki o zaman ciddi tədbirlər görülsəydi, vəziyyyət bu həddə çatmazdı. Yeri gəlmişkən qeyd edək ki, prezident İlham Əliyev də dəfələrlə subsidiyaların verilməsində mənimsəmələrin olduğunu bəyan edib. Ancaq təəssüf ki, dövlət başçısının tənqidi çıxışları da heç bir müsbət nəticəyə gətirib çıxarmayıb. Bunun nəticəsində ötən il buğda idxalı 20 faizə yaxın artıb, ölkədən valyuta axını daha da güclənib. Yeri gəlmişkən qeyd edək ki, ötən il dünya bazarlarında buğdanın ucuzlaşması müşahidə olunub. Bu da ABŞ, Kanada, Rusiya, Ukrayna və Kazaxısatn kimi ölkələrdə taxılın istehsalının kəskin artması ilə izah olunub. Ötən il buğdanın bir tonun qiyməti 2015-ci ilə nisbətən 35-40 dollar ucuz olub. Əgər Azərbaycanda yerli buğda istehsal kənd təsəürrfatı nazirinin dediyi kimi artsaydı və idxalın artması əvəzinə azalmasını müşahidə etsəydik, o zaman ölkədən valyuta axını da azalmış olardı. Ancaq reallıqda biz bunun tam əksi olan bir prosesin şahidi oluruq.
Çünki, ölkədə taxıl istehsalının həcmi süni şəkildə şişidilir. Bu yalnız bizim iddiamız deyil. Müstəqil ekspertlər taxıl istehsalının həcmi süni şəkildə şişirdiliyi qənaətindədirlər.
Bu iddianı təsdiq etmək isə çətin deyil. Bircə nümunə ilə bu iddianı təsdiq etmək olar. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytında 25 may 2016-cı il tarixinə Ağdam rayonunun Xındırıstan kənd ərazi komissiyası üzrə istehsalçıların siyahısı, əkin sahələri və onlara ödəniləcək yardımın məbləği barədə məlumata diqqət edəndə subsidiya alanlar arasında Meliorsaiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin ən böyük idarələrindən olan Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Behbudov Mirzalı Mehralı oğlunun da adı var. Hüquqi ünvanı Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, 20 yanvar küçəsi 18-də yerləşən Subartezian Quyularına Servis Xidməti İdarəsinin sənədlərinə diqqət edilsə, bu idarənin ölkənin əksər rayonlarında subartezian quyularını təmir etməsi haqqında məlumatlar üzə çıxacaq. Bu qədər geniş ərazidə iş aparan bir idarənin rəisinin daim iş başında olması tələb olunur. Elə isə Abşeron rayonundan 380 km aralıda yerləşən Ağdam rayonun Xındırıstan kəndində Subartezian Quyularına Servis Xidməti İdarəsinin rəisi Mirzalı Behbudovun dövlətdən aldığı subsidiyanı nəyin müqablində aldığını aydınlaşdırmağa çalışacağıq. Eyni zamanda bu fakta Kənd Təsərrüfatı Nazirliyinin və Meliorsaiya və Su Təsərrüfatı ASC-inin rəhbərliyinin mövqeyini də öyrənməyə çalıaşacağıq. Bircə faktın təsdqilənməsi prezident İlham Əliyevi də narahat edən subsidiya korrupsiyanın kökünün kəsilməsinin başlanğıcı ola bilər. Bunu etmək isə hər birimizin borcudur.

Şərhlər

XƏBƏR LENTİ