XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Lənkəranın deputatlarından quyuya atılan 6 günlük körpəyə laqeydlik

Lənkəranın deputatlarından quyuya atılan 6 günlük körpəyə laqeydlik

Lənkəranın deputatlarından quyuya atılan 6 günlük körpəyə laqeydlik
3-08-2017, 09:21

Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi olayı ölkə ictimaiyyətinin hiddətinə səbəb olub
Məlumata görə, hadisə ilə bağlı xeyli sayda suallar var.
Qətlin necə və kim tərəfindən törədilməsi hələ də məlum deyil. İstintaq aparılsa da, hüquqi şərtlərə əsaslanaraq, hələ ki müvafiq orqanlar ictimaiyyətə geniş məlumat vermirlər.
Ölkə ictimaiyyəti isə baş verən hadisəni tənqidlə qarşılayır. Sosial şəbəkələrdə hər kəs 6 günlük körpəyə qarşı edilən bu əməli pisləyir və qətli törədənə ən ağır cəzanın verilməli olduğunu bildirirlər.
Lakin maraqlı hal bundan ibarətdir ki, hadisənin baş verməsindən artıq neçə gün keçməsinə baxmayaraq, heç bir deputat, əsasən də cənub bölgəsindən seçilən millət vəkilləri Lənkərana yollanmayıblar.
Lənkəranın deputatları Hadı Rəcəbli, Rüfət Quliyev, Masallıdan Elmira Axundova və Nəriman Əliyev ən azı həmin ailəyə baş çəkə bilərdi, mətbuatda çıxış edərdilər, hadisə ilə maraqlanardılar.
Ancaq yayın istisində istirahət etməyi seçim edən deputatlar baş verən tükürpədici qətllə maraqlanmırlar.
Halbuki, millət vəkillərinin vəzifəsi həm də bu cür məqamlarda fəal olmaqdır. Məsələn, eyni hal Tovuzda olsaydı Qənirə Paşayeva çoxdan həmin ailənin yanında idi.
Məlumata görə, Lənkəran sakinləri heç vaxt Hadı Rəcəbli ilə Rüfət Quliyev yanlarında görməyiblər.
Hər iki deputat əhalidən uzaq düşüb, camaatı saymır, insanlarla maraqlanmır, dərd-sərinə şərik çıxmır. Bütün ölkə 6 günlük körpənin qətlindən danışır, Sabunçudan deputat seçilən Fazil Mustafa reaksiya verir, amma lənkəranlı millət vəkillri susurlar.
Kim bilir, bəlkə də hansısa ölkədə ya da istirahət mərkəzində dincəlirlər. Ancaq ən azı internetdən, elektron mediadan xəbər tuta bilirlər. Sadəcə, laqeydlik göstərirlər.
Lənkəran sakinləri də sosial şəbəkələrdə hər iki H.Rəcəbli ilə R.Quliyevi qınayırlar, etinasızlıqda, biganəlikdə ittiham edirlər.
Qeyd edək ki, körpəni öldürənin qohumlardan biri olduğuna şübhə edilmir. Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində aparılan ekspertiza zamanı ölən körpənin bədənində qıyıq (iri iynə, yorğan iynəsi) və sancaq dəlikləri müşahidə olunub.
Bu faktor da müəyyən məsələlərlə bağlı şübhələr yaradır. Məlum olduğu kimi, hadisə baş verənin səhəri günü ictimaiyyətdə qeyri-rəsmi olaraq belə bir informasiya dolaşırdı ki, hadisəni körpənin atası törədib.
Səbəb kimi isə körpənin ailədə ikinci qız övladı olması əsas gətirilirdi və bildirilir ki, guya ata qız övladı istəmədiyi üçün belə bir əmələ əl atıb. Jurnalist Fərəh Sabirqızı sosial şəbəkə vasitəsilə fərqli fikir ortaya qoyub.
O bildirib ki, ittiham etməyə heç də tələsmək lazım deyil. Jurnalist qısa şəkildə qeyd edib ki, quru faktlara baxanda, uşağın öldürülməsində sekta simvollarına oxşayan məqamlar var.

Ulus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.