XalqXəbər.Az

www.XALQXEBER.az » Sosial » Jurnalistə hücum edildi, kamerası əlindən alındı

Jurnalistə hücum edildi, kamerası əlindən alındı

Jurnalistə hücum edildi, kamerası əlindən alındı
2-08-2017, 17:25

Aytac Əhmədova: “Polis görsə də, müdaxilə etmədi”

Avqustun 2-də müstəqil jurnalist Aytac Əhmədova çəkiliş edərkən naməlum şəxsin hücumuna məruz qalıb. Hadisə Suraxanı rayonu ərazisindəki “Duzlu Göl” yaxınlığında baş verib.

Bu barədə jurnalist özü danışıb.
Ərazidə yaşayan məcburi köçkünlərə məxsus obyektlərin söküntüsünü çəkən zaman qəflətən bir nəfər jurnalistə yaxınlaşıb və telefonunu əlindən alaraq qaçıb:
“Ətrafda polis də var idi. Ancaq müdaxilə etmədilər. Köçkünlərin obyektləri sökülürdü. Onlar Novruz Məmmədovun adından istifadə edildiyini, söküntünün qanunsuz olduğunu deyirdilər. Biz də çəkməyə getmişdik. Bu zaman arxadan mülki geyimli şəxs yaxınlaşıb telefonumu əlimdən alaraq qaçdı. Arxasınca qaçıb çağırsam da, telefonumu əlindən ala bilmədim. Uzaqlaşıb maşına mindi. Üzərindən 20 dəqiqə keçəndən sonra Suraxanı rayon İcra Hakimiyyətinin nümayəndəsi telefonu mənə qaytardı. Saat 10:10 radələrində obyekti sökülən adamla icra nümayəndələri arasında dava düşdü. İcra nümayəndələri məcburi köçkünlərə qarşı zor tətbiq edirdi. Bunları çəkəndə yenə həmin adam qəfildən kamera ilə ştativi (üçayaq) əlimdən aldı. Sonra maşına minərək uzaqlaşdı”.
Aytac Əhmədova “azadlıq.info” saytı ilə də əməkdaşlıq edir və hadisə zamanı jurnalist vəsiqəsini göstərib:
“Buna rəğmən çəkilişə imkan vermədilər. Azmış kimi kamera və üçayağı da əlimdən aldılar. Bununla bağlı polisə və digər aidiyyatı qurumlara müraciət edəcəm. Texniki avadanlıqları qaçıran şəxsin avtomobilinin görüntüsü də var. Ümid edirəm polis işi obyektiv araşdırıb, əşyalarımı geri qaytaracaq”.
Aytac Əhmədovanın əşyalarını əlindən alan şəxs “VAZ2107” markalı, “99LX720” nömrə nişanlı maşınla ərazidən uzaqlaşıb.
Məsələyə münasibət öyrənmək üçün Suraxanı Rayon Polis İdarəsi ilə əlaqə saxladıq. Ümumi şöbədən hadisədən xəbərsiz olduqları bildirilib:
“Söküntüdən də, kameranın alınmasından da xəbərsizik. Bunu polisin hər hansı bir əməkdaşı etməyib. Ola bilsin oğru olub, maraqlanarıq”.
Ətrafda polis olmasına rəğmən müdaxilə edilməməsinə gəlincə, polislərin bunu ya görmədiklərini, ya da başlarının qarışıq olması səbəbindən fikir vermədiklərini bildiriblər.
Suraxanı Rayon İcra Hakimiyyətindən isə hadisə ilə bağlı açıqlama almaq mümkün olmayıb:
“Hamı nahar fasiləsindədir. Hazırda sizə cavab verəcək biri yoxdur”.
Jurnalist Aytac Əhmədova baş verən hadisə ilə bağlı Mətbuat Şurasının sədri Əflatun Amaşova da yazılı məlumat verib.
MŞ üzvü Əvəz Rüstəmov hadisə barədə araşdırma apardıqlarını, Daxili İşlər Nazirliyinə və Suraxanı rayon İcra Hakimiyyətinə də məlumat verdiklərini deyib:
“Bizə bildirildi ki, avadanlıqlar tapılıb, gün ərzində jurnalistə təhvil veriləcək”.

***
Suraxanı rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov hadisə yerində olduğunu və jurnalistə məxsus avadanlıqların geri qaytarılacağını deyib:
“Biz kameranı və ştativi qaçıran adamla əlaqə saxlamışıq. Həmin avadanlıqları Suraxanı rayon Polis İdarəsinə təhvil verəcəklər. Jurnalist sabah gedib polisdən ala bilər”.
Mehman Hüseynovun sözlərinə görə, hadisəni törədən şəxs icra hakimiyyətinin əməkdaşı deyil:
“Ərazidə ticarətlə məşğul olan şəxslərdən biridir. Bizimlə əlaqəsi yoxdur”

Meydan TV
Jurnalistə hücum edildi, kamerası əlindən alındı
Jurnalistə hücum edildi, kamerası əlindən alındı

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.