SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » "Əsəblərim korlanıb, gecələr yata bilmirəm" - Lənkəran Əlillərin Bərpa Mərkəzində ÖZBAŞINALIQ!

"Əsəblərim korlanıb, gecələr yata bilmirəm" - Lənkəran Əlillərin Bərpa Mərkəzində ÖZBAŞINALIQ!

Tarix:

2-04-2024, 11:42

/ 371 dəfə oxundu.
"Əsəblərim korlanıb, gecələr yata bilmirəm" - Lənkəran Əlillərin Bərpa Mərkəzində ÖZBAŞINALIQ!

Lənkəran şəhəri, Fizuli küçəsi, ev 170-də yaşayan Hüseynov Aydın Mirzə oğlu tərəfindən “Hürriyyət” qəzetinin redaksiyasına şikayət məktubu daxil olub. O, Lənkəran Əlillərin Bərpa Mərkəzindən narazılığını bildirir:

“Mən, Hüseynov Aydın Mirzə oğlu, əlilliyi olan şəxsəm. İki ayağım dizdən, sol əlimin isə barmaqları amputasiya olunub. Neçə illərdir əlillər üçün yaradılan reabilitasiya bərpa mərkəzlərində növbəli əsaslarla müalicə almışam.

Mart ayının 18-də Lənkəran Əlillərin Bərpa Mərkəzinə getdim. Mənim kimi xəstələrin dərdini ancaq bu halda olanlar bilər. Necə ağrılar olur… Hər zaman kiminsə baxımına möhtac adamlarıq.

Mart ayının 19-da, səhər saatlarında mənə dedilər ki, mərkəzin rəhbəri İqbal müəllim sizi cağırır. Otağına daxil olan kimi mənimlə çox sərt danışdı. Sanki qabağında sağlam adam var idi, yaxud da uşaqla söhbət edirdi. Mən onu təmkinli olmağa və aydın danışmağa səslədim. Lakin o, buna məhəl qoymadan məni təhqir etməyə başladı. Məni otaqda siqaret çəkməkdə və yerə su dağıtmaqda günahlandırdı. Məlum oldu ki, xadimə Dilruba xanım və tibb bacısı Fəridə xanım otaqda su dağıtmağımı və əlavə olaraq otaqda siqaret cəkməyimi yalandan rəhbərliyə çatdırıblar. İqbal müəllim də heç nəyi araşdırmadan mənə qarşı ədalətsiz qərar verdi.

Məlumat üçün bildirim ki, çaydana su tökərkən yerə az miqdarda su dağılmışdı. Otaqda siqaret çəkməyim haqda iddialar isə mənə böhtan idi.

Suyun dağılmasının səbəbini İqbal müəllimə izah etməyə çalışsam da, bunu qəbul etmədi. Bir əlimin barmaqları amputasiya olunduğu üçün su qabı əlimdən sürüşdü. Bunu böyüdüb, bir xəstə insanla bu cür rəftar edən həkimə dövlət bir qurumun idarə olunmasını və xəstə insanlara xidmət göstərməyi necə tapşırıb?

Mən bunları İqbal müəllimə izah etməyə çalışsam da, o, məni dinləmədi, mənim müalicələrimi dayandırdı və məni müalicə müəssisəsindən qovdu. Onun bu davranışı mənə çox mənfi təsir göstərmiş və səhhətimdə ciddi problemlər yaratmışdır. Təzyiqim, şəkərim yüksəlmişdir. Həmin gündən ev şəraitində müalicə alıram. İynə-dərmana azı 350-400 manat pul xərcləmişəm. Əsəblərim korlanıb, gecələr yata bilmirəm. Bir sözlə, haqsızlığın və bir müəssisə rəhbərinin ədalətsiz qərarının qurbanı oldum.

Səlahiyyətli qurumlardan xahiş edirəm, mən köm olsun. Mərkəzdə müalicə almasam ağrılarım kəsmir, gecə-gündüz dözə bilmirəm.

Bizə baxan tibb bacılarına və əziyyətimizi çəkən xadimələrə onu da bildirmək istəyirəm ki, biz sağlam olsaydıq heç ora gəlməzdik, özümüz özümüzə baxa bilsəydik sizlərdən heç nə xahiş etməzdik.

İş yerini seçən insanlardan xahiş edirəm, diqqətli fikirləşin ki, sabah əli-ayağı olmayan insan görəndə insafınızı itirməyəsiz. Mən bir daha səlahiyyətli qurumlardan xahiş edirəm ki, bu məsələ araşdırılsın. Çox təəssüf ki, mənim kimi xəstələrin o cür mərkəzlərə çox ehtiyacı var.

Sonda onu da qeyd edim ki, İqbal müəllimin sosial şəbəkə vasitəsilə yaydığı məlumat tamamilə tibb bacısının və xadimənin uydurmasıdır”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Vətəndaşın müraciətinin araşdırılacağı bildirildi.

Şərhlər

XƏBƏR LENTİ