Mir Yusifə Xalq artisti fəxri adı verdilər, o isə çılpaq qızlarla hovuzun ətrafında kişiliyə ziyan olan enerji içkilərini reklam edir”.
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov ailə münaqişələri haqda danışarkən deyib. Onun sözlərinə görə ailədaxili münaqişlərə səbəb sosial təminat və narkomaniyadır:
“Düşünürəm ki, ailələrdə boşanma işin görünən tərəfidir, buna qədər ailədaxili problemlər olur. Bunların isə 99 faizi sosial təminatla bağlıdır, çünki iştirak etdiyim verilişlərə belə ailələr çox müraciət edir. İnsan nə qədər ehtiyac içində olar, çalışar ki, evinə bir parça çörək aparsın? Mən ailə quranlara həmişə deyirəm ki, evin varmı? Kirayə qalan oğlana qız verənin ağlı yoxdur. Ailələrdə olan sosial problemlər üst-üstə yığılır və sonda da boşanmalara gətirib çıxarır. Bunun daha bir səbəbi isə Azərbaycanda narkomaniyanın geniş yayılmasıdır. Bunun ölkədə çox ciddi, ağır fəsadları var. Xüsusən cənub bölgəsində narkomaniyayla bağlı həyəcan təbili çalmaq lazımdır. Biz İranla sərhədlərimizi açdıq, amma onlardan bizə bir dənə mədəniyyət, elm, təfəkkür yox, alver, narkomaniya və əxlaqsızlıq gəldi. İlk dəfə biz İraqa Məhəmməd Füzulinin yubiley tədbirinə gedərkən Astara keçid məntəqəsindən keçəndə həyatıma nifrət elədim. O hadisələrin şahidlərindən biri də Xalq yazıçısı Anardır. Onda dedim ki, bu qardaşlığın arxasıyca bizə ancaq təhlükə gəlir”.
Xalq artisti ziyanlı enerji içkilərini reklam edən məşhurları da tənqid edib və bunun yolverilməz olduğun deyib:
“Daha bir problem isə cəmiyyətdə təbliğ olunan enerji içkiləridir. Siz təsəvvür edin ki, gənclərimiz bu gün həmin enerji içkilərinin əsirinə çevriliblər. Bu içkilər də narotik qədər təhlükəlidir, asılılıq yaradır. Bunu da bizim məşhurlar reklam edirlər. Mir Yusifə Xalq artisti fəxri adı verdilər, o isə çılpaq qızlarla hovuzun ətrafında kişiliyə ziyan olan enerji içkilərini reklam edir. Mənim həkim dostlarım var və onlar deyir ki, bizim artıq bunun qarşısını almağa imkanımız yoxdur, bu içkilər kişiliyə ziyandır. Bu gün gənclərimizin çoxu xəstəlikdən əziyyət çəkir, evlənə bilmirlər”.