Hüquqşünas: “Bu məhkəmə prosesi bizim ölkədə ilk praktika ola bilər... ”
Mayın 1-də Yasamal Rayon Məhkəməsində “Space” televiziyasının efirində işlətdiyi nalayiq ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə iclası davam etdirilib.
“Report”un yaydığı məlumata görə, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə R.İlyasovun müdafiəsinə vəkil Şahmar Məmmədovun qoşulduğu elan olunub.
Bildirilib ki, R.İlyasovla R.Axundov bugünkü məhkəmə prosesinə də gəlməyiblər.
Daha sonra xüsusi ittihamçı Rahim Sadıqlının nümayəndəsi çıxış edib. O deyib ki, “Space TV”-də “Hər səhər” verilişində qeyri-etik ifadələr səsləndirilib: “Buna görə də hər iki şəxs cinayət məsuliyyətinə cəlb edilib 6 ay müddətinə azadlıqdan məhrum edilsin”.
Xüsusi ittihamçı R.Sadıqlı da vəkili ilə razı olduğunu söyləyib, müğənnilərin həbs edilməsini istəyib.
Müğənnilərin vəkilləri isə məhkəmədən xahiş edərək xüsusi ittihamçının şikayətinin təmin edilməməsini istəyib.
Proses mayın 2-dək təxirə salınıb. “Yeni Müsavat”ın əməkdaşı sonrakı məhkəmə prosesinin nəticəsi barədə hər iki müğənninin rəyini öyrənməyə çalışıb. Lakin müğənnilər bu barədə susmağa üstünlük verib. Belə ki, müğənni Rüfət Axundovun Nemət adlı köməkçisi əməkdaşımıza açıqlamasında bildirib ki, müğənni məhkəmə prosesindən xəbərdardır: “Lakin hələlik bu barədə danışmaq istəmir. Bildiyiniz kimi, Rüfət bəy məhkəmə ilə bağlı özünə vəkil də tutub. Bu işlərlə vəkil məşğul olur”.
Əməkdar artisti Rəşad İlyasov da hələlik bu barədə danışmaq istəmədiyini dedi: “Daha sonra bu haqda məlumat verəcəm”.
Bəs məhkəməyə verilən müğənnilər efirdəki təhqiredici ifadələrinə görə vətəndaşın müraciəti əsasında həbs oluna bilərmi?
Hüquqşünas Əsabəli Mustafayev məsələ ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bu barədə hələlik bizim ölkədə praktika yoxdur. Lakin xarici ölkələrdə bu cür məhkəmə prosesləri keçirilir. Əgər vətəndaş hesab edirsə ki, televiziyada edilən təhqir və yaxud söyüş onda psixoloji gərginlik yaradıbsa, mənəvi ziyan alıbsa, ictimai qayda pozuntusu, hörmətsizlik varsa, məhkəməyə müraciət edə bilər. Hər halda, bu, başlanğıc üçün ilk cəhd ola bilər. Sonda məhkəmə vətəndaşa nə dərəcə ziyan dəydiyini qiymətləndirib, qərar verəcək”.
Qeyd edək ki, aprelin 5-də “Space TV”də “Hər səhər” verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Televiziya və Radio Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub. Dövlət televiziyasının solisti olan Rəşad İlyasova isə 6 ay müddətinə efirə çıxmağa qadağa qoyulub.
Bir müddət sonra isə vətəndaş Rahim Sadıqlı Yasamal Rayon Məhkəməsinə müraciət edərək hər iki müğənninin Cinayət Məcəlləsinin 148-ci (təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) maddəsinin sanksiyası çərçivəsində cəzalanmasını tələb edib.
“Yeni Müsavat”