SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Şəkidə sakinlərin suyunu niyə kəsirlər? - ŞİKAYƏT

Şəkidə sakinlərin suyunu niyə kəsirlər? - ŞİKAYƏT

Tarix:

11-07-2017, 09:26

/ 60 634 dəfə oxundu.
Şəkidə sakinlərin suyunu niyə kəsirlər? - ŞİKAYƏT

Bu günlərdə Şəki rayonu Köbər Zəyzid kəndinin sakinləri redaksiyaya müraciət ediblər.
Sakinlərin sözlərinə görə, bələdiyyə sədri Novruz Musayev onların artezian quyusundan normal qaydada istifadə etməsinə imkan vermir.
“Başqa kəndlərdə gündə dörd saat olmaqla su verilir, hər evdən 3 manat alınır. Bizim kənddə isə eyni məbləğlə gündə saat yarım su verilir. Etiraz edənlərin isə evindən su xətti ayrılır. Bələdiyyə işçiləri istədikləri kimi hərəkət edirlər, sədr Novruz Musayev isə şikayətlərimizi dinləmir”, – deyə sakinlər bildiriblər.
Bələdiyyə sədri N.Musayevlə əlaqə saxladıq.
“Mən bilmirəm, bu barədə sizə kim məlumat verib, amma o arteziana bələdiyyə baxmır. Artezianın sahibi Mustafayev Nəsirdir. O adam öz puluyla avadanlıq alıb, motorxana yaradıb. Sakinlər də suyun evlərə vurulması istifadə etdikləri elektrikin pulunu verirlər”, – deyə Novruz Musayev bildirdi.
“Siz hər hansı şikayəti dinləyə, müdaxilə edə bilmirsiz? Bəlkə, doğrudan da kompromis üçün nəsə eləmək mümkündür?”, – deyə soruşduq.

“Bizim müdaxilə etməyə ixtiyarımız yoxdur”, – deyə bələdiyyə sədri bildirdi.

“Artezian quyusu kimin torpağında yerləşir?”, – deyə soruşduq.

“Bizim bələdiyyənin… Amma bunun məsələyə nə dəxli var? Bu işə cavabdeh şəxs başqasıdır, sakinlər də məsələni onunla müzakirə etsinlər”, – deyə bələdiyyə sədri cavab verdi.
Adıkeçən Nəsir müəllimlə də əlaqə saxladıq, o isə bildirdi ki, motorxana onun yox, kənd sakinlərinin hesabına yaradılıb.
“Sadəcə mənim maşınım vardı, sənədləşdirmə üçün ora-bura gedib-gələ bilirdim. Texniki şərt də mənim adıma alındı. Üç yüz manatdan çox borc mənim adıma qaldı. Sonra belə qərara gəldik ki, bu motorxananı elə mən işlədim, verdiyim borcu da çıxarım. Hər evdən 30-40 qəpik pul qalır. Mən də işimi-gücümü atıb bu işlə məşğul olum”, – deyə Nəsir müəllim bildirdi.

“Sakinlər borcu vermədilər?”, – deyə soruşduq.
“Veriblər, bir neçə nəfər xeyirxah sakin yığışıb o borcu qarşıladı…. Hazırda elə bir şikayət yoxdur. Motorun gücünə görə, evlərə su veririk. Sadəcə iki nəfər narazılıq edir. Yəqin, sizə də onlar məlumat verib”, – deyə N.Mustafayev cavab verdi.

Qafqazxeber.az

Şərhlər

XƏBƏR LENTİ