XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » "Adamın əsəbiylə bu qədər oynamaq olmaz” - Milli Qəhrəmanın atası icra başçısından şikayətlənir

"Adamın əsəbiylə bu qədər oynamaq olmaz” - Milli Qəhrəmanın atası icra başçısından şikayətlənir

"Adamın əsəbiylə bu qədər oynamaq olmaz” - Milli Qəhrəmanın atası icra başçısından şikayətlənir
3-07-2017, 14:23

Aprel şəhidimiz, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev oğlunun adının bu günə kimi əbədiləşdirilməməsindən şikayətçidir

O, belə deyib:

"Muradın adının əbədiləşdirilməsi üçün heç bir iş görülməyib. Siz özünüz də bizim evimizdə qonaq olmusunuz. O vaxtdan nə görmüsünüz elə odur. Həmin bərbad yolumuz indiyə kimi təmirsiz qalıb. Mən başa düşürəm bunlar vaxt aparan işdi, amma heç olmaya adam bilə ki, nəsə iş görürlər. Bir il dörd aydır. Belə baxımsızlıq olmaz axı. Prezident Administrasiyasından bura 32 sual ünvanlanmışdı ki, Milli Qəhrəmanın ailəsinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün tədbir görülsün. Amma ortada heç nə yoxdur. Həmin yol, həmin ev, həmin torpaqdı. Bir dənə hasarımı çəkiblər. Gördükləri iş budur.
Bizim Muğan Gəncəli kəndi Muradın doğulub-boya başa çatdığı kəndi. Bura ölkənin hər yerindən gəlirlər. Gələn adam Milli Qəhrəmanın ata evinə gedən yolun belə bir bərbad vəziyyətdə olduğunu görsə necə olar? Heç olmaya yoldan kəndə gələndə bir yazılı lövhə qoyulmalıdı ki, bura Murad Mirzəyevin kəndidir. Sadəcə bir yerə iki yolka ağacı əkilibsə, mən də deyim ki, iş görürlər. Bir il dörd ay ərzində bir qəhrəman üçün dörd ağac əkilməyibsə, bunun axırı nə olacaq? Məni narahat edən bunlardı.
Bizim evin yaxınlığına bir az xırda çay daşı töküblər ki, guya yolu təmir edirlər. Mən özüm başçıya dedim ki, bu bir biabırçılıqdı. Nə olursa olsun bu insanın adına bir şey əbədiləşsin ki, biz də bilək nəsə etdilər. Murad Mirzəyevin ünvanı Sabirabad rayon Muğan Gəncəli kəndidir. Muradın başqa bir ünvanı yoxdur. Murad on dörd yaşından bu evdən çıxıb. Mənə çox maraqlıdır ki, bir il dörd ay ərzində bunlar bir şey edə bilmədilər. Aprel ayı prezidentin dilindən düşməyən aydı. Bir sözü nə qədər deməliyəm. Mən axı elə adam deyiləm ki, hər dəfə gedəm yapışam onların ətəyindən. Onsuz da mən lazımı orqanlara gedib çıxacam. Stress keçirmiş bir adamın əsəbiylə bu qədər oynamaq olmaz axı”.
Xatırladaq ki, Murad Telman oğlu Mirzəyev 1976-cı il martın 31-də Sabirabad rayon Muğan Gəncəli kəndində anadan olub. 1991-1994-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. 1998-ci ildə Türkiyədə hərbi məktəbi bitirib. Murad Mirzəyev ABŞ-da, Rumuniya və İordaniyada baş tutan təlimlərdə iştirak edib.
Xüsusi Təyinatlı Qüvvələrin zabiti polkovnik-leytenant Murad Mirzəyev 2016-cı il aprel döyüşləri zamanı qəhrəmancasına Şəhid olub. Ölümündən sonra Murad Telman oğlu Mirzəyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Ailəlidir iki övladı var.

moderator.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.