XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Əsədov fermerlərin dərdindən xəbərsizdir - Masallıdan şikayət

Əsədov fermerlərin dərdindən xəbərsizdir - Masallıdan şikayət

Əsədov fermerlərin dərdindən xəbərsizdir - Masallıdan şikayət
5-06-2017, 10:27

“Mövsüm vaxtıdır, işimiz artıb. Gecə-gündüz sahələrdəyik. Kənd təsərrüfatı məhsulların əkinində risk böyükdür. Əkirsən torpağı, bir dəfə məhsul verir, bir dəfə vermir. Məhsul verməyəndə əlində nə var idi gedir. Kül olur kəndlinin başına”. Masallı rayonun Təklə kənd sakini Səmədağa Həsənov belə deyir. O kənd təsərrüfatı məhsulların əkini ilə bağlı problemlərdən danışır: “Kənd sakinləri 200 hektara yaxın sahədə taxıl əkmişdilər, su altında qaldı, məhv oldu. Traktor hər hektarı 35-40 manata sürür, toxumun hər kiloqramına 40 qəpik ödənib. Hər hektara 200 kiloqram toxum gedir və 100 manatdan çox pul xərclənir. Həmin sahədən ot da götürə bilmədilər. Payız, qış aylarında sel bizi basır, yaz və yay aylarında suya həsrətik. Bu problemi dəfələrlə qaldırmışıq. Həllini tapmır”.

Onun dediyinə görə, Təklə kəndinin sakinləri əsasən tərəvəz becərirlər: “Cənub bölgəsində yeganə cəfəri plantasiyası bizdədir. Hektarla əkirlər. Bu il yaxşı məhsul var. Lakin tədarükçülər cəfərini çox ucuz götürürlər, bir dəstəsini 2 qəpiyə. Amma bazarda bunun bir dəstəsi 10 qəpiyədir. Göy soğan da elə. Göy soğanın bir dəstəsini 4 qəpiyə götürürlər, bazarda 10 qəpiyədir. Bununla nə etmək olar? Bir kisə cəfəriyə 2 manat pul verirlər. Alan da azdır. Əvvəllər cəfərini Rusiyaya aparardılar. İndi gözümüz dikmişik daxili bazara. Orda da tələbat azdır...”

Kənd sakini alıcı azlığından gileylənir. Onun fikrincə, problemlərdən biri də sərfəli bazar tapmaqdır: ”Özüm 70 sot qarğıdalı əkmişəm. Toxumu Türkiyədən gətirilib, 400 qramını 25 manata almışam. Məhsuldardır. Hələ ki, vəziyyət yaxşıdır. Yaxşı məhsul əldə edilsə, hər hektarından 2 min manatdan yuxarı gəlir əldə etmək olar. Alıcı lazımdır”.

Masallı rayonun Həsənli kənd sakini Toğrul Mərhəmli isə badımcan sahələrində xəstəliyin yayıldığını bildirir: “Kənd təsərrüfatı məhsulların yetişdirilməsi üzrə ixtisaslaşmış kəndlər var. Məsələn bizdə daha çox badımcan əkirlər. Qonşu Ərəb kəndində də badımcan sahələri çoxdur. İlk vaxtlarda vəziyyət yaxşı idi. Bitki boy atmağa başlayanda xəstəlik yarandı. Gəlirlər-gedirlər, xəstəliyi müəyyən edə bilmirlər. Sahələr məhv olur, yanır. Bu il taxıl azdır, quraqlıq oldu. Ot da azdır. Mənə elə gəlir ki, kəndlinin qazancı bu il elə də yaxşı olmayacaq”.

Ərəb kəndinin adının çəkilməsini istəməyən bir sakini də deyir ki, badımcan sahəsini xəstəlik bürüdüyündən bütün əziyyəti zay olub: “Sizə dərdimi danışsam nə olacaq ki?... Olan-qalan pulumu sərf etdim, badımcan əkdim. Sahələr yanır. Dərman vermişik, yenə təsir etmir. Aşağıdan iki yarpağı yanır. Xəstəliyi zərərsizləşdirsək, bəlkə də bir az məhsul verdi. Kəndin cavanları, əsasən Qaradağa işləməyə gedirlər. Torpaq qazanc versə, orda nə işləri var...”

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.