SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » 18 ilin müəllimi Astara rayon Təhsil Şöbəsini ifşa etdi: Prezidentdən kömək istədi

18 ilin müəllimi Astara rayon Təhsil Şöbəsini ifşa etdi: Prezidentdən kömək istədi

Tarix:

23-01-2017, 11:53

/ 2 804 dəfə oxundu.
18 ilin müəllimi Astara rayon Təhsil Şöbəsini ifşa etdi: Prezidentdən kömək istədi

Astara rayonunda 18 ildir müəllim işləyən Fərəcov Şirməmməd başına gələnlərlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib. Şirməmməd müəllim Prezidentdən kömək istəyir.

Şirməmməd Fərəcovun müracətini olduğu kimi təqdim edirik:

Hörmətli Cənab Prezident! Sizə ona görə müraciət edib narahat edirəm ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müəllim hüququmun pozulması ilə əlaqədar yazdığım ərizə və müraciətlərimə heç kim əhəmiyyət vermir, 2 ay ərzində Təhsil Nazirliyinin 146 saylı qaynar xəttinə çoxsaylı zənglər etsəm də məni ancaq boş vədlərlə sakitləşdirirlər.

Sizə qısa olaraq şikayətimin mahiyyətini açıqlayıram. Mən, 1982-ci ildə BDU-nun kitabxanaşünaslıq və biblioqrafiya fakültəsini bitirmişəm. 1982-1999-cu uldən Astara rayonunda müxtəlif dövlət vəzifələrində işləmişəm. 1999-cu ildən hal-hazıra qədər Astara rayonun B.Rüstəmov adına kənd tam orta məktəbində tarix müəllimi işləyirəm və 18 illik pedaqoji stajım vardır. Rayonda müsbət nəticələri olan 3 tarix müəllimindən biriyəm. Lakin, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova mənim qeyri-ixtisaslı olduğumu bəhanə gətirərək müəllimlərin diaqnostik qiymətləndirmə imtahanında iştirakımı qadağan etdi və sənədlərimi respublika Təhsil Nazirliyinin imtahan komissiyasına göndərmədi. Əslində isə, imtahanların keçirilməsi haqqında Təlimatda belə bir qadağa nəzərdə tutulmamışdır. Mən, Astara Rayon İcra Hakimiyyətini başçısı Qəzənfər Ağayevə vəTəhsil Naziri M.Cabbarova ərizə ilə müraciət edib kömək istəsəm də, aradan iki ay keçməsinə baxmayaraq Təhsil Nazirliyindən ərizələrimə cavab almamışam. Astara Rayon İcra Hakimiyyəti isə ərizəmi Təhsil Şöbəsi müdirinin istəyinə uyğun cavablandırmışdır.

146 saylı qaynar xəttə çoxsaylı zənglərdən sonra mənə 20 dekabr 2016-cı il tarixdə Masallı Olimpiya İdman Kompleksində olacaq imtahanı keçirən komissiyaya müraciət etməyimi məsləhət gördülər. Mən həmin tarixdə Masallıda oldum və Azərbaycan Respublikası Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov sənədlərimi qəbul edərək siyahıya daxil etdi və mən tarix müəllimlərinin imtahanında iştirak edərək 42 bal yığdım. Lakin, imtahandan artıq 41 gün keçməsinə baxmayaraq mənim nəticəm şəxsi səhifəmə yerləşdirilməmişdir. Maraqlıdır ki, 15 yanvar 2017-cı il tarixdə şəxsi səhifəmdə belə bir ismarıc yerləşdirilmişdir: “ Siz 20.12.2016-ci il tarixdə saat 17:00-da Masallı Olimpiya İdman Kompleksində keçirilən diaqnostik qiymətləndirilmədə iştirak üçün dəvət olunsanız da, imtahana gəlməmişsiniz. Astara rayon Təhsil Şöbəsinin kompyuter mühəndisi, əlaqələndirici Elçin müəllim böyük əziyyətlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəna Qaralova ilə əlaqə yarada bilmiş və o, bildirmişdir ki, mənim imtahan nəticəm təsdiq edilib və 42 bal toplamışam. Lakin, şəxsi səhifəmdə isə yerləşdirilmiş və məni xəstələndirən ismarıc itmir ki, itmir.

Gülməlidir, deyilmi? Mən bir neçə dəfə Azərbaycan Respublikası Təhsil Nazirliyinə ərizə ilə müraciət etsəm də, mənə heç bir cavab verilmir. Dəfələrlə 146 saylı qynar xəttə müraciət edib şəxsi səhifəmə nəticəmin yüklənməsini xahiş etsəm də, mənə bu barədə heç bir kömək göstərilmir. Hörmətli Cənab Prezident! Sizi inandırıram ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyində hərcmərclik, özbaşınalıq o həddə çatıb ki, burada artıq ərizə və şikayətlərə də cavab verilmir. İndi mən neyləyim? Dedim ki, bəlkə Sizdən kömək ala bildim. Ona görə ümidlərlə Sizə müraciət edirəm.

Hörmətlə - FƏRƏCOV ŞİRMƏMMƏD HƏNİFƏ OĞLU"

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ