SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY

"4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY

Tarix:

7-04-2021, 12:02

/ 475 dəfə oxundu.
"4 ədəd şüşə yazıblar, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?.." - GİLEY

Gəlib siyahıya alanda demişdilər ki, narahat olmayın, belə evlər sökülür, yerində yenisi tikilir. Sonra gəldilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Halbuki, verdikləri şifer evin bir hissəsini də örtmür. Evin üstü üçün azı 50-60 şifer lazımdır, çünki qəlpə bütün şiferləri deşik-deşik edib. Pəncərələri ümumiyyətlə, siyahıya salmayıblar, 4 ədəd şüşə yazıblar, deyirəm, pəncərə yoxdursa, bu şüşələri hara taxacağıq?”

DİA.AZ bildirir ki, bunu Ağdamın Rzalar kənd sakini Rəhman Həsənov deyir. İkinci Qarabağ Müharibəsi başlayandan kənd istiqamətində atılan raket və mərmilər Rəhman Həsənovun yaşadığı evi dağıdıb. Daha dəqiqi, noyabrın 3-də raket evin bir hissəsini tamamilə dağıdıb, qalan hissəsini də yaşamaq üçün yararsız hala salıb. Müharibənin bitməsindən 5 aydan çox keçməsinə baxmayaraq, dövlət ailəyə hələ də yeni ev tikməyib.

Rəhman Həsənov danışır: “O vaxtdan 3 dəfə gəliblər. Birinci dəfə gələndə dedilər ki, prezidentin göstərişi var, belə evlər sökülüb, özüldən yenidən tikiləcək. Bizə bir söz dedilər, ancaq kağıza başqa şey qeyd etdilər. Sonra bilmişik ki, bizə “sökülməlidir” deyib, əslində ora “bərpa olunmalıdır” yazıblar. Sonra da dedilər ki, sizin eviniz üçün 4 kisə sement, 5 kisə qum, 150 ədəd daş, dam örtüyü üçün 6 ədəd mil, 10 ədəd şifer yazılıb. Dedim, sizin təklif etdiyiniz materiallarla heç bir otağı düzəltmək mümkün deyil. Bunlar yalnız raketin dağıtdığı hissəni nəzərdə tutublarmış. Halbuki, ev özüldən silkələnib, digər otaqların divarları çat verib, dam örtükləri dağılıb. Bu ev ikinci dəfədir ki, belə vəziyyətə düşür, Birinci Qarabağ Müharibəsində də dağılmışdı, Qırmızı Ayparanın xəttiylə bir Norveç şirkəti gəlib təmir-bərpa etmişdi. İkinci dəfə raketdən dağılan evi 4 kisə sement, 5 kisə qumla necə bərpa etmək olar?”

Rəhman Həsənovun sözlərinə görə, kənd təmas xəttinə yaxın olduğundan yaxınlıqdakı minadan təmizləmə prosesi zamanı minalar zərərsizləşdirilərkən ev özülündən silkələnir: “Hər dəfə partlayış olanda arxa otaqların dam örtüyünün milləri, divardan kərpiclər qopub düşür... 4 nəfərlik ailə 7 aydır ki, bu dağıntının içində qorxa-qorxa yaşayır. İki azyaşlı övladım var, bütün qışı əziyyət çəkdik. Dediyim kimi, 7 ay ərzində üç dəfə gəliblər, heç içəri otaqlara keçib baxmayıblar, elə qapıdan boylanıb, gediblər. Kənddə xeyli belə dağılmış ev var, aidiyyəti qurumların vecinə də deyil. İcra hakimiyyətinə gedirik, deyirlər, bizlik deyil, bu işlə Nazirlər Kabineti məşğul olur”.

Rəhman Həsənov Nazirlər Kabinetinə, Baş Prokurorluğa, Birinci vitse-Prezidentə, Milli Məclisə və başqa ünvanlara müraciət edib. Onun sözlərinə görə, bu müraciətlərindən sonra təxminən 1 ay əvvəl evə yenidən baxış keçirilib: “Bu dəfə gələn adam özünü Nazirlər Kabinetinin işçisi kimi təqdim etdi. Şəkillər çəkib, getdi. O gün – bu gün, hələ də bir xəbər yoxdur. Fəhləliklə məşğul oluram, qazancım çörəyimizə zorla çatır, mənim bu evi tikmək imkanım yoxdur. Həm də, niyə özüm tikməliyəm axı... Dövlətin başçısı göstəriş verib ki, bütün dağılmış evlər yenidən tikilsin, bu işə görə büdcədən külli miqdarda pul ayrılıb. Zəhmət çəksinlər, o pulları insanların dağılmış evlərini tikib versinlər”.


Şərhlər

XƏBƏR LENTİ