SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Lənkəranda torpaq “çapovulçuluğu” və ya “sənədli” sabotaj – ŞİKAYƏT

Lənkəranda torpaq “çapovulçuluğu” və ya “sənədli” sabotaj – ŞİKAYƏT

Tarix:

17-03-2021, 13:23

/ 813 dəfə oxundu.
Lənkəranda torpaq “çapovulçuluğu” və ya “sənədli” sabotaj – ŞİKAYƏT

Lənkəranda maraqlı olay baş verib. Müvafiq icra strukturlarının və vəzifəli şəxslərin maddi maraqları və səhlənkarlığı ucbatından daha bir vətəndaşın mülkiyyət hüquqlarına inanılmaz qəsd edilib. Rayonun Kərgəlan kəndində qeydə alınan iqtisadi sabotajdan aydın olur ki, adıkeçən kəndin xanım icra nümayəndəsi Nəzakət Heydərova və sabiq bələdiyyə sədri Nizami Səfərovun planı əsasında kənd sakini, hazırda Ukraynada yaşayan Rəzzaq Həsənovun sahib olduğu torpaq sahəsi dolayısı yollarla “özgəninkiləşdirilib”.

Bu barədə “Demokratik.Az” saytına Rəzzaqın qardaşı – “BİZİM TƏBİB” Qəzetinin baş redaktoru Şəfahət Həsənov məlumat verib.
Şikayətçinin bildirdiyinə görə, baş verənlər onu deməyə əsas verir ki, bəzən əlində Dövlət Reyestr Xidmətindən aldığı Çıxarış belə olanda torpağı və torpağın üzərində olan evin sənədlərini saxtalaşdırıb başqasına satmaq mümkün görünür. Və yaxud, vətəndaşın əlində əmlakına dair yeni qaydalara uyğun Çıxarışı yoxdursa (yəni torpaq sahəsi vətəndaşa əvvəlki qanunlara əsasən verilib), bu zaman onun xəbəri olmadan belə əmlakı satıla bilir.
Şikayətçinin qeydinə görə, gözləmədikləri halda, ötən illərdə müəyyən ediblər ki, qardaşının adına qanuni yollarla sənədləşdirilmiş bir torpaq sahəsi kənd sakini Ramin Ağayev adlı başqa vətəndaşın adına rəsmiləşdirilib.
Şikayətçi baş redaktorun bildirdiyinə əsasən, olay Ramin Ağayevin həmin kənddə özünə obyekt yeri almaq istəyilə ortaya çıxıb. Belə ki, adıçəkilən yeni obyektini öz evinin yaxınlığında inşa etdirmək istəyilə qonşuluqda aralıqda yerləşən həyətdən torpaq sahəsi almaq istəyib. Lakin digər qonşudan imtina cavabı alandan sonra, torpağı dolayı yolla ələ keçirmək niyyətinə düşüb.

Bu məqsədlə Ramin Ağayev qohumu, Lənkəran Rayon İcra Hakimiyyətinin Kərgəlan kəndi üzrə İcra nümayəndəsi Nəzakət Heydərovadan kömək istəyib. Nəzakət Heydərova öz növbəsində, həmin kəndin 2017-ci ilə qədər bələdiyyə sədri olmuş Nizami Səfərova müraciət edərək, həmin torpaq sahəsinin ələ keçirməsini və Ramin Ağayevə satmasını xahiş edib. Nəzakət Heydərova və Nizami Səfərov torpaq sahəsi ilə bağlı bir neçə dəfə torpağın sahibinə (torpağın sahibi Rəzzaq onun adından danışan şikayətçinin kiçik qardaşıdır) müraciət ediblər. Lakin o, torpağın onun deyil, rəhmətə getmiş qardaşı Fəttah Həsənova məxsus olduğunu söyləyib.
Beləliklə, torpağı ala bilməyən bələdiyyə sədri və kənd icra nümayəndəsi qanunsuz yola əl atıb və heç kəsin xəbəri olmadan həmin torpaq sahəsini R.Ağayevə bələdiyyə sənədləşməsi əsasında satıblar.
Şikayətçi baş redaktor sual edir: “Axı, necə olur ki, bu şəxslər sahibinin əlində torpaq şəhadətnaməsi olan torpağa Dövlət Ərazi Reyestr Xödmətindən Çıxarış ala biliblər və həmin torpağı bələdiyyə mülkiyyətində olmasa da Ramin Ağayevə asanca satıblar ?”
Rəsmi sənədlərdən aydın olur ki rayonun Kərgəlan Bələdiyyə sədri Nizami Səfərov əvvəlki illərdə həyətdən 0,06, 8 torpaq sahəsini əvvəlcə Bələdiyyə torpağı kimi “qanuniləşdirib”, sonra isə Ramin Ağayevə satıb.
Ramin Ağayev bir müddət həmin yeri aldığını torpağın əsl sahibindən gizlədib və sahibi məsələdən iki il keçəndən sonra xəbər tutub. Məsələ təsadüf nəticəsində aşkarlananadan sonra Ramin Ağayev məcbur olub, torpağı pulla alması barədə tələbkarlara sənədlər təqdim edib.
Sənədə əsasən, məlum olub ki, həmin torpaq sahibinin rəhmətə getmiş Həsənovun torpaq sahəsi, onunla sərhəd qonşusu olan digər böyük qardaşının torpaq sahəsi və üzərində evi olan əmlakının üzərinə sürüşdürülməklə özbaşınalıq edilib. Halbuki, qardaşı Həsənov Rəzzaq Səyad oğlunun əmlakı 1976- cı ildə müvafiq sənədlərlə verilmiş və üzərində 1977- ci ildə qanuni tikilmiş yaşayış evi vardır. Lakin mülkiyyət müxtəlif səbəblərdən mərkəzi məlumat sisteminə işlənilməmiş, Nəzakət Heydərova da həmin qardaşa (Rəzzaq Həsənova) məxsus yerin və evin sənədsiz olduğunu düşünmüş və Həsənov Fəttaha məxsus torpaq sahəsinin sürüşdürülməsinə nail ola bilmişdir.
Burada torpaq sahəsinin yerini Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsində və Lənkəran Rayon İcra Hakimiyyətinin Torpaq və Xəritəçəkmə Şöbəsində kimin və necə dəyişdirə bilməsi müəmmalıdır.
Məsələdən Lənkəran Rayon İcra Hakimiyyətinin Başçısı Taleh Qaraşovun da məlumatlı olduğu bildirilir. Şikayətçi qeyd edir ki, İHB işin məzmunundan halidir və sadalananları bilən İcra başçısı öz müavini Xalid Rəhimov səviyyəsində məsələnin diqqətdə saxlanmasına göstəriş verib. Və icra nümayəndəsi Nəzakət Heydərovadan və Ramin Ağayevdən baş verənlərə izahat verib.
Dindirilmə və üzlədirmələr zamanı “suçluların” meydana məsələyə bağlı olmayan iki naməlum xəritə təqdim edildiyi iddia edilir. Şikayətçinin sözlərinə görə, Xalid Rəhimov şəxsən Nəzakət Heydərovaya və sabiq bələdiyyə sədrinə dəfələrlə qəzəblənib və sonunculardan problemi həll etməyi tələb edib.
“Demokratik.Az” bildirir ki, sözügedən məsələ hələ ki, öz həllini tapmayıb. Tərəflər arasında məhkəmə çəkişmələri mövcuddur. Hələlik məhkəmə də yekun bir qərara gələ bilməyib. İş üzrə dəflərlə ekspertizalar keçirilib və şikayətçi ekspertizanın keçirilməsindən və gəldiyi qənaətdən də narazıdır.
Şəfahət Həsənov məlumat üçün onu da bildirir ki, İHB rəsmisi Xalid Rəhimov əvvəllər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin yanında Lənkəran Rayonlararası Kadastr İdarəsinin məsul əməkdaşı olub.
Hazırda məhkəmə qərarı çıxarılmamış qalır. Nəticədə, Həsənov Rəzzaq Səyad oğlu öz qanuni əmlakına çıxarış ala və sahiblənə bilmir. Təəssüf ki, aidiyyatı orqanlar onun torpaq sahəsinin yerini elektron koordinatlarla doğru-dürüst təsbit etmək, müəyyənləşdirmək istəmirlər.
“İndi özünüz nəticə çıxarın. Bütün bu hallar kiçik məmurların vətəndaşa qarşı qəsdən haqsızlıq etməsi, vətəndaşı sıxıntıya salması, ona maddi və mənəvi zərər vurması, əmlakını zorla ələ keçirməsi, vətəndaşın Dövlətə olan inamını və etibarını sarsıda biləcək sabotaj deyilmi?…” – deyə sonda Şəfahət Həsənov haqlı olaraq sual edir.
İnanırıq ki, aidiyyatı qurum yetkililəri Lənkəranda vətəndaşa qarşı baş verən özbaşınalığa, mülkiyyət zorakılığına təcili DUR deyəcək!
Xəbərdə adıkeçən hər kəsin söz haqqına sayğımızı ifadə edirik…

Şərhlər

XƏBƏR LENTİ