SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...

Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...

Tarix:

13-03-2021, 20:49

/ 1 142 dəfə oxundu.
Neftçalada Hacı Qurban RÜZGARI... - Milyonlar belə yeyilir...

Neftçala Suvarma Sistemləri İdarəsi 1 539 385 AZN dəyərində 7 müqavilə imzalayıb. Reportyor.info xəbər verir ki, toplam maliyyə dəyəri 378 990 AZN olan iki müqavilə “Sabirabad Dəmir Beton” ASC ilə bağlanıb. Müqavilələrdə 3 nov kanalının və Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə “Sabirabad Dəmir Beton” ASC 24 iyul 2000-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 821 108 AZN olan ASC-nin hüquqi ünvanı Sabirabad rayonu Qalağayı kəndində yerləşir. Şirkətin qanuni təmsilçisi isə Dostalıyev Əli Ömür oğludur.
Açıq mənbələrdə ASC və qanuni təmsilçisi haqqında hər hansı məlumat yoxdur.
Neftçala Suvarma Sistemləri İdarəsi daha bir müqaviləni Neftçala Melioservis İdarəsi ilə imzalayıb. Maliyyə dəyəri 289 229 AZN olan müqavilədə suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınması nəzərdə tutulur.
Neftçala Melioservis İdarəsi Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərir. İdarənin rəisi Nəsirov Nizamı Ağarəzi oğludur.
İnternet resursları Nizami Nəsirov haqqında neqativ materiallarla zəngindir. Məlumatlara görə, o, əvvəllər Salyan rayonunda Aşağı Muğan Meliorativ Sistemləri İdarəsinin baş mühəndisi olub. Sonradan Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovun dəstəyi ilə indiki vəzifəsinə təyin olunub.
İddialara görə, əslində Nizami Nəsirovun idarəyə rəhbərliyi formal xarakter daşıyır. İdarə faktiki olaraq Elçin Əsədovun nəzarətindədir. Yeri gəlmişkən, onun qardaşı Qulam Əsədov isə Neftçala Melioservis İdarəsində baş mühəndis vəzifəsində çalışır.
Neftçala Suvarma Sistemləri İdarəsi digər 4 müqaviləni “Sevinc-96” MMC ilə imzalayıb. Ümumi maliyyə dəyəri 871 166 AZN təşkil edən müqavilələrdə 2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin, cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarının, nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların, mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Sevinc-96” MMC 31 iyul 1996-cı ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 20 AZN-dir. Hüquqi ünvanı Şirvan şəhəri, H.Z.Tağıyev küçəsi, ev 45, mənzil 1-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Haxıyev Yusif Camal oğludur.
“Sevinc-96” MMC “tender kralı” kimi tanınır. Maraqlıdır ki, bu şirkət əsasən Meliorasiya və Su Təsərrüfatı ASC-nin tenderlərini qazanır.
Təkcə bu ilin yanvar ayında “Sevinc-96” 32.14 milyonluq 10 tenderin qalibi olub.
Ən iri məbləğli satınalma müqaviləsi Füzuli Suvarma Sistemləri İdarəsi ilə bağlanıb. Məlumata görə yanvarın 29-u imzalanmış müqavilənin dəyəri 29,9 milyon manatdır.
Mediada gedən məlumatlarda bildirilir ki,Yusif Haxıyev “proxy” fiqurdur. Yəni, onun MMC-nin qanuni təmsilçisi olması formal xarakter daşıyır. Şirkətin əsl sahibi isə Salyanda Hacı Qurban kimi tanınan iş adamı Qurban Abbasovdur. “Sevinc-96” MMC-dən başqa “İlkin N”, “XXI-əsr”, “CSM Nix”, “Nigar LTD”, “Halal İnşaat” və “A+B OİL Servis şirkətlərinin də Qurban Abbasova məxsus olduğu iddia edilir. Bu şirkətlərin ümumi dövriyyəsi 50 milyon manatdan çoxdur.
Qurban Abbasovun digər şirkətləri də “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tenderlərini qazanır. Məsələn, Salyan rayonu Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsi, Salyan Suvarma Sistemləri İdarəsi, Neftçala Suvarma Sistemləri İdarəsi Salyan Mənzil İstismar Təmir Tikinti İstehsal Birliyi MMC, Saatlı Rayon İcra Hakimiyyəti, Salyan rayon Mərkəzi Xəstəxanası milyonlarla dəyəri olan 148 tenderi” İlkin-N” MMC-yə verib.

Şərhlər

XƏBƏR LENTİ