XalqXəbər.Az

XalqXeber.Az » Bölgə » Biləsuvar sakini kimlərdən şikayətçidir? - İdarə rəisi ailəni işsiz qoydu

Biləsuvar sakini kimlərdən şikayətçidir? - İdarə rəisi ailəni işsiz qoydu

Biləsuvar sakini kimlərdən şikayətçidir? - İdarə rəisi ailəni işsiz qoydu
11-03-2021, 09:55

Biləsuvar rayon sakini İlham Babayev Xanlar oğlu uzun müddətdir ki, rayonun Su-Kanal idarəsinin rəhbəri Ədalət Babayevin qanunsuz və qeyri-insani hərəkətləri ilə üzləşdiyini bildirir.

Cebhe.info-ya üz tutan rayon sakini, qeyd edir ki, indiyədək onun atası, anası, qardaşı, özü, həyat yoldaşı Su-Kanal idarəsində işləyiblər. Fəhləlik edib çörək pulunu daşdan çıxaran bu insanlar, idarə rəhbəri Ədalət Babayevin göstərişi ilə, heç bir əsas göstərilmədən işdən çıxarılıblar.

Yoldaşı idarədə xadimə, özü isə fəhlə işləyən İlham Babayev bildirir ki, Ədalət Babayev idarəyə rəhbər keçəndən 3 ay sonra, onları ailəlikcə işdən çıxarıb. Bundan sonra rayon sakini yenidən işə düzəlmək üçün Ə. Babayevin qəbulunda olub.

Lakin Ə.Babayevdən heç bir müsbət cavab ala bilməyən İ.Babayev, üzünü rayonun İcra Hakimiyyətinin başçısı Faiq Qürbətova tutub. İlham Babayev bildirir ki, Faiq Qürbətovun qəbuluna düşmək üçün ona teleqram vurub və qəbul edilib. İ.Babayevin sözlərinə görə, icra başçısı ona "get, arxayın ol, mən özüm Ədalət Babayevlə danışıb, səni işlə təmin etməsini tapşıracam"- deyib.

Lakin bu görüşün də heç bir nəticəsi olmayıb. İlham Babayev 6 nəfərlik ailə ilə yenə də işsiz qalıb. Vəziyyətin belə olduğunu görən İ.Babayev, təkrar icra başçısının qəbuluna düşməyə çalışsa da, başçının ətrafındakı şəxslər buna imkan verməyib. İ.Babayev bildirir ki, hər dəfə bir bəhanə ilə ona başçının qəbuluna girməyə icazə vermədilər. Bu isə vətəndaşın İcra Aparatından narahatlığını daha da artırıb.

Çıxılmaz vəziyyətdə qalan İ.Babayev ölkə başçısı, Cənab İlham Əliyevə və Birinci Vitse- prezident Mehriban Xanım Əliyevaya rəsmi müraciət ediblər. Prezident Adminstrasiyasından Biləsuvar rayon İcra Hakimiyyətinə göndərilən məktubda vətəndaşın probleminin həllinə çalışılması tapşırılsa da, buna da əməl edilməyib. İlham Babayev bildirir ki, hazırda 6 nəfərdən ibarət ailə, yaşlı anasının pensiyası ilə yarı ac, yarı tox günlərini keçirirlər.

Rayon sakini qeyd edir ki, Ədalət Babayev Su-Kanal idarəsinə öz yaxınlarını işə götürür. Lakin işdən azad etdiklərinə iş vermir. Onun sözlərinə görə, hər ay iki-üç nəfər işə götürülür.

Lakin İ. Babayevə "get, iş olanda gələrsən"- deyib, yola salırlar. İndi Babayevlər ailəsinin tək ümidi, bu şikayətdən sonra aidiyyatı qurumların müvafiq tədbir görəcəyidir. Ölkə başçısı dəfələrlə çıxışında pandemiyanın yaratdığı vəziyyətlə əlaqədar işçilər işdən çıxarılmasın deyib. Dövlət qurumlarına dəstək məqsədi ilə əlavə vəsait ayırılıb. Müəssisə rəhbərlərinə imkan daxilində işçiləri işdən azad etməmələrini tövsiyyə edilib. Ədalət Babayev bu tövsiyyələrin əleyhinə gedir, bütün bir ailəni işsiz- çörəksiz qoyur.

Qeyd edək ki, Ədalət Babayevin qanunsuz hərəkətləri bununla da bitmir. Cənub Muğan kanalının və şor kanalların mühafizə zolaqlarını qanunsuz olaraq satan Ə.Babayev, heç nədən çəkinmir. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, Upramxor ərazisində Su-Kanal idarəsinə aid olan zavodu məhv etdirən Ə. Babayev, onun materiallarını və ərazisini də satıb. Bizim əlimizdə isə həmin ərazidən çəkilmiş fotofaktlar var. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.