SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Evim başıma uçur, özüm müalicə olunmalıyam" - Qazimiz yerli icra hakimiyyətindən NARAZIDIR

"Evim başıma uçur, özüm müalicə olunmalıyam" - Qazimiz yerli icra hakimiyyətindən NARAZIDIR

Tarix:

2-02-2021, 09:54

/ 721 dəfə oxundu.
"Evim başıma uçur, özüm müalicə olunmalıyam" - Qazimiz yerli icra hakimiyyətindən NARAZIDIR

Vətən Müharibəmizdə kəllə-beyin travması alaraq yaralanan hərbçimiz Abbasov Ruslan Mətləb oğlunun bir çox problemləri var və o, buna görə köməklik olunması üçün sosial şəbəkədə müraciət yayıb.

Moderator.az-ın əməkdaşı qazimizlə görüşərək problemləri ilə maraqlanmaq üçün Cəlilabad rayon Günəşli kəndinə yollanıb. Onun görüşdən hazırladığı yazını təqdim edirik:

"Günəşli kəndinə qazimizin evinə yollandıq. Həyətə daxil olarkən ikiotaqlı komasını gördükdə təəccübümüzü gizlədə bilmədik. Onsuz da elə qəhrəman oğulların çoxu belə komalardan çıxıb, amma insan oğlu belə mənzərəlni görəndə özünü günahkar hiss etməyə bilmir. Bu peşmançılıq hissinin təsiri altında evə daxil olub Ruslanı dinləyirik.

Qazimiz deyir ki, atasını 2016-cı ildə itirib, özü evin tək övladıdır:

“2016-cı ildə atamı itirdim. İndi bu ikiotaqlı komada həyat yoldaşım və anamla birlikdə yaşayıram. 2017-ci ildə Mingəçevirdə hərbi xidmətdə olmuşam. Peşəm sürücü-mexanik idi. Tovuz döyüşlərindən sonra mən də səfərbərliyə müraciət edib könüllü olaraq ordu sıralarına yazıldım. Sentyabrın 27-də isə gecə saatlarında mənə zəng olundu və səfərbərliyə çağırıldım. Bizi Beyləqana yolladılar və 6 gün təlim keçdik. Oradan Füzuliyə yollandıq və əks-hücum əməliyyatında iştirak etdim”.

Döyüşçümüz oktyabrın 9-da yaralanaraq döyüş meydanından çıxarıldığını bildirib:

“Cəbrayıl uğrunda döyüşlər gedirdi. Elə oldu ki, yanımıza mərmi düşdü və mən ağır kəllə-beyin travması və qəlpə yaraları aldım. Dərhal məni döyüş meydanından təxliyə etdilər. Ordan Füzuliyə və daha sonra müalicə üçün Masallıya göndərildim. İki gün isə Bakıda hospitalda müayinə olunmuşam”.

Qazimiz Cəlilabad Mərkəzi Xəstəxanasında xoşagəlməz və bəlkə də biabırçı hadisəylə rastlaşdığını deyir:

“Hazırda sol tərəfim işləmir, sağ gözüm zəif görür, sağ ayağımda iki, sol ayağımda isə bir qəlpə yarası var. İndi müalicələrə çox ehtiyacım var, sol tərəfim quruyur, yeriyə bilmirəm. Müayinə olunmaq üçün Cəlilabad Mərkəzi Xəstəxanasına getdim. Orda bir çox həkimlərdən müayinələrdən keçdim və qazi olduğum üçün pul götürmədilər. Amma rentgendən müayinədən keçərkən cavan həkim qazi olduğumu bilə-bilə dedi ki, “nə verərsən, verərsən”, mən də onun bu sözündən sonra əlimi cibimə salıb ona 10 manat pul verdim. Belə adamları görəndə adam dəhşətə gəlir. Məgər mən bu xalq, torpaq üçün döyüşə getməmişdimmi?”.

İkiotaqlı evdə indi dolanışıq üçün iş yeri axtaran qazimizə isə iş adamlarının cavabı daha təsirli olub:

“Ailə quranda anam Abbasova Gülnaz Mirzağa qızının adına Kapital Bankdan kredit götürdük. İndi aprel ayına kimi hər ay 122 manat pul ödəməliyik. Amma imkanımız yoxdur. Anam gedib sahədə günü 5 manata işləyir ki, evi dolandırsın. “Soliton” mağazalar şəbəkəsindən isə bir paltaryuyan maşın kreditə götürmüşdük. Hər ay da ora 42 manat ödəyirik. Bütün bu kreditləri ödəmək üçün işləməliyəm, amma işə götürmürlər. Özüm həmişə fəhləçiliklə məşğul olmuşam. İndi hara müraciət edirəm deyirlər ki, şikəst adamsan, səni neynirik ki, biz işlədək. Qaziyə belə münasibət olarmı?”.

Ruslan bununla bağlı Cəlilabad rayon İcra Hakimiyyətinə müraciət edib. İcra başçısının sabiq xanım müavinin cavabı isə onu məyus edib:

“İcra Hakimiyyətinə gedib kömək istədim. Keçmiş icra başçısının xanım müavini mənə deyir ki, “biz indi sənə heç bir köməklik edə bilmərik. Nə vaxt rayonumuza yeni icra başçısı təyin olunar, onda sənin problemlərinə baxılar”. Mən başa düşmürəm, bəs bunlar niyə o binada oturublar, işləri xalqa, qaziyə xidmət etmək deyilmi?”.

Bu gün Ruslanın tək istəyi onun bir neçə sosial və səhhətiylə bağlı problemlərinin həll edilməsidir:

“Evim başıma uçur, özüm müalicə olunmalıyam. İşləyib ailəmə baxmaq istəyirəm, heç olmaya məni bir işlə təmin etsinlər. İnanıram ki, siz mənim problemimi ictimiləşdirdikdən sonra xeyirxah insanlarımız səsimə səs verəcək”.

Qeyd edək ki, qazimiz döyüşlərdə iştirakına görə Ali Baş Komandan tərəfindən ”Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
"Evim başıma uçur, özüm müalicə olunmalıyam" - Qazimiz yerli icra hakimiyyətindən NARAZIDIR


Şərhlər

XƏBƏR LENTİ