SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Xaçmazda tarixi abidəyə DÜŞMƏN MÜNASİBƏTİ... - FOTO

Xaçmazda tarixi abidəyə DÜŞMƏN MÜNASİBƏTİ... - FOTO

Tarix:

21-08-2020, 11:23

/ 856 dəfə oxundu.
Xaçmazda tarixi abidəyə DÜŞMƏN MÜNASİBƏTİ... - FOTO

Xaçmaz rayonunun Qaraqurdlu kəndindəki XV-XVI əsrlərə aid Şah Abbas məscid-mədrəsəsi baxımsızlıq ucbatından tamamilə məhv olmaq təhlükəsi ilə üz-üzə qalıb. Kompleksə kənardan baxdıqda, ətrafının çəpərlə əhatəli olduğu və mühafizə altında saxlandığı görüntüsü yaradılsa da, əslində heç də hər şey göründüyü kimi deyil. Çöl hissədən birmərtəbəli kimi görünsə də, daxili hissəsi ikimərtəbəli olan məscid-mədrəsənin tavanı uçaraq içərisinə tökülüb. Bu isə onu göstərir ki, yaz və payız yağışları, həmçinin qışın qarı bu tarixi abidənin içərisinə tökülür. Sözsüz ki, belə təbii proseslər abidənin günü-gündən məhvinə aparır. Bəs görəsən, onun məsuliyyətini kim daşıyır? Aqibəti necə olacaq?

Lent.az -ın əməkdaşı məsələ ilə bağlı Mədəniyyət Nazirliyi yanında Xaçmaz rayonu Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə əlaqə saxlayıb.

Həmin qurumdan verilən cavabda bildirilir ki, abidə Xidmətin mühafizəsindədi:

“Bilirik ki, abidə qəzalı vəziyyətdədir. Bu barədə lazımı qurumlara yazılı və şifahi məlumatlar vermişik və büdcədən o abidə üçün yardım ayrılacağı deyilib. Biz də sizin kimi gözləyirik”.

Amma bu kompleksi təmir edərək, istifadə edilməsə belə, böyük bir turizm zonası olan Xaçmaza səfər edən turistlərin diqqətinə təqdim etmək olar.

Ümumiyyətlə aqibəti belə olan abidələr barədə Turizm Agentliyinin hər hansı bir təklifi varmı?

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyir ki, əslində Azərbaycanda bu tipli yüzlərlə abidə var. Əlbəttə ki, onların hamısı turizm potensiallı ola bilər:

“Biz istəyərdik ki, onlar bərpa edilsin, qorunsun ki, turistlər də ora cəlb edilə bilsin. İndi siz dəqiq bir obyektin adını çəkirsiniz. Təbii ki, bu işlə bağlı məşğul olan konkret bir dövlət strukturları var. Biz özümüz də Dövlət Turizm agentliyi olaraq strukturumuza daxil olan 8 mədəni tarixi qoruğu daim diqqətdə saxlayırıq. Bunlar Şəkidəki Yuxarı Baş, Kiş, Lahıc, Basqal, Xınalıq, Yanardağ, Atəşgah və sonuncu yaradılan Beşbarmaq qoruqlarıdır. Bizim bu qoruqlarda əsas iş prinsipimiz ondan ibarətdir ki, ilk növbədə, turist gəldi, ya da gəlmədi fərqi yoxdur, onları qoruyaq. Daha sonrakı işimiz də odur ki, bu məkanların turizm potensialını inkişaf etdiririk. Biz sistemli olaraq, tabeliyimizdə olan qoruqlarda bu işləri aparırıq. Hər bir qoruğumuzda konsepsiya hazırlanır və ona uyğun olaraq da işlər həyata keçirilir”.

Hə, görünür Şah Abbas məscid-mədrəsəsinin harayına çatan hələ ki, yoxdur. Çünki onun adı heç Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında da qarşımıza çıxmadı. Amma hansı ki, bu siyahıda Xaçmazın Piritəpə və Çobantəpə kurqanları, Şəhərgah, Təpəyatağı , Molla Burxan , Çileyir yaşayış yerləri, Dəyirmantəpə, Şiştəpə və bu kimi ümumilikdə 24 abidəsinin adı yer alıb.
Qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanunun tətbiq edilməsi barədə” Azərbaycan Prezidentinin 1998-ci il 13 iyun tarixli 725 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci abzasına uyğun olaraq və Mədəniyyət Nazirliyinin Azərbaycan Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Tikinti və Arxitektura Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə alaraq Nazirlər Kabineti qərara alır ki, dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə bölgüsü təsdiq edilsin və abidələrin inventar nömrələri bu qərara uyğunlaşdırılsın.
Xaçmazda tarixi abidəyə DÜŞMƏN MÜNASİBƏTİ... - FOTO

Şərhlər

XƏBƏR LENTİ