XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Niyazi Bayramov gəncəliləri ÇİLƏDƏN ÇIXARIB... - NARAZILIQ...

Niyazi Bayramov gəncəliləri ÇİLƏDƏN ÇIXARIB... - NARAZILIQ...

Niyazi Bayramov gəncəliləri ÇİLƏDƏN ÇIXARIB... - NARAZILIQ...
27-07-2020, 12:33

"Əgər ki, əməkdar incəsənət xadimi Qəmbər Hüseynlinin məzarının köçürülməsi ilə bağlı belə bir plan varsa bu olduqca səhv yanaşmadır". DİA.AZ bildirir ki, bu barədə Gəncə sakinlərinin etdiyi müraciətdə qeyd olunur.

Daha sonra müraciətdə bildirilir: "Bu presedent heç vaxt özünü doğrultmayıb. İlk dəfə Cavad xanın nəşi indiki yerindən çıxarılaraq Gəncədəki Səbzikar məzarlağına, Əsgər ağa Gorani türbəsinə aparılıb. Lakin gəncəlilərin haqlı tələbindən sonra 1980-ci illərin sonunda öz yerinə çox yaxın yerə qaytarılıb. 1923-cü ildə Nizami Gəncəvinin nəşi Şeyx düzündən Gəncənin mərkəzinə, Şah Abbas Camesinin həyətinə gətirilib. O zaman da haqlı etirazlardan sonra Nizami Gəncəvinin nəşi öz yerinə qaytarılıb. Müstəqilliyimizin ilk illərində Comərd Qəssabın türbəsinin dağıntılarının yerində həmin türbəni bərpa etmək əvəzinə yenə şəhərin mərkəzində türbənin bənzərini tikməyə başladılar. Bu yanaşma da özünü doğrultmadı. Sonradan şəhərin mərkəzindəki "türbə" söküldü, Comərd Qəssab türbəsi isə Gəncə çayının sağ sahilində, özünün əvvəlki yerində bərpa edildi. Yaxın vaxtlarda isə Məhəmməd Hadinin Gəncə çayı sahilindəki qəbirüstü abidəsi dağıdıldı. Guya Hadinin indiki bulvarda abidəsinin olması ora gələnləri qaramatlayacaqdı. Bunun üçün bəhanə də tapıldı. Guya həmin heykəlin altında heç bir qəbir olmayıbmış. Tez-tələsik "ağsaqqal" tapıldı və ondan müsahibə alındı. O da bildirdi ki, guya Hadinin məzarı Səbzikardadır. Əvəzində bulvara nə qoyuldu? Gəncə ilə heç bir bağlılığı olmayan dəxlisiz 7-8 heykəl. Həmin yanaşmanı biz Cavad xan dəftərxanasının dağıdılmasında da gördük. O zaman da iddia olundu ki guya həmin tikili Cavad xana aid dəftərxana binası deyilmiş. Yaxın keçmişdə küçələrdən, binalardan Gəncənin görkəmli şəxslərinin adına hazırlanmış baralyeflərin yığışdırılmasını da unutmadıq. Bir neçə ay bundan öncə yenə də Gəncənin ilk bələdiyyə binasının dağıdıldığını gördük. Onda da "arqument" irəli sürüldü ki, guya bu tikili tarixi abidə kimi qeydiyyata alınmayıbmış. Gəncənin tarixi tikililərinin vandalcasına məhv edilməsi, tarixi memarlıq ənənələrinin pozulması Vətən tarixinə, Gəncə şəhərinin tarixinə böyük bir zərbədir. Qırmızı kərpicli, qızıl nisbə üsulu ilə tikilmiş imarətləri, tarixi mülklərin uçurulmasına, ondan sonra isə sovet hakimiyyəti illərində, son 30-40 ildə tikilmiş beton binaların yenidən qırmızı kərpiclə, sementlə zövqsüz bir formada üzlənməsinə nə ad vermək olar? Qeyri-peşəkarlıq, tarixdən bixəbərlik, Vətən tarixinə qənim kəsilmək. Bu gün Xan bağı, əsassız müdaxilələr olmuş Gəncə qalasının divar qalıqları rütubətdən haray çəkir. Əgər doğrudan da Qəmbər Hüseynlinin qəbri köçürüləcəksə, yenə də bu qəbrin köçürülməsi üçün bəhanə tapılacaqsa, bunun məsuliyyəti aidiyyatı orqanların üzərinə düşür. Bilirəm ki, bir neçə il bundan əvvəldən belə bir plan hazırlanmışdı ki, qəbirüstü abidə köçürülsün və yol genişləndirilsin. Yenə də ənənəvi mürtəce taktika işə salınmalı idi. Guya burada Qəmbər Hüseynlinin məzarı olmayıbmış. Kimsə çıxıb ağıllı-ağıllı gəncəlilərə tarix keçməli idi ki, ay gəncəlilər xəbəriniz yoxdur. Bəs bundan sonra bilin ki, bəstəkarın qəbri Səbzikar məzarlığındadır. Bu gedişlə deyəsən Nizami Gəncəvinin məzarını da köçürəcəklər və deyəcəklər ki, bu vaxta qədər səhv bilibsiniz. Buyurun şairin qəbri Səbzikarda imiş. Bu qədər sadə və bəsit".

Qarşı tərəfi də dinləməyə hazırıq...

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.