XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağdamda səhiyyə sistemi dizini yerə qoyub... - NARAZILIQ...

Ağdamda səhiyyə sistemi dizini yerə qoyub... - NARAZILIQ...

Ağdamda səhiyyə sistemi dizini yerə qoyub... - NARAZILIQ...
3-03-2020, 09:41

Son günlər Ağdam Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki səhiyyə müəssisələrində baş alıb gedən çoxsaylı qanunsuzluqların, süründürməçilik hallarının, həddi-hüdudu bilinməyən biabırçılıqların, sakinlərin etdikləri giley-güzarların və s. haqda dolaşan söz-söhbətlərin varlığı, bir çox media qurumlarının gündəmini zəbt edən mövzulardan birinə çevrilmişdi. Bugünlərdə redaksiyamıza daxil olan sensasion məlumatlar və təqdim olunan bəzi çəkilişlər isə, təkrar nəzər-diqqətimizin bu rayonun səhiyyə müəssisələrində yaşananlara yönəltdi. Belə ki, Ağdam MRX-na tabe olan səhiyyə müəssisələrində baş alıb gedən biabırçılıqlar, bənzəri olmayan rəzalətlər və s. ilə bağlı məlumatları eşitdikcə, sanki öz-özlüyümüzdə dəhşətə gəldik. Redaksiyamıza çatdırılan məlumatlardan və təqdim olunan çəkilişlərdən bəlli olur ki, hal-hazırda bu rayonun Uşaq Xəstəxanası yeni inzibati binaya köçürülməkdədir. Çatdırılan məlumatlardan və təqdim olunan çəkilişlərdən aydın olur ki, ötən illər ərzində köhnə ünvanda fəaliyyət göstərən Uşaq Xəstəxanasının iş otaqlarındakı bütün avadanlıqlar, yeni inzibati binaya Ağdam Mərkəzi Rayon Xəstəxanasının nəzdindəki təcili tibbi yardım maşınları ilə daşınır. Belə bir halın varlığı da ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Yəni, görəsən avadanlıqların təcili tibbi yardım maşınları ilə, bir ünvandan digər ünvana daşınmasına hansı qanun ixtiyar verir? Yəqin ki, həmin anlarda rayonun müxtəlif ünvanlarında yaşayan və səhhətində ciddi problemləri olan şəxslər təcili tibbi yardım stansiyasına zəng etdikdə “Hal-hazırda təcili tibbi yardım maşınları “vzıv”la əlaqədar iş başındadırlar” deyə cavab verirlər. O halda sual oluna bilər ki, görəsən Mərkəzi Rayon Xəstəxanasının büdcəsi o qədərmi “altüst” olunub ki, adicə avadanlıqları bir ünvandan digərinə daşımaq üçün, təcili tibbi yardım maşınlarına ehtiyac duyulur?

Düşündürücü hallardan biri də, avadanlıqları bir ünvandan digər ünvana daşıtdıran baş həkimin, “köç əməliyyatı” zamanı ölkə rəhbərinin portretinə hörmətsizlik etdirməsidir. Belə ki, vaxtilə Uşaq Xəstəxanası baş həkiminin iş otağında divardan asılan ölkə rəhbərinin portreti, şəkildə gördüyümüz avtomobilin arxa “baqajı”nda yerə atılır. Belə bir halın varlığı heç cür yolverilməz hal olsa da, fakt budur ki, baş həkim tərəfindən belə bir münasibət bəslənilib. Deməli, daşıdığı vəzifəsinin məsuliyyətini lazımınca hiss etməyən, başlıca amal və düşüncəsi “çirkli işlər”lə məşğul olmağa yönələn baş həkimin atdığı addımlar onu söyləməyə əsas verir ki, bu şəxs nəinki Azərbaycan səhiyyəsinə, hətta ölkə rəhbərinin portretinə də ögey münasibət bəsləyən vəzifə sahibidir.

Baş verən belə bir olaylarla bağlı Ağdam Mərkəzi Rayon Xəstəxanasına rəhbərlik edən Elxan həkimlə əlaqə saxladıqda o, “Sizin dediklərinizin hər biri yalandır” deyə cavab verdi. Elə ki, çatdırılan məlumatları və həyata keçirilmiş çəkilişləri birbaşa onun özünə təqdim etdik, o halda o, “Siz belə şeyləri ictimailəşdirməyin. Deyərəm Bakıdakı adamım sizinlə görüşüb, sizə 100 (yüz) manat hörmət edər” dedikdə, bir daha şoka düşməli olduq. Yəni sadaladıqlarımızın tam təsdiqi üçün, Elxan həkimlə aramızda olan səsyazısını yaxın günlərdə çoxsaylı oxucularımızın diqqətinə çatdıracağıq ki, baş verən həqiqətlərdən hər kəs xəbərdar ola bilsin. Düşündürücü halllardan biri də, Ağdam RİH-nin həyata keçirdiyi idarəçiliyin nəticəsində, bu cür halların baş verməsidir. Yəni sual oluna bilər ki, görəsən indiyə kimi İcra başçısı tabeçiliyində olan şəxslərin belə bir yanaşma ortaya qoymasından niyə xəbərdar olmayıb?

Problemin varlığını diqqətdə saxlayacağıq.
Nyus.Az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.