XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Beyləqanda YAP sədri həbs oluna bilər – Seçkiyə müdaxilə etdiyi üçün

Beyləqanda YAP sədri həbs oluna bilər – Seçkiyə müdaxilə etdiyi üçün

Beyləqanda YAP sədri həbs oluna bilər – Seçkiyə müdaxilə etdiyi üçün
2-03-2020, 01:35

Yeni Azərbaycan Partiyasının Beyləqan rayon təşkilatının sədri Rəfael Pəsiyevin başı dərddədir. Daxil olan məlumata görə, YAP-ın yerli rayon təşkilatının sədrinin fevralın 9-da keçirilən növbədənkənar parlament seçkiləri zamanı açıq-aşkar səsvermə prosesinə müdaxilə etməsi, 81 saylı Beyləqan seçki dairəsini əhatə edən seçki məntəqələrinə şəxsən gedərək məntəqə sədrlərinə təlimat və tapşırıqlar verməsi barədə hakim partiyanın rəhbərliyinə şikayət edilib. Hətta Rəfael Pəsiyevin bir sıra seçki məntəqələrinin sədrləri ilə səsvermə getdiyi ərəfədə bağlı qapı arxasında məşvərət etməsi barədə görüntülər də Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təqdim edilən materiallar arasında yer alıb.

Hakim partiyadakı mənbələrdən redaksiyamıza daxil olan məlumata görə, Rəfael Pəsiyevin bu cür özbaşınalığı və seçki prosesinə açır-aşkar müdaxilə etməsi YAP rəhbərliyində də ciddi narahatçılıq və etiraz yaradıb və hakim partiya rəhbərliyi məsələnin ciddi şəkildə araşdırılması barədə göstəriş verib. YAP-da birmənalı olaraq qeyd edilib ki, Rəfael Pəsiyevin seçki prosesinə müdaxiləsi Cənab Prezidentin siyasi iradəsinə ziddir və bu özbaşınalıq YAP-ı gözdən salmağa hesablanıb. Ona görə də partiya rəhbərliyinin daxil olan şikayətlər və videogörüntülər əsasında Rəfael Pəsiyev barəsində ciddi ölçü götürəcəyi xəbər verilir. Hakim partiyanın rəhbərliyinin Rəfael Pəsiyev barədə siyasi qərar verməsini şərtləndirən başqa bir amil isə onun qaranlıq keçmişi ilə bağlıdır. Belə ki, Rəfael Pəsiyev Beyləqanda Torpaq Şöbəsinin müdiri işləyərkən hektarlarla torpaq sahəsini sataraq pulunu mənimsəyib. O, hətta ibadət yerlərinin ərazisindəki torpaq sahələrini də satmaqdan çəkinməyib. Hazırda Pəsiyevin əvvəlki illərdəki korrupsiya və rüşvətxorluq əməlləri də araşdırılmaqdadır. Son vaxtlar Ağstafa, Yevlax, o cümlədən Neftçalada DTX-nın keçirdiyi əməliyyatlar zamanı da Yeni Azərbaycan Partiyasının rayon təşilatı sədrlərinin qeyri-qanuni əməlləri aşkar olundu və həmin şəxslər cinayət məsuliyyətinə cəlb edildilər. İndi isə sırada Rəfael Pəsiyevin olacağı istisna deyil.

Bu arada 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədlərin səsvermənin nəticələrinə etiraz olaraq məhkəməyə etdiyi şikayətdə də Rəfael Pəsiyevin seçki prosesinə kobud şəkildə müdaxiləsi barədə videogörüntülər əksini tapıb. Ona görə də məhkəmə predmetinə çevrilmədən Pəsiyev probleminin YAP-ın daxili qurumları tərəfindən həll ediləcəyi istisna edilmir. Ancaq bu o demək deyil ki, Rəfael Pəsiyev üzvü olduğu partiya tərəfindən cəzalandırılmaqla cinayətdən yaxa qurtara biləcək. Deputatlığa namizədlərin məhkəməyə şikayətləri və təqdim edilən sübutlar əsasında Rəfael Pəsiyevə seçki saxtakarlığına yol verdiyi və səsvermə prosesinə kobud şəkildə müdaxilə etdiyinə görə, həbsidə qaçılmazdı.

P.S. Mövzunu davam etdirəcəyik. Fırıldaqçıların, yerli əhali arasında dələduz kimi tanınan şəxslərin YAP-ın Beyləqan rayon təşkilatına necə düşmələri və kimlər tərəfindən himayə edilmələri barədə yaxın günlərdə araşdırmalarımız olacaq.


NEWSCENTER.AZ

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.