SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Göyçay sakini: İcra başçısı mənə borcunu ödəmir

Göyçay sakini: İcra başçısı mənə borcunu ödəmir

Tarix:

1-03-2020, 21:44

/ 3 439 dəfə oxundu.
Göyçay sakini: İcra başçısı mənə borcunu ödəmir

Loğman Əliyev: “Qərarda göstərilir ki, əməkhaqqını hissə-hissə ödəmək olmaz”


“Artıq üç ildən çoxdur ki, Göyçay Rayon İcra Hakimiyyəti mənə olan 3653 manat borcunu ödəmir. İcra başçısı Mehdi Səlimzadə deyir ki, mən prezidentin yaxın qohumuyam, ailə üzvüyəm. Mənə dəxli yoxdur, kim-kimin qohum-əqrəbasıdır. Azərbaycan dövləti varsa, mövcuddursa, qətnamə yerinə yetirilməlidir”.

Bu sözləri Meydan TV-yə Göyçay Rayon Sanitar-Təmizlik İdarəsinin keçmiş rəisi Loğman Əliyev deyir. Bildirir ki, 2017-ci ildə yerli məhkəmənin çıxardığı qərara əsasən, Göyçay Rayon İcra Hakimiyyəti ona 2012-ci ilin dekabrın 12-dən, 2015-ci ilin martın 5-dək müddətdə olan əməkhaqqını verməli olduğu halda, buna əməl etmir:

“Necə olur ki, Azərbaycan dövləti Avropa Şurasında, həmçinin BMT-nin iclaslarında Ermənistanın uzun illərdir Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymamasını deyir, tələb edir, amma burada, öz ölkəmizdə, Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmə qətnaməsi icra olunmur? Bunu necə başa düşmək olar? Niyə bununla bağlı heç bir tədbir görülmür. Ermənilərdən tələb edirsən ki, niyə qətnamə icra olunmur, bəs yaxşı, özümüzünkülərdən niyə bu tələb olunmur? Mən bu məzmunda Ədliyyə Nazirliyinə teleqram vurmuşam. Həmçinin Prezidentə də teleqram vurmuşam, soruşmuşam ki, əgər BMT-nin dörd qətnaməsini irad tutursunuzsa, bəs məhkəmə qətnaməsini niyə yerinə yetirmirsiniz? Təsəvvür edin, qətnamə 2017-ci yanvarın 9-da qəbul olunub, hüquqi qüvvəsini alıb. Amma Mehdi Səlimzadə heç bir qanunu saymır. 2017-ci il yanvarın 9-da Göyçay Rayon Məhkəməsi müraciətim əsasında, qanunsuz həbs olunduğuma və işdən məcburi buraxdığım günlərə görə qətnamə çıxardı. Qətnamədə göstərilirdi ki, Loğman Əliyev Kərim oğlunun 2012-2015-ci illər arasında olan əməkhaqqı Göyçay Rayon İcra Hakimiyyəti tərəfindən hesablanıb verilsin. Qərarda göstərilir ki, əməkhaqqını hissə-hissə ödəmək olmaz”.

Loğman Əliyev məsələ ilə bağlı ötən il noyabrın 21-də təkrar Göyçay Rayon Məhkəməsinə müraciət edib. Dediyinə görə, ötən il işdən çıxarılması ilə bağlı 67 nəfərin də qol çəkdiyi şikayət sənədi məhkəməyə təqdim olunub:

“Mən Mehdi Səlimzadədən haqqımı istədim. Maaşımı vermək əvəzinə saxta imza toplayıb işdən çıxardı. Siyahıda adı olan adamların kimliyi belə bilinmir, ünvanı da göstərilməyib. Şəxsiyyət vəsiqəsinin nömrəsi, ərizənin yazılma tarixi yoxdur. Ərizədə olan imzaların əksəriyyəti bir-birinə oxşayır. Su Kanalizasiya İdarəsinin mütəxəssisi var, adını çəkmək istəmirəm. O, mənə dedi ki, çayçıda 10-20 manat təklif edərək, sənin əleyhinə ərizə yazıb, burada adamlara qol çəkdirirdilər. Məhkəmə prosesində həmin ərizənin saxta olmasını diqqətə çatdırmışam. Həmin şikayətdə ad-soyadları yazılan adamların heç birini tanımıram. Hətta bir nəfər xarakterim barədə yazıb. Axı kağızda ad-soyadı göstərilən adamları tanımıramsa, onlar mənim xasiyyətimi necə biliblər? Bunlar hamısı Göyçay Rayon İcra Hakimiyyəti başçısının sözləridir. Hazırda məhkəmə prosesi davam edir. Mən məhkəmədə tərtib edilən akt üzrə 67 nəfərin çağrılaraq, dindirilməsini istədim. Hakim istəyimi nəzərə aldı. Lakin imzası olan adamlardam heç biri məhkəməyə gəlmədi. Kağızda da özünüz görürsünüz ki, imzalar bir-birinə oxşayır”.

Şikayətçinin sözlərinə görə, Göyçay Rayon İcra Hakimiyyəti rəhbərliyi məhkəmənin işinə ciddi mane olur. Hakim tərəfindən tələb olunan sənəd və şahidləri təqdim etmir:

“Bununla da məhkəmə prosesinin gedişinə əngəl törətmiş olurlar. Yerli məhkəmə qərar çıxarıb ki, borc hissə-hissə ödənilə bilməz. Göyçay Rayon İcra Hakimiyyətinin Baş mühasibi Kamran Kərimovdan sənəd istəyirlər, gətirmir. Ya da bilərəkdən başqa sənədlər gətirir. 2017-ci yanvarın 9-da Göyçay Rayonu Məhkəməsi tərəfindən qətnamə qəbul olunub. Qanuni, hüquqi qüvvəsini alıb. Məhkəmə Mehdi Səlimzadənin dövründə olub. Onlar nə narazılıqlarını bildiriblər, nə də apelyasiya şikayəti veriblər. Üç il, üç aydır ki, mənim pulumu vermirlər. Sonradan apelyasiya şikayəti veriblər. Şəki Apelyasiya Məhkəməsinin 16 noyabr 2019-cu il qərarına əsasən, onların iddiası rədd olunub. Yerli məhkəmənin qərarını qüvvədə saxlayıb ki, birbaşa ödənilməlidir”.

Göyçay Rayon İcra Hakimiyyətinin Baş mühasibi Kamran Kərimov Meydan TV-yə bildirib ki, Loğman Əliyevə olan borc icra hakimiyyəti tərəfindən ödənilir.

Loğman Əliyev isə mühasibin dediklərini təkzib edib. Söyləyib ki, qurum tərəfindən indiyədək ona beş yüz manat ödənilib:
“Hələ bu günə qədər Kamran pulu ödəməyib. Yalan deyir. İki il, altı ay ərzində mənə beş yüz manat pul verilib. Onu da məhkəmə prosesi getdiyi üçün ödəyiblər. Əgər mənə pul ödənilibsə, dəliyəm, hər gün teleqram vururam? Kamran yalan danışır, onun əlində heç bir hüquqi əsas yoxdur. Sonuncu məhkəmə iclasında hakim məndən soruşdu ki, pulu almısan? Dedim, xeyr, Göyçay Rayon İcra Hakimiyyətinin Baş mühasibi Kamran Kərimov deyir ki, ona pul verməyəcəyik. Loğman əlindən nə gəlir, etsin. Bu məsələ ilə bağlı yerli məhkəmə Prezident Adminstrasiyasına müraciət edib. Məhkəməyə və İcra Hakimiyyətinə rəsmi məktub gəlib ki, dövlətin vətəndaşa olan borcu birdəfəlik və qeyri-şərtsiz ödənilməlidir”.

P.S. Yazıdakı faktlarla bağlı adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.
Göyçay sakini: İcra başçısı mənə borcunu ödəmir


Şərhlər

XƏBƏR LENTİ