SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Televizorda kimsə deyəndə ki, ölkəmizdə qaz var, işıq var, yol var, təəccüblənirik - GİLEY

Televizorda kimsə deyəndə ki, ölkəmizdə qaz var, işıq var, yol var, təəccüblənirik - GİLEY

Tarix:

14-01-2020, 09:55

/ 1 047 dəfə oxundu.
Televizorda kimsə deyəndə ki, ölkəmizdə qaz var, işıq var, yol var, təəccüblənirik - GİLEY

Səhər saatlarıdır. Astara rayonu Vaqo kənd orta məktəbində dərslərin başlanmasına yarım saatdan da az vaxt qalıb. Valideynlər Pensərçay çayının üstündəki asma körpüdən məktəbli övladlarını bir-bir o taydan bu taya keçirirlər. Körpü yellənir, bir anlıq hamı yerində dayanır. Çətinliklə, yarım saat ərzində uşaqları körpüdən keçirirlər. Uşaqları yola salandan sonra, valideynlər evlərinə tələsirlər.

Təngərüd kənd sakini Cəmilə Yəhyayeva deyir ki, uşaqlarını hər gün bu körpüdən məktəbə yola salır: “Hazırda vəziyyətmiz acınacaqlıdır. Mehriban xanıma ( Birinci vitse prezident Mehriban Əliyeva) müraciət edirik, bizə yardım etsin. Çox sağ olsun, televizora baxırıq, kəndlərə işıq, qaz çəkilir, yollar salınır. Bizdə bu işlər getmir. Gözümü açandan körpünü belə görmüşəm. Sovet dövründə də bu kökdə idi, indi də…Kəndin qurtaracağında yollarımız bərbaddır, keçilməzdir. Uşaqlar məktəbə gedə bilmirlər. Bir kilometr yolu bir saata gedirik. İndi havalar yaxşı keçir. Birtəhər keçinirik. Qar, yağış yağanda, gərək evdə oturaq. İki yerdə körpü salmaq lazımdır. Orada daş karxanası var, ağır maşınlar yolları bərbad hala salıb.”

Digər valideyn Günəş Məmmədova çayın üstündə olan körpünün dağılacağından ehtiyatlanır: “Məktəb qonşu kənddədir. Ora getmək üçün uşaqları bu dəmir körpüdən o tərəfə keçiririk. Səhər saat 8-də valideynlər körpünün yanında toplaşırılar. Uşaqları bu taya çıxardırlar. Körpünün üstünü buz bağlayır, uşaqlar keçə bilmir. Qorxuruq ki, çaya düşərlər. Uşaqları dərsdən sonra da qarşılamaq üçün bura gəlirik.”

Dağdan axıb gələn Pensərçay çayı ona yaxın kəndin ərazisindən keçir. Çay kəndləri iki yerə bölüb. Çayın kənarındakı kəndlərdən Hamuşama gedən yol asfaltlaşdırılıb. Asfalt yola yaxın evlər qazla, işıqla fasiləsiz təmin edilib . Amma bunu çayın digər tərəfində yaşayanlar haqqında demək olmaz. Bu ərazidə çayın üstündə olan körpülər sovet dövründən qalmadır, sadə üsulla inşa edilib.Təngərüd kəndinin Lələkəpeştə, Siyəkü kəndinin Çayiçi məhəllələrində yaşayanlar neçə illərdir ki, bu problemlərlə üz-üzədirlər.

Siyəkü kəndinin Çayiçi məhəlləsində yaşayan Rüstəm Nəzərov deyir ki, qarşılaşdıqları problemlərlə bağlı müxtəlif yerlərə müraciət ediblər: “Nəticə yoxdur. Bizim məhəllə Cayiçi adlanır.Təkcə bu məhəllədə 22-23 ailə var. Digər kəndlərin də məhəllələri var. Bu ərazidə 100-ə yaxın uşaq məktəbə gedir. Kəndin ara yolları baxımsızlıqdan dağılıb. Elə bil inkişafdan kənarda qalmışıq. İşıq yox, qaz yox. Kimə deyək? Dəfələrlə muraciət etmişik. Kəndin gözəgörünən hissəsində abadalıq işləri aparılır, gözdən uzaq yerlər isə olduğu kimi qalıb.Üstü bəzək, altı təzək.”

Təngərüd kəndi dağ yamacında yerləşir. Köhnə Bakı-Astara yolu onun yaxınlıqdan keçir. Bu yoldan 200-300 metr aralıda evlər qazsızdır. Demələrinə görə, yol sarıdan da əziyyət çəkirlər. Burda inşa edilən evlərin birinin həyətinə daxil oluruq. Ev sahibi odun tədürük edirdi. Özünü təqdim edir: “Televizorda kimsə deyəndə ki, ölkəmizdə qaz var, işıq var, yol var, təəccüblənirik.”

“Tural Xankişiyev, Təngərüd kəndi. Bura Lələkəpeştə məhəlləsi adlanır. Mən 15 ildir bu ərazidə yaşayıram. Günlərlə uşağı məktəbə apara bilmirəm. Ən pisi odur ki, bizi sayan yoxdur. Şikayətlərə heç cavab verilmir. Araşdıran yoxdur. Bu insanlar nə üçün şikayət edirlər? Biabırçılıqdır. Zəif işıq xətti burdan keçir. Söndürürlər, yandırırlar. Necə istəyirlər onu da edirlər. İki addımlıqdan qaz xətti keçsə də bizə vermirlər. Meşədən odun tədarük etməyə də qoymurlar, deyirlər ki, təbiətə ziyan vurursunuz. Həyətlərdə ağac qalmayıb. Hamsını kəsmişik. Palto ilə yatırıq. Televizorda kimsə deyəndə ki,ölkəmizdə qaz var, işıq var, yol var, təəccüblənirik.”

Şərhlər

XƏBƏR LENTİ