SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Prezidentin açılışını etdiyi Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi icarəyə verilib – 70 manata

Prezidentin açılışını etdiyi Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi icarəyə verilib – 70 manata

Tarix:

10-01-2020, 12:51

/ 1 091 dəfə oxundu.
Prezidentin açılışını etdiyi Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi icarəyə verilib – 70 manata

Diyarşünaslıq muzeyi — müəyyən coğrafi və ya inzibati əraziyə aid tarixi abidələri, təbii-elmi və bədii kolleksiyaları, xalq sənətkarlığı nümunələrini toplayan, qoruyan, öyrənən və təbliğ edən elmi-tədqiqat və mədəni-maarif müəssisəsidir. Azərbaycanda ilk diyarşünaslıq muzeyi 1920-ci ilin iyununda Bakıda yaradılmışdır. Tarixi-mədəni irsimizin təbliği, gələcək nəsillərə çatdırılması baxımından belə muzeylərin müstəsna əhəmiyyəti var. Bu baxımdan son dövrlərdə Azərbaycanda yeni muzeylərin inşası, mövcud muzeylərin yenidən qurulması işi geniş vüsət alıb.

Zəngin eksponatlara malik Beyləqan Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb. Muzeyin əvvəlki binası uzun illər istismar olunduğundan fiziki aşınmaya məruz qalmışdı. Bundan başqa, muzeyin ekspozisiyası SSRİ dövrünün tərtibatı əsasında qurulmuşdu. 2018-ci ildə yenidən inşa edilən ikimərtəbəli muzey binası 2019-cu ilin fevral ayının 13-də Prezident İlham Əliyevin Beyləqana səfəriinin baş tutduğu gün istifadəyə verildi. Muzeyin açılışında iştirak edən dövlət başçısı muzeyin yerləşdiyi parkda istirahət edən rayon sakinləri ilə görüşüb, onlarla söhbət etmişdi. Beyləqan rayon Mədəniyyət Mərkəzində işləyən gənc müğənni vaxtilə böyük sənətkar Rəşid Behbudovun ifasında səslənərək dillər əzbəri olmuş “Azərbaycanım” mahnısından bir parçanı oxumuşdu.

El bilir ki, tükənməyən sərvətin vardır,

Sinən üstü ağ pambıqlı gen tarlalardır,

Buruqların göy Xəzərdə qatar-qatardır,

Yurdum, yuvam məskənimsən, Azərbaycanım,

Anam doğma vətənimsən, Azərbaycanım.

Prezidentin bu məşhur mahnının nəqəratını gənclə birlikdə oxuması sakinlər tərəfindən böyük rəğbətlə qarşılanmışdı. İzdiham arasında, özü də ön cərgədə dayananlardan biri də Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin Beyləqan rayon nümayəndəliyinin rəhbəri Nazim Mirzəyev idi. Dövlət başçısı “Azərbaycan” mahnısını oxuyanda Nazim də dodaqlarını tərpədir, zümzümə edir, ürəyində isə “ay-hay!” deyirdi. Fikri başqa yerdəydi. Gələcək korruptiv planlarını düşünürdü. Eksponat-heyvanların saman təpilmiş dərilərindən qoparacağı hər tükü qənimət hesab edirdi. Muzey binasından necə “səmərəli” istifadə edəcəyini də götür-qoy edirdi.

“RealMedia.az” xəbər verir ki, rayonda bir sıra uğurlu dəyişikliklərdən sonra elə bil Nazim Mirzəyevin də “çiçəyi çırtladı”, muzeylə bağlı “kreativ” layihələrini həyata keçirdi. Bu sıradan gördüyü işlərin ən “diqqətəlayiqi” əlbəttə ki, muzeyin aşağı mərtəbəsində yerləşən otaqların hərəsini 70 manatdan icarəyə verməsidir. Özü də qanunsuz, icarəçilərlə heç bir müqavilə bağlamadan. Beləliklə, həm eksponatların yerini daraltdı, həm də onlarla tanış olmaq istəyən sakinlərin, turistlərin və ələlxüsus da tariximizi öyrənmələri vacib olan uşaqların. Bu da əlbəttə ki, rayonun mədəniyyət təəssübkeşlərinin haqlı narazılığına səbəb oldu. Qulağına dəyən etiraz nidaları isə Mirzəyevi əsla ilgiləndirmir, ona şəxsi mənfəəti lazımdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 iyun tarixli 284 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz dövlət əmlakı obyektlərinin müsabiqə əsasında icarəyə verilməsi QAYDALARI”na əsasən, daşınmaz dövlət obyektlərinin açıq müsabiqə vasitəsilə icarəyə verilməsi icarə müqaviləsi bağlanılmaqla ƏMDK tərəfindən həyata keçirilir və icarəyə verən qismində ƏMDK çıxış edir. İstisna olaraq, əgər həmin obyekt mədəniyyət müəssisəsidirsə, bu məsələ Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşma yolu ilə həyata keçirilir. Burada heç bir “təsərrüfat hesabı”ndan söhbət gedə bilməz.

Göründüyü kimi, Beyləqanda dövlət başçısının fərmanına əhəmiyyət verilmir.

Yazıda qeyd olunanlarla bağlı tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.

Şərhlər

XƏBƏR LENTİ