XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Sumqayıt Dövlət Universitetində “qış bazarlığına” hazırlıq…

Sumqayıt Dövlət Universitetində “qış bazarlığına” hazırlıq…

Sumqayıt Dövlət Universitetində “qış bazarlığına” hazırlıq…
7-01-2020, 13:07

Sumqayıt Dövlət Universitetində artıq adi hala çevrilmiş özbaşınalıqların sonu hələ də görünmür. İstər korrupsiya hallarına qarşı mübarizəni həyata keçirməyə məsul olan qurumlar, istərsə də Təhsil Nazirliyi SDU-nun rəhbərliyinə qarşı ölçü götürməkdə acizlik nümayiş etdirirlər. Məlum olduğu kimi 2013-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu. Bundan sonra Azərbaycan Respublikası Təhsil nazirinin əmri ilə SDU-nun tədris işləri üzrə prorektoru vəzifəsinə təyin olunmuş Elxan Hüseynova bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası da həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Lakin daxil olan məlumatlar onu göstərir ki, SDU-da yeganə islahat məhz elə kadr dəyişikliklərindən ibarət olub.
Universitetdə baş verənlərlə bağlı məlumatlandıran mənbənin sözlərinə görə, Elxan Hüseynov tərəfindən SDU-da keçirilən “islahatlar”da universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. Belə ki, Elxan Hüseynovun 2002-ci ilədək olan elmi fəaliyyəti onun ali təhsil aldığı Bakı Dövlət Universiteti ilə sıx bağlıdır və orada işlədiyi illər ərzində Elxan müəllim öz ətrafında kifayət qədər etibarlı komanda toplaya bilmişdi. Aldığımız məlumatlara görə SDU-ya rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov öz komandasını da buraya gətirmişdir. Bu isə universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəlib. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüfdoğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atmadı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil edildi. Həmin redaksiyamıza təqdim olunan açıqlamalarda da bildirilir ki, yeni rektor universitetə təzə gətirdiyi fakültə və kafedra rəhbərlərinə tapşırıb ki, ilk növbədə qiyabiçi tələbələrə imtahan qiymətlərinin qalxması ilə bağlı əvvəlcədən xəbərdarlıq olunsun. Belə ki, əgər əvvəl imtahan qiymətləri 50 manat idisə, bundan sonra 80 manat olacaq. Əla qiymət almaq istəyənlər isə 100 manat ödəməlidirlər. Yeni aldığımız məlumatlarda isə qeyd olunur ki, Elxan Hüseynov artıq bu tariflərə də yenidən “baxış keçirib” və nəticədə qiymətlər daha da qalxıb. Digər tərəfdən də rektor xaricdən tələbə transferləri məsələsini də tam olaraq “relsə” qoyub. Bir transferin qiyməti də 15 min manat məbləğində müəyyənləşdirilib. Bu gün universitetdə olan mənbələr yenidən bu ali təhsil müəssisəsində vəziyyətin daha da gərginləşdiyini xəbər verirlər. Həm də mənbələr təsdiq edirlər ki, universitet rəhbərliyində tənqidə qarşı immunitet çoxdan yaranmışdır. Əlbəttə, haram yolla sərvət qazanmağa aludə olanlar nəinki özgələrinin, hətta öz vicdanlarının səsini belə qulaq ardına vurmaqda çox mahir olurlar.
Bir tərəfdən SDU-da yer almış “adi” korrupsiya halları, digər tərəfdən isə universitet daxilində aparılan intriqalar baş verənlərin müzakirələrə çıxarılması ilə yanaşı, müəyyən məqamların araşdırılmasını da olduqca maraqlı edir. Elə müraciət edən bir qrup Sumqayıt Dövlət Universiteti tələbəsinin də gileyi bundandır. Qeyd edək ki, narazı tələbələr konkret olaraq onlardan rüşvət tələb edən müəllimlərin adlarını açıqlasalar da, bu barədə dəqiq bilgilərimiz olmadığından sübutsuz-dəlilsiz kimlərisə ittiham etmək istəmədik. Amma tələbələrin gileyini icitmailəşdirmək qərarına gəldik. Narazı tələbələr bildirir ki, SDU-da bu gün rəsmən bazar açılıb və prorektorlar başda olmaqla dekanlar da daxil hər kəs bu bazarda meydan sulayır. Tələbələr yazır: “Bu gün əgər kimsə SDU-da gizli kamera ilə müşahidə aparsa, görər ki, bu təhsil ocağında 3-4 müəllim xaric, kimsənin elm öyrətmək həvəsi yoxdur. Qalanları tələbələrlə bazarlıqdadır. Köhnə kəsirlərin həll edilməsi məsələsi bu gün aktualdır. Hazırda prorektorlarda biri (tələbələr həmin prorektorun adını çəkirlər -red.) rektorun “sağ əli” olaraq tələbələrə qiymət oxuyur. Bu sezonda, qış imtahanı dövrü də daxil rektorun hesabına 50-60 min pulun yığılacağı şəkksizdir. Çünki əksər tələbələrin kəsiri var və sonuncu kursların diplom məsələsi yaxınlaşdığından onlar “problemi” qısa müddətə həll etməlidirlər. Bu işlərə isə həmin prorektor nəzarət edir”.
Məsələ ilə bağlı cumhuriyyet.az bildirir ki, tələbələr əlavə olaraq da konkret ittihamlar səsləndirib. Bu isə bütün bu faktları yerində araşdırmaq qərarını vermişik və yaxın günlərdə həm tələbələrin, həm də həmin prorektor da başda olmaqla, tələbələrlə bazarlığa girən müəllimlərin adlarını açıqlayaraq reportajımızı təqdim edəcəyik. Bizi izləməkdə davam edin.

cumhuriyyet.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.