SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Əli Əhmədov : Göyçayın rüşvətxor məmurların da tutsunlar

Əli Əhmədov : Göyçayın rüşvətxor məmurların da tutsunlar

Tarix:

23-12-2019, 11:57

/ 997 dəfə oxundu.
Əli Əhmədov : Göyçayın rüşvətxor məmurların da tutsunlar

Əli Əhmədov: “10 milyonuncu vətəndaş doğulanda bayram edirlər, ancaq qapılarına gedəndə deyirlər, niyə dünyaya gətirirsiz?”

“İcra başçısının qəbulunda oldum, kömək istədim. Dedi, bunu vaxtında bu qədər uşağı dünyaya gətirəndə düşünəydin. Neynirsiz bu qədər uşağı? Mən sizə ev tikənəm? Mən sizə iş tapanam? Ay başçı, yanında desəm, cibimə narkotik atdırıb tutduracaqsan, ona görə də sözümü burdan deyirəm. Mən səndən ev, iş istəmirəm, ancaq prezident səni bura mənə görə təyin edibsə, mənim sosial vəziyyətimin düzəlməsi üçün sən də hərəkət eləməlisən, mənim işlə, evlə təmin olunmağım üçün lazımi dövlət idarələrinə məktub göndərməlisən, bildirməlisən ki, ərazimdə evsiz, işsiz ailə var, tələb etməlisən. Bəs səni bura niyə təyin ediblər? Park tikib pul silməyə?”

Bunu Meydan TV-yə Göyçayın Çərəkə kənd sakini Əli Əhmədov deyir.

Əli Əhmədovun 3 azyaşlı övladı var, yaxınlarda dördüncü övladı dünyaya gələcək. Ancaq iş orasındadır ki, övladlarını saxlayıb böyütmək üçün nə evi, nə də qazancı var. Deyir, övladları təhsilə meylli olsalar da, çox vaxt imkansızlıqdan məktəbə gedə bilmirlər.

“Bəlkə hökumət insafa gələ, uşaqpulu verə…”

Əli Əhmədov danışır:

“Fəhlə işi düşəndə gedirəm, səhərdən axşamacan işləyirəm, 3-5 manat alıb gəlirəm. O da həftədə, ayda bir dəfə olur. Uşaqlara ayaqqabı yox, isti geyim yox, almağa pul da yox… Məktəbə gedə bilmirlər. Oturub ümidlə gözləyirik ki, bəlkə hökumətin insafı ola, bir qərar verə, uşaqpulu verilə, birtəhər vəziyyətdən çıxarıq. Uşaq Allahın nemətidir, ondan necə imtina eləmək olar? Allah verir, biz də imtina eləmirik. Günahı uşağı dünyaya gətirənlərdə yox, o uşağın yaxşı yaşaması üçün öhdəlik götürən hökumətdə görmək lazımdır. Mən ölkəyə gələcəyin üç əsgərini vermişəm, dördüncü əsgəri də verəcəm, bunun nəyi pisdir ki? Mənim dörd balam gələcəkdə səngərdə dayanıb bunları qoruyacaq, bunlarsa mənim balalarımı sanki qəsdən acından öldürməyə çalışırlar. 10 milyonuncu vətəndaş doğulanda bayram edirlər, ancaq qapılarına gedəndə deyirlər, niyə dünyaya gətirirsiz?”

“Deyirlər, ev dağılacaq, ailəni götür, çıx”

Yaşadıqları ev köhnə və qəzalıdır. Deyir, rayon icra hakimiyyətinin işçiləri də evə baxış keçiriblər və bu evdə yaşamağın təhlükəli olduğunu bildiriblər:

“İcra hakimiyyətinin nümayəndələri gəlib, evə baxış keçiriblər, deyiblər, bu ev dağılacaq, yazıqdı bu uşaqlar, dağıntıların altında qalacaqlar, nəyi gözləyirsən, çıxart bunları evdən… Deyirəm, dediklərinizi mən də yaxşı görürəm, anlayıram. Ancaq bu boyda ailəni hara çıxardım? Çöldə saxlayım? Həyat yoldaşım hamiləliyi çətin keçirir, ayaqları şişib, gəzə bilmir. Anam altı dəfə əməliyyat olunub. Atam müharibədə aldığı travmalara görə gəzə bilmir. Artıq gözləri də görmür. Kişi müharibədə yaralanıb, ancaq əlillik təyin etmək üçün rüşvət istəyirlər. Uzun illər gedib-gəldi, bəlkə əlli dəfə sənədləri yenilədi, toplayıb təqdim elədi, hər dəfə xəstə adamı get-gələ saldılar, axırda dedilər, dayı, bu işlər “şirinliksiz” olmur. O da get-gəl etməkdən yoruldu, daha getmədi. Deyirlər, dünən icra başçılarını tutublar, gəlib bizim rüşvət alan məmurları da tutsunlar. Müharibədə sağlamlığını itirən adama əlilliyi rüşvətlə təyin edirlər. Atamın ayaqları tutulub, bizim köməyimizlə hərəkət edir, halbuki, cavan yaşlarında sağlamlığını torpağa görə itirib”.

Özünəməşğulluğa qoşula bilmir

Əli Əhmədov deyir, özünəməşğulluq proqramına qoşulmaq üçün rayon Məşğulluq Mərkəzinə gedib. Ancaq aldığı cavabdan məyus olub:

“Hökumət hamıya heyvan verir. Məşğulluq Mərkəzinə müraciət elədim, dedim, mənə də heyvan verin, saxlayım, artırım, dolanım. Dedilər, sənə düşmür. Səbəbini bildirmədilər. Eləcə, dedilər, düşmür, vəssalam. Halbuki, imkanı, işi olan adamlar tanıyıram, onlara heyvan veriblər. Əgər bu heyvan məsələsi kasıb üçün idisə, niyə hər yerdən əli üzülən kasıba yox, qazancı, işi olan adamlara verilir? Sosial yardım da ala bilmirik, deyirlər, işləməlisən. Sosial yardımı da işi, maaşı olana verir hökumət. Halbuki, sosial yardım işsiz ailəyə olmalıdır. Hökumət maaş alanın pulunun üstünə pul qoyur, işi olmayana deyir, gəlir yerin yoxdur, sənə sosial yardım düşmür”.

Göyçay Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Əli Əhmədov dəfələrlə Birinci vitse-prezidentə və başqa qurumlara məktub yazıb. Həmin məktublar araşdırılması üçün icra hakimiyyətinə göndərilib. Əli Əhmədov icra hakimiyyətinə dəvət olunub və ona bildirilib ki, o, məktublarında qeyd etdiyi problemlərə görə aidiyyəti üzrə qurumlara müraciət etməlidir: “Ev istəyən bura gəlir, maşın istəyən bura gəlir, iş istəyən bura gəlir… Axı vətəndaşın bu istəklərini həyata keçirmək mümkün deyil. Bunlar icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid deyil”.

İcra hakimiyyətindən bildirilib ki, bələdiyyə seçkiləri bitdikdən sonra Əli Əhmədovun evinin təmir-bərpası üçün materialların ayrılmasına görə Çərəkə kənd Bələdiyyəsinə müraciət olunacaq.

Rayon Məşğulluq Mərkəzindən bildirilib ki, Əli Əhmədov təlimlərə qoşulmalı, biznes-plan təqdim etməlidir, mütəxəssislərin rəyindən sonra özünəməşğulluq proqramlarına qoşulması haqqında qərar verilməlidir. Ancaq Əli Əhmədov Məşğulluq Mərkəzinə şifahi müraciət edib və ona qoyun verilməsini istəyib. Vətəndaşa özünəməşğulluq proqramlarına qoşulmağın qaydaları izah olunsa da, o, yenə tələb olunanlara əməl etməyib.

Meydan TV

Şərhlər

XƏBƏR LENTİ