SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Nazim İsmayılov iclasda Əhmədzadəni belə hədəfə gətirdi - Çıxışın mətni

Nazim İsmayılov iclasda Əhmədzadəni belə hədəfə gətirdi - Çıxışın mətni

Tarix:

20-12-2019, 12:16

/ 881 dəfə oxundu.
Nazim İsmayılov iclasda Əhmədzadəni belə hədəfə gətirdi - Çıxışın mətni

Xəbər verdiyimiz kimi, dekabrın 19-da Prezident İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlər ilə bağlı müşavirə keçirilib.
“Yeni Sabah” xəbər verir ki, müşavirədə nəzərdə tutulmuş çıxışlar bitən zaman Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Prezident İlham Əliyevdən ona söz verilməsini verməsini xahiş edib. Prezident isə ona kürsüyə çıxaraq çıxış etməsini təklif edib.

Nazim İsmayılov, “Möhtərəm cənab Prezident, çox vaxt almaq niyyətində deyiləm, amma pambıqçılıqla bağlı bir problemi çatdırmaq istəyirəm” cümləsilə çıxışına başlayıb:

"Bu gün buraya toplaşmaqda məqsəd pambıqçılıqda olan problemləri Sizin rəhbərliyinizlə öyrənmək, gələcəkdə məhsuldarlığın artırılması hesabına pambıq tədarükünü yüksəltməkdir. Bilirsiniz ki, Saatlı pambıqçılıq sahəsində respublikada əvvəllər də yüksək nəticələr qazanıb. Bu il də respublikada ən çox pambıq tədarük edən Saatlıdır, 42 min tona yaxın pambıq tədarük edib. Bu, keçən ilkindən, təqribən 12 min tona yaxın artıqdır, hər hektardan 11 sentner artıqdır. Əhali bu pambıqdan 20 milyona yaxın xalis gəlir götürüb.

Bunları deyib, bir daha qeyd edirəm, vaxtınızı almaq niyyətində deyiləm, əsas problemə keçmək istəyirəm. Çünki Saatlı rayonunun 108 min əhalisinin 90 mini kənddə yaşayır. Bu kəndlərdə də camaatın işi ancaq təsərrüfatdır, bu gün də burada pambıqçılıq əsas yer tutur. Saatlıda suvarma ilə əlaqədar bizim ciddi problemlərimiz var. Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq. Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu. Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb. İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir. Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun. Çünki Sizin tapşırığınızla Arazdan 54 kilometrlik əlavə bir yeni qol da çəkildi. Orada qış otlaqları əkin sahəsi altına keçirildi. İstər-istəməz bu da o sudan götürülür. Ona görə də bizim su problemlərimizi, çətinliyimizi aradan qaldırmaq üçün bu layihə çox vacibdir. Eyni zamanda, köhnə daşıyıcı su kanalları var. Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir. Təsəvvürünüzə gətirin ki, Arazdan gələn suyun 30 faizi itkiyə gedir, axmaz göllərdə qalır, ona görə çətinliyimiz var. Mən fürsətdən, yaratdığınız şəraitdən, imkandan istifadə edərək bu problemi Sizin ali diqqətinizə çatdırmaq istədim. Ümid edirəm ki, Sizin bilavasitə nəzarətinizlə bu problem tezliklə öz həllini tapacaq. İnanın ki, bu il suda problem olmasaydı, biz 50 min ton pambıq verəcəkdik. Saatlı 1981-ci ildə Ulu Öndərin rəhbərliyi dövründə ən yüksək pambıq istehsal etdi - 60 min ton. Bu il isə 42 min ton oldu. Amma biz 50 min tonu tədarük edə bilərdik. Ona görə çox xahiş edərdim ki, saatlılıların bu müraciətini öz nəzarətinizdə, diqqətinizdə saxlayasınız, bizə kömək olunsun.

Mən vaxtınızı aldığıma görə dönə-dönə üzr istəyirəm. Təşəkkür edirəm.

Prezident isə öz növbəsində problemin həlli üçün aidiyyatı qurumlara tapşırıq verib.

Şərhlər

XƏBƏR LENTİ