XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Neftçala sakinləri: Bizə “TOPAZ” yox, aptek lazımdır

Neftçala sakinləri: Bizə “TOPAZ” yox, aptek lazımdır

Neftçala sakinləri: Bizə “TOPAZ” yox, aptek lazımdır
19-12-2019, 16:11

Sakinlərin deməsinə görə, son illər rayondakı aptekləri bağlayaraq yerində gözəllik salonları və başqa obyektlər açılıb...
“Neftçalanın mərkəzində vur-tut 4-5 aptek var. Onlar da axşam saat 7-dən sonra bağlı olur. Vay o gündən axşam bir ağrın tuta, dərman üçün məəttəl qalarsan”.

Azərbaycanda ilk aptek 1850-ci ildə Neftçalanın Bankə qəsəbəsində fəaliyyətə başlayıb. Əvvəllər vətəgələr olan ərazidə - bir gəminin içində yerləşən aptekin yeri sonralar dəyişdirilərək qəsəbənin mərkəzinə gətirilib. Ancaq hazırda Neftçalada aptek qıtlığı var. Sakinlər iddia edirlər ki, 86 min əhalisi olan rayonda cəmi biri dövlətin olmaqla, cəmi bir neçə aptek fəaliyyət göstərir. Bu da əhaliyə xidmət üçün kifayət etmir.

“Ağrıkəsici üçün qonşu rayona getdim”

Neftçala sakini Elnarə Sadıqova Meydan TV-yə danışır ki, bir neçə gün əvvəl azyaşlı qızının səhhəti qəfil pisləşib və ağrıkəsici dərman preparatına ehtiyac olub. Ancaq şəhər mərkəzindəki apteklərdə iş vaxtı bitdiyindən o, dərman almaq üçün qonşu rayona gedib:

“Saat 8 idi, apteklər bağlı idi, məcbur oldum ki, dərman üçün başqa rayona gedim. Aptek əhali üçün çox vacibdir. İnsanın həyatını xilas edən dərmandır. Ancaq bizdə dərman satışından çox qumarxanalara, pivəxanalara yer verilir. Aptekləri bağlayıb yerində “TOPAZ”, gözəllik salonları açırlar. Əhali üçün hələlik 3-5 aptek saxlayıblar, o apteklərin qapısından da saat 7-dən sonra qıfıl asılır”.

Rayonun başqa sakini Ümid Həsənli deyir, hazırda mərkəzdə fəaliyyət göstərən və iş vaxtı tez bitən apteklərdə də “dərman kasadlığı” olur:

“İstədiyimiz odur ki, əhaliyə xidmət edən və işərisində hər dərmanı tapa biləcəyimiz apteklər olsun. Rayonda çoxlu sayda əlillər, qocalar, xəstə insanlar var”.

“İşləyən apteklərdə dərman çeşidləri azdır”

“Bir doktor Həbibin apteki var, o da dərman satışına az yer verir, əsasən, məhlullar hazırlayır. Bir də Rayon Mərkəzi Xəstəxanasının içində aptek var, onlar da digər apteklərdən təxminən 1 saat sonra bağlanır. Bizə günün 24 saatı açıq olan və çeşidli dərman preparatları satılan aptek lazımdır. Hazırda işləyən apteklərin çoxunda lazım olan dərman preparatlarını tapmaq olmur, yalnız ağrıkəsicilər satılır”.

“Aerazol axtarışına çıxınca, xəstə gənc keçindi”

Rayonun kəndlərində durum daha acınacaqlıdır. Xıllı qəsəbəsindən başqa heç bir kənddə, qəsəbədə aptek yoxdur:

“Xıllıdakı aptekdə də satışda olan dərman preparatları çox azdır. Aptek sahibləri deyir, “depo”dan bahalı dərmanlar alıb satışa qoymağa ehtiyat edirlər ki, birdən satılmaz. Ona görə də ucuz ağrıkəsini dərman preparatları satmaqla kifayətlənirlər. Kəndlərdə isə yerli-dibli aptek yoxdur. Qohumlarım Qaraqaşlı kəndində yaşayır. Bir neçə ay əvvəl bronxospazmdan əziyyət çəkən yaxın qohumum dünyasını dəyişdi. Gənc oğlan idi, “Efatin” aerazolu bitmək üzrəydi. Biz rayon mərkəzinə gəlib çatınca apteklər bağlandı. Apteklər açıq olsaydı belə, o “Aerazol” çətin bu apteklərdə olaydı. Biz o “Aerazol”u axtarınca oğlan keçindi”.

Neftçala Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, rayonda kifayət qədər aptek var:

“Rayonda dövlətin bir apteki var, qalanları özəl apteklərdir. Üzeyir Hacıbəyov küçəsində, Heydər Əliyev prospektində, başqa ara küçələrdə apteklər var. Təkcə 20 Yanvar küçəsində 3 aptek var. Xəstəxananın apteki var. Çoxdur aptek... Düzdür, kəndlərdə aptek azdır, bu, həqiqətən də problemdir. Ancaq biz nə edə bilərik, bizim də gücümüz ona çatır ki, Səhiyyə Nazirliyinə məktub yazaq ki, dövlət xəttiylə 1-2 aptek də açılsın”.

Meydan TV müxbiri məsələyə Səhiyyə Nazirliyindən münasibət öyrənə bilməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.