SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Qaxda özləri çalıb, özləri oynayanların SEÇKİ MƏZHƏKƏSİ

Qaxda özləri çalıb, özləri oynayanların SEÇKİ MƏZHƏKƏSİ

Tarix:

10-12-2019, 10:23

/ 762 dəfə oxundu.
Qaxda özləri çalıb, özləri oynayanların SEÇKİ MƏZHƏKƏSİ

23 Dekabr bələdiyyələrə seçkilər günüdür. 112 saylı Qax seçki dairəsi ərazisində fəaliyyət göstərən bəzi seçki məntəqələrində ailəvi iştirakçılıq müşahidə olunur.

AFN xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb. Onun sözlərinə görə, 112 saylı Qax seçki dairəsinin 24 saylı məntəqəsinin sədri Əliyev Vahid Nəzir oğlunun doğma qızı İsayeva Aytən Vahid qızı və onun həyat yoldaşı, yəni məntəqə sədrinin kürəkəni İsayev Rəşad İsa oğlu da eyni bələdiyyəyə namizəddirlər. Necə deyərlər, məntəqə sədri Əliyev Vahid seçki günü daha çox əziyyət çəkməli olacaq, həm qızı, həm də kürəkəni üçün səs “toplamalı” olacaq.

112 saylı Qax seçki dairəsinin 58 saylı seçki məntəqəsinin üzvü Sayadova Sayalı Hacıqurban qızı 23 saylı məntəqəsinin sədri Qurbanov Hacıqurban Qasım oğlunun doğma qızıdır və Sayalı Sayadovanın qardaşı, yəni Hacıqurban Qurbanovun oğlu Qurbanov Sərxan Hacıqurban oğlu Qum bələdiyyəsinə üzvdür və eyni məntəqədələrdə səs toplamağa çalışacaq. Sərxan Qurbanov üçün səs toplamaq çox asan olacaq, çünki bacısı Sayalı Sayadova 58 saylı məntəqədə, atası Hacıqurban Qurbanov isə 23 saylı məntəqədə “vəziyyətə nəzarət” edəcəklər.

112 saylı Qax seçki dairəsinin 58 saylı seçki məntəqəsinin digər üzvü Ramazanov Elbrus Şakir oğlunun qardaşı Ramazanov Elyar Şakir oğlu və bibisi oğlu Əzizli Fəxri Yaşar oğlu da həmin məntəqədən namizəddirlər. Digər məlumat isə ondan ibarətdir ki, Elbrus və Elyar Ramazanovların doğma atası Ramazanov Şakir Qum kənd ərazi icra nümayəndəsinin müavinidir. Yəni, bütün inzibati resursları əllərində cəmləyən Ramazanovlar ailəsi 23 Dekabr seçkilərində “inamlı qələbə” qazanacaqlar.

112 saylı Qax seçki dairəsinin 23 saylı seçki məntəqəsinin katibi Ramazanov Maxtımın onunla bir evdə yaşayan qardaşı oğlu Ramazanov Kənan Oruc oğlu da həmin məntəqədən bələdiyyəyə namizəddir. Eyni zamanda Ramazanov Maxtım Qum Ərazi İcra nümayənliyində mühasib işləyir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 22 Maddəsinin 1-ci bəndinə əsasən, seçkilərdə namizədliyi qeydə alınmış şəxslərin yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.

Çox güman ki, 112 saylı Qax seçki dairəsinin sədri, hörmətli Əliyev Abdukərim Rəsul oğlu qanunun bu tələbini bilməmiş deyil.

Məlumatlar http://qax.org.az/?p=7753 saytından götürülüb.

Şərhlər

XƏBƏR LENTİ