SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » "Bələdiyyə Tərtərdə Şəhidlər Parkını mənimsəyib, icra başçısı onu qoruyur”

"Bələdiyyə Tərtərdə Şəhidlər Parkını mənimsəyib, icra başçısı onu qoruyur”

Tarix:

15-11-2019, 13:19

/ 879 dəfə oxundu.
"Bələdiyyə Tərtərdə Şəhidlər Parkını mənimsəyib, icra başçısı onu qoruyur”

Qarşı tərəf isə iddiaları rədd edir
Tərtər rayonu, Səhləbad kənd sakini Mahmudov Ziya Mehrac oğlu “Yeni Müsavat”a müraciət edib. Atasını Qarabağ uğrunda gedən döyüşlərdə itirən, özü də aprel savaşında fəal iştirak edən şikayətçi keçmiş bələdiyyə sədri İsmayılov Bəxtiyarın yaşadığı kəndin mərkəzində yerləşən Şəhidlər Parkını gizli şəkildə hərraca çıxararaq mənimsədiyini deyir.

Z.Mahmudov bununla bağlı indiyə qədər dəfələrlə rayonun icra başçısı Müstəqim Məmmədova şikayət etsə də, problemin həll olunmadığını bildirdi: “Atam şəhid olandan sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub. Mənim özüm də aprel döyüşlərində fəal iştirak etdiyim üçün dövlət tərəfindən “İgidliyə görə vətən naminə” medalı ilə təltif olunmuşam. Şəhidlər parkına olan hörmətsizliyə biganə qalmadığım üçün sizin qəzetə müraciət etdim. Vaxtında bələdiyyə sədri statusundan istifadə edib, o parkı özünə həyətyanı sahə kimi götürən bir şəxsə nə ad verəsən? O, təxminən 10 il əvvəl bələdiyyə sədri olub və həmin ərazini gizlincə sənədləşdirib. İndi o sənədi üzə çıxarıb, Şəhidlər Parkını hasara alıb. Özü də o yeri oğlanları üçün nəzərdə tutub. Parkın hər tərəfi dövlətin inzibatı binaları ilə əhatə olunub. Bizim mənəvi qürurumuza toxunduğu üçün bu haqda bizə köməklik göstərilməsini xahiş edirik. O şəxsin özünə dəfələrlə müraciət etmişik. Rayonun icra başçısı kəndimizə gəlib iclas keçirirdi və həmin vaxt şəxsən özünə bu barədə məlumat verdim. Belə bir şeyin olmayacağına söz verdilər. Hətta həmin parka belə baxış keçirildi. Orada dirəkləri qırdılar və ərazinin park olacağını dedilər. Görünür, sonradan icra başçısı ilə razılığa gəlindiyi üçün heç bir tədbir görülmədi. İcra başçısının Tərtərdə gördüyü o qədər qanunsuz işlər var ki, hansını deyəsən bilmirsən. Bu məsələdən də xəbərdar olduğu halda heç bir tədbir görmür. Müraciət edirik, deyir ki, öz həyətyani sahəsi olduğu üçün qarışmıram. Ora park olmamışdan qabaq oxuduğumuz məktəbin həyəti olub. Sonradan kəndin mərkəzi olduğu üçün Şəhidlər Parkı edildi. İndi hasara alıblarsa, səhəri gün parkdakı Şəhidlər Abidəsini sökəcəklər. Artıq söküntü üçün fürsət axtarırlar. Təsəvvür edin ki, parkın arxasında zibil quyusu qazıblar. Şəhidlərə bu cür hörmətsizlik hansı vicdanla etmək olar? Biz istəyirik ki, parkın yanında şəhidlərə ev muzeyi tikilsin. Onlar bu istəyimizi bilən kimi parkı hasarladılar. İcra başçısı ilə bağlı bir faktı da deyim ki, o Tərtərə icra başçısı gələndən sonra rayonun milli qəhrəmanı Elman Hüseynovun adına olan bulaq dağıdıldı. Belə görünür ki, bu şəxsin işi rayona gələndən sonra şəhidlərlə bağlıdır. Tərtərdə çox acınacaqlı vəziyyət hökm sürür. Müstəqim müəllimə şikayət edirsən, deyir ki, get məhkəməyə ver. Şəhidlər parkı ilə bağlı da ona müraciət edəndə bu cavabı vermişdi. Tərtərdəki şəhid ailələri mövcud durumdan çox narahatdırlar. Aidiyyatı qurumlardan bizə kömək olunmasını xahiş edirəm”.

Şikayətçinin ittihamları ilə bağlı Tərtər Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra başçısının müavini Ramiz Şabanov əsəbi şəkildə “səhv düşmüsünüz” deyərək telefonu üzümüzə qapadı.

B.İsmayılov isə deyilənləri təkzib etdi: “Onun dediyi sözlərin hamısı quraşdırmadır. 1992-ci ildə torpaq sahələri verilən zaman həmin ərazi də mənə verilib. İki qardaşımın birinə 7, digərinə isə 5 sot torpaq verilib. Dövlət tərəfindən qeydə alınan sahədir, şəhadətnamə də verilib. Qeyd olunan ərazi mənimsənilməyib. O vaxt şəhidlərə orada lövhə qurulmuşdu. Həmin lövhə də hazırda qorunub saxlanılır. Hətta mənə verilən torpaqdan bir sot da şəhidlər üçün ayırmışam ki, bir az geniş olsun. Heç bir ərazi mənimsəməmişəm. Hər yeri zəng vuraraq bir-birinə qatıb. Aidiyyatı orqanlar da gəlib baxıblar. Torpağın bütün parametrlərini götürüblər və bildiriblər ki, burada heç bir qanunsuzluq yoxdur. Həmin ərazi heç zaman Şəhidlər Parkı kimi nəzərdə tutulmayıb. Bələdiyyə sədri işlədiyim zaman kənd camaatına dedim ki, gəlin burada şəhidlərə xatirə lövhəsi qoyaq. Onun məqsədi budur ki, oranı park etsin. Amma bunun üçün yetərli ərazi də deyil. Oranın bir tərəfi onun çayxanasıdır. Əgər park salmaq istəyirsə, özünün çayxanasını söküb yerində etsin. Kənd camaatının adından danışmağa onun haqqı yoxdur. 73 yaşım var. Həyatda heç vaxt kəndim, camaatım, xüsusilə, şəhidim üçün hər şeyimi qurban verməyə hazıram. Amma haqsız sözə yox. Gərək ədalətli danışasan. Öz mənfəətini irəli sürmə. Şəhidlərimizin hər zaman haqqını gözləmişəm”.

“Yeni Müsavat”

"Bələdiyyə Tərtərdə Şəhidlər Parkını mənimsəyib, icra başçısı onu qoruyur”

Şərhlər

XƏBƏR LENTİ