SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Vidadi İsayev bərdəliləri Milli Şuranın mitinqinə necə sürüklədi? - Xəyanət

Vidadi İsayev bərdəliləri Milli Şuranın mitinqinə necə sürüklədi? - Xəyanət

Tarix:

21-01-2019, 03:53

/ 577 dəfə oxundu.
Vidadi İsayev bərdəliləri Milli Şuranın mitinqinə necə sürüklədi? - Xəyanət

Milli Şura və digər müxalif güclərin birgə keçirdiyi 19 yanvar mitinqinə ən çox Bərdə rayonundan qoşulanlar olub. Bu haqda Reportyor.info-ya məlumat verilib.

Mitinqdə iştirak edən narazılar arasında regional üstünlük Bərdədir. Səbəb isə işsizlik, özbaşınalıq məngənəsində çabalayan rayondakı idarəçilikdir.

Əhali yerli hakimiyyətdən bezib. Sakinlərin şikayət və problemlərinə biganəlik onları mitinqə sürükləyib. Prezident Administrasiyasının analitik şöbəsi bunu təhlil edə bilər.

İl ərzində regionlar üzrə təhlillər aparılır, hesabat hazırlanır, hansı əyalətlərdə qanunsuzluğun daha çox qeydə alındığı barədə statistik məlumatlar əldə edilir.

Bu analizlər yerli hakimiyyət rəhbərlərinin barəsində verilən qərarlarla öz əksini tapır. Son illərdə şikayətlərin ardı-arası kəsilmədən gəldiyi bölgə Bərdədir.

Nəticəgöz qabağında: icra başçısı Vidadi İsayevin yarıtmaz fəaliyyəti axır ki, camaatı müxalifətin mitinqlərinə qatılmağa təhrik etdi. Bu da onun iqtidara “hədiyyəsi”…

Görəsən, V.İsayev daha hansı pislikləri hakimiyyətə etmək fikrindədir?! Bəlkə İsmayıllı hadisələrinin Bərdədə təkrarlanması arzusundadır?

Çünki işləməyən məmur hakimiyyətin düşmənidir. Hökumət və prezident yerlərdən narazılıq səsi eşitmək istəmir.

Əyalətlərdə isə insanları incidən və özbaşınalığa yol verən hakim güclər sanki bunu məqsədli şəkildə edir, vətəndaşları hakimiyyətin üstünə qaldırır.

Bu baxımdan bərdəliləri saymayan, rayonu viran qoyan, şəhid ailələrini, məcburi köçkünləri qapıdan qovan, sahibkara “divan tutan”, yaşıllıqlara qənim kəsilən, ziyalıları vecinə almayan, şikayətçiləri dinləməyən, kəndliləri, fermerləri görən gözü olmayan Vidadi İsayev iqtidar üçün hansı xoşagəlməz bir bazis hazırladığının fərqinə varmayıb.

Bu baza müxalifətə bir elektoratdır, Milli Şuraya, AXCP sədri Əli Kərimliyə növbəti dəstəkdir. Bu qüvvələr iqtidarla mübarizə aparırlar, hakimiyyətin istefasını tələb edirlər.

Bərdədən mitinqə gedənlərin çox olması göstərir ki, nələrsə yerində deyil, Vidadi İsayev vəzifəsi başında böyük xətalara yol verib, səhvlər buraxıb, fəaliyyətindən ciddi narazılıq var və buna görə əhaliçıxış yolu kimi mitinqlərə getməyi görür.

Müxalifətə elektorat qazandıran, sosial baza verən V.İsayevin ya siyasətdən anlayışı yoxdur, ya siyasi dünyagörüşü kifayət qədər aşağıdır, ya da arxayındır.

Bu arxayınlığın isə ötən dövrdə iri fiqurlara, yüksək ranqlı məmurlara nəyin bahasına başa gəldiyini unutmaq olmaz. O baxımdan V.İsayev ölçüb-biçməli, analiz etməlidir.

Söhbət Bərdədən mitinqə niyə çox adam getməsinin səbəblərini araşdırmaqdır. V.İsayev, Bərdə RİH-nin sosial-iqtisadi şöbəsi, ictimai-siyasi əlaqələr şöbəsi rayona çıxmalı, gəzməli, problemləri görməli, zamanında həll etməlidir.

Əks təqdirdə, gedişat pisə doğru inkişaf edə bilər, hansısa məkrli qüvvələr Bərdədəki vəziyyətdən sui-istifadə etməyə çalışar, narazılığı körükləyə, işsizlər ordusunu qızışdıra, ayağa qaldıra bilər, təşkilatlandırar. Bunun üçün Bərdədə gərginliyi azaltmaq lazımdır, əhali ilə işləmək vacibdir.

V.İsayev vaxtilə onun karyera yüksəlişində mühüm rolu olan “gözü çıxmış qardaşı” – Gəncənin sabiq meri Elmar Vəliyevdən dərs götürməlidir.

Necə ki, E.Vəliyev gəncəliləri saymadı, incitdi, narazılıq gündən-günə şişdi, nəhayət partladı və ötən ilin yayındakı xoşagəlməz hadisələrlə nəticələndi.

Azərbaycanı sevməyən qüvvələr var, xaricdə müəyyən dairələr iğtişaşların olması üçün dəridən-qabıqdan çıxır, hansı bölgədə şikayət çoxdursa, məmur özbaşınalığı həddini aşıbsa, ora xüsusi maya qoyur, hökumətlə xalqı qarşı-qarşıya qoymağa çalışırlar.

Belə olan halda Bərdə kimi strateji əhəmiyyətli bir rayonda həssas davranmaq, icra başçısı kimi üzərinə düşən öhədliyi yerinə yetirmək lazımdır. V.İsayev isə özündən çox narazıdır, bərdəliləri, köçkünləri vecinə almır. Bunun sonluğu yaxşı görünmür.

İlkin simptomları isə artıq yanvarın 19-da özünü göstərmiş oldu – xeyli sayda bərdəli mitinqə qoşuldu. Onlar qoşulmadı, üzləşdikləri haqsızlıq, problemlər, V.İsayevin fəaliyyəti, idarəçiliyi camaatı aksiyaya sürüklədi. Digər bölgələrdən də mitinqə gələnlər ola bilər, amma Bərdə qədər olmayıb.

Bu, V.İsayevin prezidentə xəyanətidir. Dövlət başçısının tapşırıqlarını yerinə yetirməməyin göstəricisidir. Prezidentə xəyanətdir ki, bir bölgəni hakimiyyətə qarşı çıxardıb.

REPORTYOR.info

Şərhlər

XƏBƏR LENTİ