SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto

Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto

Tarix:

18-04-2018, 09:19

/ 822 dəfə oxundu.
Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto

Beyləqan sakini Hacıyev Hüseynin rayonun veteranlar parkında yerləşən obyekti sökülüb

Bu barədə FİA.Az-ın əldə etdiyi xəbərə görə, icra başçısı Vaqif Abdullayevin göstərişi ilə obyekt traktorla uçurulub.

Buna obyekt sahibinin qardaşı olan Beyləqan Mil-Təcrübə sovxozunun direktoru İmamverdi Hacıyevlə rayon icra hakimi arasındakı rüşvət qalmaqalı səbəb olub.

V.Abdullayev sovxoz direktorundan istədiyi rüşvəti ala bilmədiyi üçün qəzəblənib və qardaşının iaşə obyektini dağıtdırıb.

Görünür, sovxoz rəisi vaxtı-vaxtında icra hakiminin hesabını çatdırmalı imiş. Ancaq bu dəfə ödəyə bilməyib və başçı heyfini qardaşının obyektindən çıxıb. Məhkəmə qərarı olmadan vətəndaşın mülkiyyəti yerlə-yeksan olunub.

Seçkidən sonra icra başçısının sahibkarın mülkiyyətini dağıtması prezidentin siyasətin birbaşa təxribatdır. Dövlət başçısı dəfələrlə bildirib ki, iş adamlarına şərait yaradın.

Sancaq özünü Beyləqanın ağası sayan V.Abdullayev qanunlara hörmət etmədən, məhkəmə qərarı olmadan iş adamının obyektini dağıtdırıb.

İcra hakimləri niyə prezidentin əmrlərinə əməl etmir? Nə üçün vətəndaşları, sahibkarları narazı salırlar?

Onun sovxoz rəisi ilə probleminin cəzasını niyə qardaşı çəkməlidir? Bu suallara cavab verilmir. Çünki məmurlar heç kəsi saymırlar.

Əldə etdiyimiz xəbərə görə, Beyləqanda məmur özbaşınalığı, vətəndaşları incitmək səviyyəsi əndazəni aşıb.

İcra başçısı, məmurlar insanları incidirlər, torpaqları satırlar, rayona baxmırlar, vətəndaşların şikayətlərini dinləmirlər.

Bundan əlavə, bir neçə gün əvvəl criminal.az yaymışdı ki, icra başçısı yerli sakini döyüb.

Sitat: “Dünən gecə birin yarısında icra başçısı Vaqif Abdullayev və rəis Fizuli Şıxəliyev iş yerimə gəldi.

İçəri girən kimi dəmir dirəkləri soruşdu. Dedim ki, şirkət aparıb və işçiniz Novruz müəllimə məlumat vermişəm.

Başladı mənim var-yoxumu, valideynlərimi, ölümü söyməyə. Söyə-söyə burnuma zərbə vurdu. Məni şillə-təpiyin altına saldı.

Rəisə dedi ki, bunu atın içəri yükləyin, tapançadan, narkotikdən qoyun cibinə getsin”- bu sözləri Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev tərəfindən döyüldüyünü deyən Rahil Əliyev bildirib.

R.Əliyev deyir ki, 2014-cü ildən Beyləqan şəhərindəki stadionda fəhlə işləyir. Oradakı çayxanada gündəlik qəpik-quruşla ailəsini dolandırır.

Hazırda stadion ərazisində idman kompleksi tikildiyindən onun fəaliyyəti dayanıb. Ona görə də hazırda kompleksin tikintisini aparan şirkətin gözətçisidir.

“Bir neçə gün əvvəl başçı gəlib stadionun bayraq dirəklərini mənə sökdürdü. Tapşırdı ki, 5 ədəd dirəyi inzibati binanın içərisinə yığım.

Lakin prezident seçikilərinə görə stadionda konsert keçirildiyindən başçı tapşırıq vermişdi ki, həmin dirəkləri tikinti materiallarının içərisinə daşıyım.

Mən də o deyəni etmişdim. Dünən axşamtərəfi işə gedəndə həmin dirəkləri yerində görmədim. Bələdiyyə sədri Novruz müəllimə zəng etdim.

O da xəbərsiz olduğunu dedi. Sonradan öyrəndim ki, tikintini aparan şirkət dəmirləri kamaza yükləyərək aparıb. Gecə icra başçısı rəislə gələn kimi məndən dirəkləri soruşdu. Ona xəbərsiz olduğumu dedim.

İşçisi Novruz müəllimə xəbər verdiyimi dedim. Bundan sonra başladı məni təhqir edib döyməyə. Məni vuranda qardaşım araya girdi, məni qucaqladı.

Başçı əlindəki telefonla qardaşımı vurmaq istədi. Qardaşım başını əydi, telefon yerə düşərək qırıq-qırıq oldu. Dedim ki burda prezidentimiz kompleks tikdirir, mən də burda gözətçiyəm, niyə məni bu hala salırsan?

Prezidenti də, naziri də təhqir etdi. İki gün əvvəl xəstə atamı aparıb prezidentimə səs verdirmişəm. Gözü görməyən atama demişəm ki buranı xətlə. İndi başçı mənim prezidentimi təhqir edir?

Bu kimdi axı? Nə olsun ki, icra başçısıdır... Niyə mənim şəxsiyyətimi, namusumu tapdalayır? Mənim 25 yaşlı şəhidimi niyə təhqir edir?''- R.Əliyev bildirdi.

R.Əliyevin sözlərinə görə, başçının əmri ilə qan içərisində onu və qardaşını şöbəyə gətiriblər. Orada sərxoşluq müayinəsindən keçirilib, qanından analiz götürmək istəyəndə isə etiraz edib.

Məsələ ilə bağlı rayon Polis Şöbəsinin rəisi Fizuli Şıxəliyev icra başçısının gözətçini döyməsini təkzib etsə də, dəmir boruların yoxa çıxdığını təsdiqlədi:

“Dəmir borular yoxa çıxmışdı. Sonradan məlum oldu ki, səhvən tikintini aparan şirkət götürüb. Dəmirləri də gətirib icra hakimiyyətinə təhvil verdilər. Döyülmə olmayıb”.

Fia.Az
Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto
Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto
Beyləqanda rüşvət qalmaqalı: icra başçısı məmurun obyektini sökdürdü - Foto

Şərhlər

XƏBƏR LENTİ