XalqXəbər.Az

www.XALQXEBER.az » Bölgə » Ağsudakı intihar ölkəni qarışdırdı: Səlim Müslümov, Baba Rzayev, Ağsunun başçısı hara baxırdı?

Ağsudakı intihar ölkəni qarışdırdı: Səlim Müslümov, Baba Rzayev, Ağsunun başçısı hara baxırdı?

Ağsudakı intihar ölkəni qarışdırdı: Səlim Müslümov, Baba Rzayev, Ağsunun başçısı hara baxırdı?
26-01-2018, 18:04

Başına daş düşüb Azərbaycanın…Belə xəbər olarmı? Belə laqeydlik olarmı? Hara baxırdı məmurlar? Niyə zamanında dəstək olmayıblar?
Nə üçün insanların həyatına son qoyan addımlar atırlar, intihara təhrik etməyə şərait yaradırlar? Suallar çoxdur, çoxdur, çoxdur…
Söhbət yanvarın 24-də Ağsunun İlxıçı kəndində 36 yaşlı Kərimova Səbirə Tehran qızının yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asaraq intihar etməsindən gedir.
Ölkəni silkələyən bu xəbər sosial şəbəkələrdə böyük etirazlara qarşılanıb. Çünki qadının intihar etməsinə səbəb nə ailədaxili şəxsi münaqişə olub, nə əri tərəfindən zorakılıq.
S.Kərimova məhz işıq pulu borcuna görə canına qəsd edib. Hadisə vaxtı evdə qadının azyaşlı qızı olub.
İlxıçı-Qaraqoyunlu kəndinin icra nümayəndəsi Azad İsgəndərov təsdiqləyib ki, Səbirənin intiharının səbəbi işıq puludur:
“Səbirə Kərimova ehtiyac səbəbindən özünü asıb. Kasıb bir ailədirlər, həyat yoldaşı Əfqan həmin vaxtı mal-heyvan otarmaqda olub. Bu ildən ailənin aldığı sosial yardım da kəsilib.
Qadın intihar etməmişdən bir az öncə anası ilə danışıb, həyatından bezdiyini deyib. Belə ki, bir neçə gün öncə işıq idarəsinin əməkdaşları 280 manat borca görə ailənin işığını kəsiblər.
Neçə gün idi ki, ailə işıqsız qalmışdı. Ailənin böyük uşağı Bakıda C.Naxçıvanski adına hərbi liseydə təhsil alır. Çox normal ailə kimi xarakterizə olunurlar”.
İlxıçı kənd icra nümayəndəsi bildirib ki, Səbirə kəndə Füzuli rayonundan gəlin köçüb:
“Ailə çox imkansızdır. Bir oğlu da tələbədir. Sayğacları işləmədiyinə görə, onlara “Azərişıq”dan 280 manat çərimə gəlib.
Sayğac da həyətdəki köhnə, istismar müddəti bitmiş işıq dirəyinin aşması səbəbindən işləmirmiş.
İdarənin əməkdaşları da buna görə onlara cərimə yazıblar. Səbirə cərimə çekini görəndə möhkəm əsəbləşib”.
Hazırda üç uşaq anası S.Kərimovanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Faktla bağlı Ağsu rayon Prokurorluğu tərəfindən cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.
Bu dəhşətli faciənin baş verməsində bilavasitə rolu olan məmurlar məsuliyyətə cəlb olunmalıdır.
Çünki ailə günlərlə işıqsız, zülmət içində yaşamasaydı, Səbirə itnihar etməzdi. Bəs kəndin icra nümayəndəsi ailənin səfalət içində yaşadığını bildiyi halda niyə heç bir köməklik etməyib?
Nə üçün Ağsunun icra başçısı Ənvər Seyidəliyev bu ailə ilə maraqlanmayıb? Onun Əmək və əhalinin sosial müdafiəsi naziri olan bacısı oğlu Səlim Müslümov hansı əsasla yoxsul ailənin müavinətini kəsib?
Niyə “Azərişıq” sədri Baba Rzayev və onun yerli idarəyə təyin etdiyi rəis kasıb ailəni işıqsız qoyub?
Olmazdı ki, ailəyə güzəşt olunsun? S.Müslümovun yerli şöbəyə təyin etdiyi rəis bu ailənin müavinətini kəsib kimə yedirib?
Nə vaxta qədər bu məmurlar insanların axırına çıxacaqlar? – əlbəttə bu suallara heç bir cavab verməyəcəklər.
Nə Ə.Seyidəliyev, nə S.Müslümov, nə də B.Rzayevin tükü tərpənəcək. Onların yaratdığı sistem, idarəçilik prinsipləri insanların faciələrinə yol açır.
Bu dərəcədə biganəlik, özbaşınalıq, qəddarlıq olmaz. Prezident həmişə bildirib ki, aztəminatlı, yoxsul ailələrə güzəşt olunmalıdır, onların kommunal borcları ödənməsində möhlət verilsin.
Ancaq harınlamış məmurlar həm ailənin işığını kəsir, həm də müavinətini. S.Müslümov isə bar-bar bağırır ki, biz şəffaf fəaliyyət göstəririk.
Budur sizin şəffaf ölümə səbəb olmağınız? B.Rzayevin işçilərin bu ailənin gününü görəndə hansı vicdanla işığı kəsiblər?
Ağsunun icra başçısı kabinetindən çıxıb bahalı avtomobilinə oturmamış ayağı yerə dəysəydi, o kəndə gedib ailənin dərd-sərinə şərik çıxsaydı, kəndin icra nümayəndəsi rayon rəhbərliyini agah eləsəydi Səbirə intihar etməzdi.
Bu özbaşınalıqdır, məmurların vətəndaşa “terroru”dur, bir ailənin həyatını məhv etməkdir.
280 manat icra başçısının bir yeyib-içmək məclisində verdiyi hesabdır. 280 manat S.Müslümovun, B.Rzayevin əynindəki kostyumun pulu deyil.
Bildirilir ki, 2018-ci ildə əməkqabiyyətli əhali üçün yaşayış minimumu 183 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib.
Yaşayış minimumuna kommunal guya xidmətlərə görə ödənişlər də daxildir.
Nazirlər Kabinetinin qərarına görə, 1 nəfərin minimum yaşayışını təmin etmək üçün ildə ən azı 50 kvt/s elektik enerjisi lazımdır.
Ana və 2 uşaq üçün bu norma ildə 150 kvt/s-dir, yəni 105 manat, aylıq minimum isə 8,75 manatdır.
Ancaq işıq pulu borcu 32 aylıq limitə bərabərdir. Təbii ki, 280 manat 32 aya yığılmayıb, ən çoxu 2-3 ayın borcudur.
Hökumətin əksər hesablamaları, xüsusilə də aztəminatlı təbəqə ilə bağlı hesablamaları belə savadsız və məntiqsizdir.
İntihara heç bir halda haqq qazandırmırıq, ancaq intihara həddinə çatdıran səbəblər mütləq araşdırılmalıdır.
İndi böyük bir təbəqə nəinki, normal yaşayış üçün zəruri olan vəsaiti, hətta acından ölməmək üçün hökumətin zəruri saydığı 183 manatı güclə tapır.
Konkret ailənin (ana və 2 uşaq) acından ölməməsi üçün ayda hətta hökumətin yanlış hesablarına uyğun məbləği 491 (ana 183, 2 uşaq 308 manat) manatı qazanmaq belə möcüzə sayılır, o ki qaldı 280 AZN işıq pulu borcunu ödəmək.
Xüsusilə o halda ki, qadın işləmirsə və ünvanlı sosial yardımın əhatə dairəsində deyilsə…
Bu xəbər bir neçə saytlarında dərc edilsə də, lakin qısa zamanda həmin yazı saytlardan yığışdırılıb.

RealMedia.az

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.